Nazirlikdən fəxri adlarla bağlı açıqlama – namizədlərin təqdimatında obyektivlik təmin olunmalıdır

1-12-2021, 07:12           
Nazirlikdən fəxri adlarla bağlı açıqlama –
Azərbaycana sovet dövründən miras qalan fəxri adların verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yeni meyarlar hazırlayır. Halbuki ənənənin tərəfdarları bunu sənətə verilən meyar kimi dəyərləndirsələr də, əleyhdarları fəxri adların sənətkarı siyasi hakimiyyətdən, dövlətdən asılı saxladığını söyləyərək ləğvini daha məqsədəuyğun hesab edirlər.

“Yaradıcı olmaq üçün bütün boyunduruqlardan azad olmalısan”

Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktrisası Aida Tağıyeva onun üçün fəxri adın heç bir əhəmiyyəti olmadığını deyir. O düşünür ki, vacib olan sənət naminə sənət yaratmaqdır.

“Eyni zamanda, sənət mənim üçün ruhumun azadlığını təmin edə biləcəyim vasitələrdən biridir. Hesab edirəm ki, hər hansı fəxri status insanın azadlığını əlindən alır. Bu adın qarşısında insanın boynuna məsuliyyət yükü qoyulur. Aktrisalıq nəyisə yaratmaqdır, yaradıcı olmaq üçün bütün boyunduruqlardan azad olmalısan”.

Gənc aktrisa fəxri adların sadəcə görüntüyə xidmət etdiyini düşünür və buna ehtiyacı olmadığını bildirir.

“Vacib hesab etdiyim məni başa düşən və afişalarda adımı görən tamaşaçıların teatra gəlməsidir. Bu, mənim üçün ən böyük fəxr və tituldur. Xalqın gözündə əvvəlcə bu adı qazanmaq lazımdır və bunun fonunda sənətkarlara statuslar verilməlidir. Amma yəqin ki, çox vaxt bu belə olmur”, - o əlavə edir.

Aida Tağıyeva səhnədə çıxış edərkən sənətçinin köməyinə heç bir titulun gəlmədiyini də vurğulayır.

Əməkdar artist Yaqut Abdullayeva isə hər kəsin layiqli qiymətini almalı olduğunu düşünür.

“Bu, dövlətin qayğısı, sənətə verilən dəyərdir. Bu çox gözəl ənənədir. Bu ənənə olmasa, bilinməz ki, kim nəyə layiqdir. Mən bunu çox yaxşı qiymətləndirirəm”,- əməkdar artist belə söyləyir.

20 fəxri ad mövcuddur

Azərbaycanda fəxri adların verilməsinə XX əsrin 20-30-cu illərindən, respublika Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra veriməyə başlanıb.

İndi ölkədə 20 fəxri ad mövcuddur. Azərbaycan Respublikasının fəxri adları — mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.

Xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdır.

Digər adlara görəsə ayda 100 manat təqaüd müəyyən edilib.

“Məsələn, “Oskar” mükafatı var...”

Deputat, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas belə mükafatların dünyanın müxtəlif ölkələrində müxtəlif şəkildə təqdim edildiyini bildirir.

“Məsələn, “Oscar” mükafatı, Rusiyada xalq artisti adı var. Fəxri ad insanların çəkdiyi zəhmətə görə verilən addır. Kim o zəhməti çəkibsə, dövlət üçün iş görübsə ona da fəxri ad verilməlidir. Mən buna pis baxmiram. Özüm də “Şöhrət”ordeni almışam, əməkdar jurnalist kimi qiymətləndirilmişəm”.

Deputat bəzən bu adların “lazımsız adamlara” da verildiyini deyir.

“Kimsə dörd mahnı oxuyub əməkdar ya da xalq artisti adı veriblər. Bu mənada meyarlar yəqin ki, tənzimlənməlidir”,- Aqil Abbas əlavə edir.

“Bu adlar SSRİ-nin ən şübhəli, ən qaranlıq vaxtlarında, kütləvi repressiya illərində ortaya çıxıb”

Bəstəkar Firudun Allahverdi isə fəxri adlara yaxşı baxmadığını deyir.

“Bu, bizim xalqın təcrübəsi əsasında yaranmayıb - bizdən xeyli şimalda, bizə heç bir aidiyyatı olmayan başqa məqsədlərlə yaradılıb və bütün sovet ölkələrinə tətbiq edilib. Bu adlar SSRİ-nin ən şübhəli, ən qaranlıq vaxtlarında, kütləvi repressiya illərində ortaya çıxıb. Ona görə də bu adlar bir çox insanlar üçün o illərlə assosiasiya olunur. Yəni yaxşı olar ki, fəxri adlar yerli-dibli ləğv olunsun”.

Bəstəkarın qənaətincə, dövlət "fəxri adlarsız mümkün deyil" deyirsə, o zaman yeni adlar yaratmalı və tamamilə yeni meyarlar müəyyən etməlidir.

“Sənətin isə meyarlarını tapmaq çətindir. Bu barədə yüz, bəlkə minillərdir ki, sənətkarlar, filosoflar müzakirələr edib, nəyi sənət adlandırmalı, nəyi adlandırmamalı kimi suallara cavablar axtarıb. Bu, dövrdən-dövrə, hətta kontekstdən-kontekstə görə dəyişən bir məhfumdur. Ona görə də daha konkret meyarlar tapılsa yaxşı olar”.

“Meyarlar təkmilləşdirilir”

Elə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də bir qədər öncə fəxri adların verilməsi ilə bağlı meyarların hazırlandığını və məsləhətləşmələr aparıldığını bildirib: "Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvaciblərinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin".

F.Allahverdisə nazirliyə təklif edir ki, sənət adamlarına beynəlxalq uğurlarına görə fəxri adlar verilsin: “Həmin beynəlxalq uğurlar qətiyyən xaricdəki azərbaycanlıların qarşısında konsert vermək kimi yozulmamalıdır. Daha konkret uğur meyarları müəyyən edilməlidir”.

Bəstəkarın ikinci təklifi fəxri adların dövlət büdcəsinə qatqısına uyğun verilməsi ilə bağlıdır.

“Bəlkə də bu qulağa sinik gələ, xoş gəlməyə bilər. Amma dünyanın inkişaf etmiş ölkələrində təxminən belə meyarlar götürülür. Buna ən yaxşı nümunə kimi Böyük Britaniyanı və məşhur “Beatles” qrupunu göstərmək istəyərdim. “Beatles” qrupuna ona görə dövlətin fəxri adları verilirdi ki, onlar Britaniya büdcəsinə böyük miqdarda gəlirlərin daxil olmasına səbəb olmuşdular. Qrup həm çox vergi verirdi, həm də Britaniya mədəniyyətinin dünyada ən böyük təbliğatçısı idi. Qrupun dağılmasının üstündən 50 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də onların yaradıcılığı Britaniya büdcəsinə xeyir verir. Təkcə onların yarandığı Liverpool şəhəri “Beatles” qrupuna görə hər il təxminən 80 milyon funt sterlinq qazanır. Yəni mənim təklifim budur ki, Azərbaycan mədəniyyətinin ölkə xaricində keyfiyyətli təbliği və dövlət büdcəsinə qatqısı nəzərə alınsın”.

Nazirlikdən cavab

“Toplum TV” Mədəniyyət Nazirliyinə fəxri adların tənzimlənməsində hansı yeni meyarların tətbiq ediləcəyi ilə bağlı informasiya sorğusu göndərib.

Qurumdan bildirilib ki, bu adlar Prezidentin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən verilir: “Mədəniyyətin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir.

Diqqətinizə çatdırırıq ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yeni qaydalar hazırlanır. Bununla əlaqədar Prezidentin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Fəxri adlar haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”.

O ki qaldı meyarlara, nazirliyin mətbuat xidməti hələ bununla bağlı nazirlikdən onlara da rəsmi açıqlama verilmədiyini bildirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.