Azadlıq gözəldir, amma... - Onlar "şamdan" oğurlamağa məcbur qalacaqlar

1-12-2021, 07:06           
Azadlıq gözəldir, amma... -
İşi, başının üstündə damı olmayan adam yenidən cinayət yoluna qayıdacaq

2021-ci il noyabrın 5-də Azərbaycan Milli Məclisi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qələbə Günü ilə əlaqədar Amnistiya Aktı qəbul edib. Amnistiya aktı 1500-ə yaxın məhbusu əhatə edib.

Böyük fransız yazıçısı Viktor Hüqonun 19-cu əsrin ortalarında yazdığı “Səfillər” əsəri Jan Valjan adlı keçmiş cinayətkarın həyatından bəhs edir. Jan Valjan kral amnistiyası ilə azadlığa buraxıldı. Nə pulu, nə də peşəsi olan Jan Valjan acından ölməmək üçün yerli yepiskopdan şamdanlar oğurlamağa məcbur oldu.

Bu gün Fransada keçmiş məhbusların adaptasiyası ilə həm dövlət strukturları, həm də dövlət tərəfindən dəstəklənən ictimai təşkilatlar məşğul olur. Peşə sahibi olan keçmiş məhkumlar işlə təmin olunurlar. Peşəsi olmayan məhkumlar peşə əldə etmək üçün xüsusi kurslara göndərilir, bundan sonra onlar da işlə təmin olunurlar. Keçmiş məhbusları işlə təmin edən şirkətlər dövlətdən vergi güzəştləri alır.

Azərbaycanda amnistiya ilə azadlığa çıxan məhbusların heç də hamısının işi və peşəsi yoxdur.

Keçmiş məhbusların işlə təmin olunması üçün Azərbaycan hökumətinin hansı tədbirləri gördüyünü öyrənmək qərarına gəldik.

Bu suala cavab almaq üçün amnistiyaya əsasən azadlığa çıxan Biləsuvar rayon sakini Rauf Şahbazova müraciət etdik. “Mən Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) maddəsi ilə məhkum olunmuşam. Həbsdən əvvəl heyvandarlıqla məşğul olmuşam. Mənim danamı oğrulamışdılar. Polis dananı axtarmırdı və mən müxtəlif orqanlara şikayət yazmağa başladım. Sonra mən və qardaşım Rəşad Şahbazov polisə müqavimətə görə məhkum olunduq. Mən cəzamı 5 saylı cəzaçəkmə müəssisəsində çəkirdim. Cəzaçəkmə müəssisəsində bizə heç bir peşə öyrədilməyib. İndi amnistiyaya düşmürəm. Qardaşım bir il əvvəl azadlığa çıxıb. Mən həbsdə olduğum müddətdə heyvandarlıq təsərrüfatım müflis oldu. Azadlığa çıxandan sonra mənə cəmi... 5 manat verdilər ki, evə çatım. İndi isə mənim nə evim, nə də peşəm var. Qardaşımın evində yaşayıram”, - deyə Rauf Şahbazov bildirib.

Azərbaycan Ədliyyə Nazirliyi yanında İctimai Komitəsinin üzvü, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov AYNA-ya bildirib ki, “Keçmiş Məhkumların Sosial Adaptasiyası haqqında” Qanuna əsasən, dövlət həbsdən azad edilənlərə hərtərəfli yardım göstərməyə borcludur. İşi və ya peşəsi olmayan keçmiş məhbuslar yerli məşğulluq idarəsi ilə əlaqə saxlamalıdırlar.

“Bu idarə onları işlə təmin etməlidir. Əgər keçmiş məhbusların peşəsi yoxdursa, bu idarə onları xüsusi kurslara göndərməlidir. Əgər heyvandarlıqla məşğul olublarsa, qurum onları mal-qara ilə təmin etməlidir”, - deyə Sahib Məmmədov söyləyib.

Rauf Şahbazovun 2020-ci ildə həbsdən çıxan qardaşı Rəşad Şahbazovun bizə verdiyi məlumata görə, o, artıq Biləsuvar rayon Məşğulluq Şöbəsinə müraciət edib.

“Dedilər ki, məni işlə təmin edə bilməzlər. Sonra mənə bir az mal-qara verməyi xahiş etdim ki, təsərrüfatla məşğul ola bilim. Bunu da vermədilər. Heç kim məni peşə hazırlığı kurslarına göndərməyi belə təklif etməyib. Şöbənin əməkdaşları vakant yer olan kimi mənimlə əlaqə saxlayacaqlarına söz verdilər. Amma indiyədək bizimlə əlaqə saxlayan olmayıb”, - deyə Rəşad Şahbazov bildirib.

Biləsuvar rayon Məşğulluq İdarəsi Rəşad Şahbazovun müraciətinə baxmaqdan niyə imtina edib? Cavab almaq üçün bu qurumla əlaqə saxladıq.

İdarənin əməkdaşı Səid Musayev müraciətimizə təəccübünü bildirdi. “Rəşad Şahbazov niyə AYNA-ya şikayət edir? Bir qayda olaraq, bizdən Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına şikayət edirlər”, - deyə Səid Musayev bizə bildirdi.

O qeyd edib ki, Rəşad Şahbazov yenidən şöbəyə müraciət edə bilər və ona mütləq köməklik edəcəklər.

Rəşad Şahbazovun bizə bildirdiyinə görə, əməkdaşlarına etibar etmədiyi üçün o daha Məşğulluq İdarəsinə müraciət etmək fikrində deyil.

Biz bir faktla bir keçmiş məhbusun timsalında telekanallarda “görülən işlərdən” qürurla raport verməyi sevən müvafiq strukturların açıqlamalarının dəyərinin nə olduğunu göstərdik. Təəssüf ki, Şahbazov qardaşları istisna nümunə deyil. Azərbaycanda da belələri çoxdur və ölkəmizdə əvvəllər məhkum olunmuşların işlə təmin olunması və ya onlara şərait yaradılması ilə bağlı konkret fakt böyük ehtimalla istisnadır. Müvafiq strukturlar, xüsusən də regionlarda işləyənlər bir şeyi başa düşməlidirlər - işi, başının üstündə damı olmayan adam yenidən cinayət yoluna qayıdacaq. Bu isə həm cəmiyyətə, həm də məhz bu məmurlara maaş verən dövlətə baha başa gəlir. Klassikləri oxumaq lazımdır...

Müəllif: Rəşad Rüstəmov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.