Elçin Quliyev niyə ictimai rəyi çaşdırır?

1-12-2021, 08:10           
Elçin Quliyev niyə ictimai rəyi çaşdırır?
O boyda böyük fəlakət baş verib, 14 yüksək rütbəli zabit həyatını itirib, 2 yaralımız var. DSX-nın rəisi Elçin Quliyev isə hadisə ilə bağlı verdiyi bir açıqlamada hətərən-pətərən danışaraq, ən azı 2 quş buraxır. Bir tərəfdən deyir ki, “helikopter demək olar ki, təzə idi”. Ardınca da onun yenicə təmirdən çıxdığını iddia edir. General-polkovnik olasan, amma təzə texnikanın təmirə ehtiyacı olmadığını bilməyəsən. Əgər həqiqətən helikopter təzə idi və təmirə ehtiyacı vardısa, deməli, nasazsızlığı “anadangəlmə” imiş. Adama deyərlər, ay filan müəllim, “anadangəlmə” nasaz helikopteri niyə alıb arsenalına qatır, sonra onda insan daşıyırsan?
Üstəlik, hələ istintaq araşdırması bitməmiş hadisənin baş vermə səbəbi barədə qəti hökm verir: “Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”.

İstintaqı siz aparmayıbsınızsa, bu qəti qərarı hardan çıxardırsınız, Elçin müəllim? Axı kənar müdaxilə təkcə o demək deyil ki, kimsə onu uzaqdan raketlə vura. Hər hansı REB dalğaları vasitəsilə də bu təxribatı törətmək mümkündür. Yaxud müasir texnologiyalar imkan verir ki, istehsalçı tərəf istənilən hərbi texnikanın fəaliyyətini dayandırsın və bu cür bədbəxt hadisələr baş versin. Elçin Quliyev isə sanki əsl cinayətkarın kimliyini gizlətmək üçün özünə aid olmayan açıqlamalarla ictimai rəyi çaşdırır.

Xeyir ola, məqsədiniz nədir bu cür ehtimalları indidən istisna etməkdə, cənab general-polkovnik? Ümumiyyətlə, bu qədər böyük həngamədən sonra siz niyə indiyədək o paqonları çiyninizdə gəzdirir, kreslonuzdan 4 əlli yapışırsınız? Zərrə qədər zabit vicdanı olan istənilən şəxs sizin yerinizə olsa, çoxdan istefa ərizəsini yazar və barəsində veriləcək məhkəmə qərarını gözləyərdi. Siz isə ictimai rəyi çaşdırmaqla məşğulsunuz. Türklər demişkən, haydı ordan!

Heydər Oğuz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.