“Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””

1-12-2021, 09:27           
“Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””
2016-cı ildə dövlətin güzəştli evlər vasitəsilə aztəminatlı ailələrin ev sahibi olacağını elan etməsi çoxlarını sevindirsə də, bir çox aztəminatlı ailələrin layihədən kənar qalması, evlərin satışında şəffaflığın olmaması, mənzillərin təyinatı üzrə istifadə edilməməsi kimi iddalar səslənməyə başladı.

Sosial şəbəkələrdə bu haqda yazanlarsa güzəşt sözünün ancaq layihənin adında olduğunu vurğulayırlar. Məsələn, Natıq Nuriyev adlı şəxs “Facebook”da yazır: “Azərbaycanda sosial evlər adına görə ehtiyacı olan, maddi imkanı az olub ev ala bilməyən adamlara uzun müddətli güzəştlərlə satılır. Bu binaların birinə təsadüfi gedişimdə gördüyümü deyim. Bəziləri evi alıb veriblər kirayə. Bu necə olur? Bunu aidiyyatı qurumlar görmürmü?”

Bu gün bəzi mütəxəssislər də layihənin özünü doğrultmadığı qənaətindədir. Onlardan biri də iqtisadçı Rəşad Həsənovdur. Onun sözlərinə görə, layihənin məqsədi dövlət vəsaiti hesabına aztəminatlı əhalinin daha əlverişli şərtlərlə mənzil şəraitini yaxşılaşdırmaq olsa da, təcrübə əksini göstərdi, güzəştli mənzillər həmin təbəqə üçün əlçatan deyil.

İqtisadçının fikrincə, layihə tam olaraq hədəfinə çatmayıb.

“Faktiki olaraq alıcıların strukturunu təhlili etmiş olsaq, bir sıra hallarda mənzil tələbatı olan deyil, əlavə mənzillərin və ya kommersiya məqsədi ilə mənzillərin alqı-satqısının gerçəkləşdiyini görərik”.

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb
O, məhdudlaşdırıcı çərçivələrin olmamasını da vurğulayır: “Xüsusilə mənzili olan insanların proqramdan istifadə imkanları var, bu nöqsanlı yanaşmadır. Daha yaxşı olar ki, mənzili olan şəxslər bu proqramdan istifadə edə bilməsin. Bu fırıldaqçılığa yol aça bilir”.


R.Həsənov gəliri nisbətən yuxarı olan əhalinin proqrama çıxışının məhdudlaşdırılmamasını da nöqsan hesab edir: “Düzdür, indi guya sosial qruplar üzrə proqramdan istifadə imkanı yaradılıb. Təəssüf ki, burada sosial qrupların gəlirlərinə görə qruplaşdırılması aparılmayıb. Məsələn, aylıq 5000 gəliri olan ailə də bu proqramdan istifadə edə bilər. Ona görə də, məhdud sayda olan mənzillərdən aztəminatlı aillələrin istifadəsi azalır. İnsanlar var ki, bu proqramdan istifadə edərək yeddinci, səkkizinci evini alır, onu kirayəyə verir, kirayədən aldığı vəsaitin bir qismini aylıq ödənişə yönəldir”.

R.Həsənov layihənin şərtlərinin təkmilləşdirilməsinin zəruri olduğunu düşünür.

Güzəştli evləri kimlər ala bilər?

Güzəştli mənzil almaq üçün iki kateqoriyada kriteriyalar müəyyənləşib.

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası:

-Şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər;

-ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;

-ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər;

-idman sahəsində xüsusi xidmətləri olan şəxslər.

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər kateqoriyası:

-Elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

-ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;

-ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;

-ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər;

-ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər aiddir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hesab edir ki, layihəyə müraciətin çoxluğu ona olan marağın həddən artıq yüksək olmasından xəbər verir.

“Qısa müddətdə Yasamalla yanaşı, Hövsan və digər istiqamətlərdə proqramların icrası da bunu deməyə əsas verir”.

MİDA tərəfindən bu günə qədər inşa edilən komplekslər aşağıdakılardır:

Yasamal Yaşayış Kompleksi - 29 bina, 1843 mənzil,

Hövsan Yaşayış Kompleksi - 11 bina, 2962 mənzil

Sumqayıt Yaşayış Kompleksi - 2 bina, 144 mənzil

Gəncə Yaşayış Kompleksi - 18 bina, 986 mənzil

Yeri gəlmişkən, Yasamal, Hövsan və Sumqayıtda yeni yaşayış komplekslərinin təhvil verilməsi nəzərdə tutulur.

MİDA-nın təklif etdiyi bir otaqlı mənzillərin qiyməti 29 min, iki otaqlıların qiyməti 47 min, üç otaqlıların qiyməti isə 65 min manatdan başlayır.

Elektron satış sistemi və şəffaflıq

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan sosial evlərin satışına ilk dəfə 2018-ci ilin mayında Yasamal Yaşayış Kompleksində start verilsə də, az sonra nəticələr ləğv edilmişdi. Həmin vaxt bir çoxları prosesdə şəffaflığın olmadığını, mənzillərin əvvəlcədən satılıb qurtardığını bəyan etmişdilər. Ancaq MİDA satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmaqda ciddi problemlər yarandığını açıqlamışdı.

Həmin il sentyabrın 5-nə təyin edilmiş təkrar satışda da ilk saatlarda problem yaranmışdı.

Bundan başqa, layihənin tikintisini icra edən şirkətlərin bəzi nümayəndələrinin həbsi xəbərləri də zaman-zaman gündəmdə olub.

Bütün bunlar da layihə ilə bağlı şübhələrə yol açıb. R.Osmanlı deyir ki, milyonlarla dövlət vəsaitinin cəlb olunduğu, dövlət resursları hesabına inşa olunan layihələrdə şəffaflığa mütləq fikir verilməlidir, belə layihələr hansısa insani və ya texniki qüsur olduqda neqativ təsirlərə məruz qalır.

“Yəqin ki, hələ uzun illər layihənin başlanması mərhələsində olan portalın çökməsi müzakirə mövzusu olacaq. Bu texniki xəta dövlət tərəfindən həyata keçirilən olduqca vacib layihənin şəffaflığı ilə bağlı ciddi suallar ortaya qoyur. Hesab edirəm ki, layihələrin icrası başlamazdan əvvəl bu cür texniki problemlərin yaranmaması üçün imkanlar səfərbər edilməlidir. Bəlkə də MİDA yeni qurum olduğuna və bu istiqamət üzrə səriştəsinin azlığına görə belə problemlər yarandı və hələ də müzakirə edilir”.

İqtisadçı Nazim Bəydəmirli sosial evlər layihəsinin dövlət hesabına gerçəkləşdirilən digər layihələr kimi büdcənin mənimsənilməsi üçün fürsətə çevrildiyini bildirir: “MİDA da başda olmaqla, digər bütün qurumlar “Satınalmalar haqqında” qanuna uyğun olaraq heç bir tender keçirmir. Podratçılar və sifarişçilər əvvəlcədən bəllidir və heç bir siyasətlə əlaqəsi yoxdur. Belə layihələr “piar” xarakterli layihələrdir və mənimsəmələr üçün şərait yaradır”.

Rəşad Həsənovsa satış mexanizmdə olan qüsurların əlçatanlığa ciddi maneələr törətdiyi qənaətindədir. O, satışın onlayn şəkildə aparılmasının ciddi nöqsanlar yaratdığını və artıq bunun müəyyən texniki bazarının da formalaşdığını deyir.

“İnsanlara müəyyən məbləğ qarşılığında bunu təklif edən qruplar var. Bunlar rəqəmsal bacarıqları güclü olan, müəyyən botlardan və proqramlardan istifadə etməklə daha sürətli əməliyyatlar həyata keçirə bilən şəxslər və ya qruplardır. Bu da özlüyündə mənzillərin əlçatanlığını aşağı salan mühüm faktordur. Təsəvvür edin, regionlarda internetin sürəti Bakı ilə müqayisədə eyni deyil, və ya aztəminatlı ailənin istifadə etdiyi ucuz internet paketi imkanlı ailənin internetindən daha zəifdir. Rəqəmsal bacarıqlar seçim zamanı da əsas parametrlərdəndir. Çünki siz mənzilləri nə qədər sürətli seçsəniz, ona sahib olmaq şansınız da bir o qədər artır”.

R.Həsənov növbəlilik, prioritetlik prinsipi nəzərə alınmaqla tikilən evlərin vətəndaşlara təqdim olunmasını daha məqsədəuyğun hesab edir.

Regionların iqtisadi potensialı aztəmiantlı ailələrin güzəştli evlər almasına imkan verirmi?

MİDA-nın növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində 188 mənzilin satışı bu il dekabrın 23-ə nəzərdə tutulur.

Ramil Osmanlı bəzi regionların iqtisadi potensialının güzəştli ev layihələrinin icrasına imkan verdiyini bildirir.

“Amma digər tərəfdən bu Gəncədə effektiv olduğu halda, məsələn, Sabiradda, Kürdəmirdə uğurlu ola bilərmi? İşsizlik səviyyəsi daha yuxarı olan bölgələrdə belə layihələrin təşkili nə dərəcədə uyğun olar? Məsələyə bu konteksdən yanaşanda regionlardakı vətəndaşların layihədən yararlanması qismən aşağıdır. Bu zaman bölgələrdəki əhalinin belə layihələrə marağını da monitorinq etmək məqsəduyğun olar”.

Sosial evlər layihəsi “azərbaycanlaşdırılıb”

Dünya təcrübəsinə görə, sosial mənzil aztəminatlı və ya xüsusi ehtiyacı olan insanlara münasib qiymətlərlə, təhlükəsiz əsaslarla verilən yaşayış sahəsidir. Sosial mənzil obyektləri adətən dövlətə, bələdiyyələrə və ya mənzil birlikləri kimi qeyri-kommersiya təşkilatlarına məxsus olur.

Finlandiya 2008-ci ildə “Əvvəlcə mənzil” siyasətini tətbiq edib. Bu kimi layihələr Niderland və Belçikada da uğurla həyata keçirilir.

Bəydəmirli “sosial evlər” anlayışının Azərbaycanda 2009-cu ildə qanunvericiliyə gəldiyini və özünün Milli Məclisdə o dönəm “Mənzil Məcəlləsinin” işçi qrupunun rəhbəri olduğunu deyir: “Sosial evlərin mahiyyəti bu idi ki, vətəndaş əgər normal şəraitdə mənzil əldə edə bilmirsə, dövlət, bələdiyyə mülkiyyətində olan torpaqlarda büdcə, bələdiyyə, və ya şirkətlər hesabına evlər tikilə bilər. Bunların heç vaxt özəlləşdirilməməsi, azacıq kommunal fərqləri və dövlətə ödənilən kirayə hesabına sosial ehtiyacı olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuşdu. Bu, bütün dünyada belədir. Almaniya, İngiltərədə vətəndaşların 30%-i belə evlərdə yaşayır”.

O, Azərbaycanda sosial evlərin “güzəştli evlər” adı ilə mülkiyyətə çevrilməsi və satılmasının düzgün olmadığını vurğulayır. “Bunlar sosial evlər anlayışından tamamilə fərqlidir və olduqca bahadır. Sosial evlər o demək deyil ki, özəlləşdirilsin, kommersiya məqsədi ilə satışa çıxarılsın. Sosial evlər anlayışı bizdə “azərbaycanlaşdırılıb”,- N.Bəydəmirli belə deyir.

Milli Məclisin deputatı Azər Badamov “ToplumTV”-yə açıqlamasında bildirib ki, MİDA-nın həyata keçirdiyi layihələr ehtiyacı olan insanların mənzil probleminin həllində böyük rol oynayır. Onun sözlərinə görə, vətəndaşlar onlayn şəkildə, insan təması olmadan növbə tutaraq dövlətin güzəştli şəkildə verdiyi evlərə sahib ola bilirlər. Deputat hesab edir ki, mənzillərin kredit şərtləri və aşağı qiymətlərlə verilməsi aztəminatlı insanların mənzilə əlçatanlığını təmin edir.

Azər Badamov düşünür ki, bölgələrdə güzəştli evlərin inşası üçün iqtisadi potensial var, bölgələrdə də buna ehtiyac var. “Gəncə və Sumqayıtdan başqa digər rayon və rayon tipli şəhər mərkəzlərində də bir və ya ikimərtəbəlinin yerinə çoxmənzilli binaların tikilməsinə ehtiyac var. Çünki bələdiyyələrdə fərdi evlərin tikilməsi üçün ayırmağa ehtiyat torpaq fondu qalmadığından vətəndaşların mənzilə ebtiyaclarını sosial evlər tikməklə ödəmək mümkündür. Ümumbazar qiymətləri ilə bağlı mənzil sahibi ola bilmədiklərindən insanlar problemlə üzləşirlər. MİDA-nın layihələri ev problemi ilə üzləşən insanların olduğu bütün rayonları əhatə etməlidir. Bu halda evə ehtiyacı olan insanların problemləri həll edilmiş olar”, - deputat qeyd edir.

Millət vəkili 2018-ci ildə evlərin satışı ilə bağlı sistemdə çökmələrin səbəbini belə bir sistemin yeni qurulması ilə izah edir. A.Badamov eyni zamanda həm MİDA-nın, həm də vətəndaşların bununla bağlı təcrübəsi olmadığını da vurğulayır: “Amma ötən illər ərzində MİDA da təcrübə toplayıb, vətəndaşlar da müraciət etmələrdə əvvəlki yalnışlığa yol vermir və bu imkandan doğru istifadə edə bilirlər. Satış üçün ən doğru yol da onlayn formada mənzillərin əldə edilməsidir. İnsan əlinin az olması şəffaflığın maksimum şəkildə təmin olunmasına gətirib çıxarır”.

"Toplum TV" MİDA-ya informasiya sorğusu göndərsə də, suallara cavab ala bilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.