Azərbaycana ət idxalı azalıb: -

1-12-2021, 19:57           
Azərbaycana ət idxalı azalıb: -
Azərbaycanda kənd təsərrüfatının inkişafı baxımından münbit şərait olsa da, bir çox sahələr kimi, bu sahə də idxaldan asılı vəziyyətdədir.

Yerli istehsal daxili tələbatı ödəmədiyi üçün ölkəyə hər il xaricdən iribuynuzlu mal-qara gətirilir. Bunu örüş sahələrinin, təbii biçənəyin azlığı və digər məsələlərlə əlaqələndirənlər var. Bu il isə keçən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı azalıb.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2021-ci ilin 10 ayı ərzində Azərbaycana 54 milyon 858 min dollar dəyərində 32 min 464 ton ət idxal edilib. 2020-ci ilin yanvar-oktyabr dövründə Azərbaycana 65 milyon 962 min dollar dəyərində 36 min 163 ton ət idxal edilmişdi. Qeyd edək ki, ət idxalı 2020-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə dəyər ifadəsində 11 milyon 104 min dollar və ya 16,8%, miqdar ifadəsində 3 min 700 ton və ya 10,2% azalıb.

Keçən il pandemiya səbəbindən karantin qaydalarının sərtləşməsi ilə toy və digər məclislərin keçirilməsi qadağan olunmuşdu. Bu da özlüyündə ət və ət məhsullarına tələbatı aşağı salmışdı.

Bəs indi keçən illə müqayisədə ət idxalının azalması nəyin hesabınadır? Yerli istehsal artıb, yoxsa səbəb başqadır? Bu azalma ətin qiymətinin bahalaşmasına səbəb ola bilərmi?

İqtisadçı-ekspert Akif Nəsirli mövzu ilə bağlı Cebhe.info-ya danışarkən yerli istehsalın idxalın azalmasına təsir edəcək qədər artmadığını vurğulayıb:

“Ət idxalı 2020-ci ildə də 2019-cu ilə nisbətən azalmışdı. Bu il də azalıb. Bu, əsasən onunla əlaqədardır ki, karantinin tətbiqi ilə ətə tələbat azaldı, əhalinin gəlirləri azaldığı üçün ət almaq imkanları da məhdudlaşdı. Azərbaycanda idxal ətdən daha çox dövlət müəssisələrində, hərbi hissələr, həbsxanalarda istifadə edilir. Ölkədə bazarda olan ətə tələbat azaldığına görə hökumət bazardakı əti həmin müəssisələrə yönəltdi”.

Ekspert bildirib ki, idxalın azalması ölkə daxilində ətə tələbatın azalması ilə bağlıdır:

“Hələlik Azərbaycan daxilində ət istehsalında irəliləyişlər nəzərə çarpmır. Ona görə də daxildə ətin istehsalının idxalı azaltmasından danışmaq tezdir. Biz arzulayardıq ki, yerli istehsalın artımı səbəbi idxalı azaltsın. Azərbaycan hökuməti də çalışmalıdır ki, yerli istehsal çoxalsın, idxal azalsın. Çox təəssüflər ki, bu istiqamətdə hansısa cəhd nəzərə çarpmır”.

Ekspert hesab edir ki, yerli istehsalı işğaldan azad olunmuş torpaqların hesabına artırmaq mümkündür:

“Bütün kənd təsərrüfatını pambıq istehsalına qurban vermişik. Bəlkə işğaldan azad olunmuş ərazilər hesabına heyvandarlığın inkişafına şərait yarana bilər. Çünki işğaldan azad edilmiş torpaqlarda, Laçın, Kəlbəcər, Qubadlı və digər rayonlarda əsas istiqamət heyvandarlıqdır. Həmin rayonlarda təhlükəsizlik təmin olunduqdan sonra onun təsirlərini hiss edə bilərik. Amma gedib orada da pambıq əksələr, heç bir istehsal artımı olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.