Prezidentə qulluq edənlər xalqa niyə quldurluq edirlər?

2-12-2021, 08:14           
Prezidentə qulluq edənlər xalqa niyə quldurluq edirlər?
44 günlük savaş bütöv xalqımıza QAZİ XALQ adını qazandırdı. Gözləmək olardı ki, ən azı, “qazi” deyiləndə məmur ordusu başını dik tutar, daha əvvəlki kimi başını aşağı salıb, rüşvətini dikəltməz, yuxarı qaldırmaz. Gözləntilərimiz özünü doğrultmadı, prezidentə qulluq edənlər xalqa quldurluqlarını sürdürməkdədirlər. Qazilərin, qazi xalqın nə siyasi, nə iqtisadi, nə sosial, nə yaşam hüquqları tanınır. İcra hakimiyyətləri maddi hüquqları zorakılıqla ələ keçirib, prosessual hüquqlara isə qadağa qoyub. Qazi (,) xalqı elə duruma salıblar ki, çıxış yolunu o dünyada axtarır.
Qarabağ qazisinin oğlu (Kərimov Elməddin Mehdi oğlu ) 5 ildir “sevgi mesajı”na görə əfv, amnistiya hüququ olmadan cəza çəkir. Nə prokurorluq, nə məhkəmə 16 yaşlı uşağın məktəb yoldaşı ilə mesajlaşmasında cinayət əməlinin olmamasına qərar verə bilməyib. Hökmü verən rüşvət və korrupsiyadır axı! Əlisultan Osmanovun 17.05.2017 tarixli hökmü elə verilib ki, 6 saylı cəzaçəkmə müəssisəsində də qazi, məcburi köçkün oğlunun “rahat” cəza çəkməsinə imkan verilməyib . Nə Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev, nə Bakı Apellyasiya Məhkəməsi , nə əfv komissiyası, nə amnistiya aktı cəzasının beşdən dördünü çəkən “mesaj” məhbusunun vaxtından 6 ay qabaq azadlığa çıxmasını mümkün sayıb. Zavallı ana neyləsin, ay prezident qulları, xalq quldurları?
Qarabağ qazisi Zaur Hüseynovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inzibati binasının qarşısında çörək, dərman obyekti çayxanasının əlindən alınmasına etiraz olaraq özünü yandırmasından 8 il keçir. Yenə də prezidentə qulluqdan milyonlar qazanan məmur-deputat xalqa quldurluğunu sürdürür. Məhkəmə, hüquq mühafizə orqanları işi qazinin qanı ilə bağladılar. Həmin vaxt Qarabağ qazisi Xaliq Abbaszadənin ona aid olmayan “əlil maşını”nı dayandığı yerdən arxadan vurub “metallomluq” edən 10-CK-200 nömrəli “Nissan”ın prezidentə qulluq, xalqa quldurluq edən məmurun “avtoşbala” oğlunu (Hüseynov Fərid Zakir oğlu) Suraxanı yol polisi (Tahir İsgəndərov) alkoqol testindən keçirməyi “məmur qul(dur)luğu” sədaqəti ilə “unudub” , amma olaya aidliyi olmayan qazinin içkili olmadığını testlə müəyyən etsə də, məhkəmə yolu ilə qazini inzibati xəta törətməkdə borclu çıxarıb! (?) Hələ də -8 ildir qaziyə qarşı icra, sığorta, məhkəmə, ədliyyə, hüquq quldurluğu sürür. Təsəvvür edin, Suraxanı məhkəməsinin keçmiş hakimi Ramil Həsənov Qarabağ qazisinə “hökmlə” özünü yandırmağı məsləhət görüb. Özü də, dələduz “Rəvan” sığorta şirkətindən aldığı rüşvət məsləhəti ilə! Qazilərin hüquq müdafiəçiliyinə təhkim edilən ƏƏSMN, milyonlarla ölçülən “məsləhət paketi” alır, di gəl, bəs – pəs etmir, hələ üstəlik düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan qazinin pensiyasını Suraxanı icra məmuru Vüsal Əliyevin “məsləhət məktubu” ilə kəsib hələ də bərpa etmir. Əksinə, Bakı İnzibati Məhkəməsinə “məsləhət” verib, hakimlərin (Nəriman Abıyev və b.) “daxili inamı”nı satın alır. Milyonlarla pul ödəyib “məsləhət” alıb, neyləsin, qazilərə, əlillərə qul(dur)luq “məsləhəti” verməsin? Bəs Qarabağ qazisinə nə məsləhət görürsünüz, neyləsin?
Bakı şəhər icra hakimiyyəti Bakı rayonlarının icra hakimiyyətlərinin yuxarı orqanı sayılır. Şəhərdə sərbəst toplaşmaq azadlığı hüququnun gerçəkləşməsi üçün Qarabağ qazilərinin BŞİH-ə müraciətləri indiyədək “məsləhətsiz” sayılır. Təsəvvür edin, Nizami RİH başçıları (Tahir Budaqov, Arif Qasımov) və məmur-qul(dur) qohumları (Tahir Budaqovun bacanağı Həsən Sadıxov MKTB-nin sədrliyindən indi icra nümayəndəliyinin başçısı postuna qoyulub, Arif Qasımovun qardaşı Vüqar Qasımov Xətai icra və probasiya şöbəsinin müdiridir və s.) Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli iki (!) məhkəmə qətnaməsi ilə Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı əvvəllər 25 saylı ll Nizami Dairə Seçki Komissiyasının yerləşdiyi otaqları məhkəmə qərarından 2 il sonra baş borclu ƏMDK-nın sədr müavini RafiqCəlilovun sədrin adından imzaladığı saxta şəhadətnamə ilə ələ keçirib, tələbkar qazinin əmlakından yararlanmasına imkan vermir. Qarabağ qazisinin otaqların qapısını
məhkəmə qərarı ilə açmasını isə BŞİH məsləhət görmür. Bu “məsləhətsizlik” qərarından şikayətə 2 günə baxılmalı olduğu halda, Bakı İnzibati Məhkəməsi 12 gündür baxmağı məsləhət bilmir. Xaricdə müalicəyə ehtiyacı olan, sosial-tibbi xidmətdən qərəzlə imtina edildiyindən, özünün olmayan hesabına getməyə məcbur olan qazinin sahibkarlıq, əmlak(icarəsi) hüququnu da icra qul(dur)ları mənimsəyibsə, qazi neyləməlidir? Prezidentə qulluq edənlər qaziyə quldurluq yolunu seçiblərsə, sosial-tibbi, siyasi -iqtisadi hüquq və azadlıqları Konstitusiyanın 71-ci maddəsinə qarşı çıxılaraq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının özləri pozursa, hansı yol qalır? Avropa İnsan Hüquqları Məhkəməsini məsləhət bilənlər də yanılırlar. Avropanın da “məsləhətlə” insan hüquqlarına susmasını bir qırağa qoyaq, heç məhkəmə hakimiyyəti qərarını verir ki, Avropaya şikayət edəsən? Prezidentin keçmiş – indiki qullarının xalqa quldurluq siyasəti qazi xalqı ölümə sürükləyir .
Prezident kimin yanındadır, 1 nömrəli xidmətçisi olduğunu vurğuladığı xalqın, yoxsa ona qulluq edən xalq quldurlarının? Yaşaya bilsək, bilərik…

Məğrur Bədəlsoy

P. S. Xətai məhkəməsinin 150 ay qabaq 2 qətnamə ilə Qarabağ qazisinə verdiyi Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı otaqları zəbt edənlər, deyəsən, elə “yekəpər “xalq quldurlarıdır” ki, bir ayda 2 dəfə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətti şikayəti qeydə alsa da, hələ də quldurlar otaqları boşaltmayıb. Görünür, prezidentin birbaşa qulluğundadırlar…
GÜNDƏMXƏBƏR.AZ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.