“Məmurlar gəlir və əmlakını asanlıqla gizlədə bilir” - FAKT BUDUR!

8-12-2021, 16:21           
“Məmurlar gəlir və əmlakını asanlıqla gizlədə bilir” - FAKT BUDUR!
ABŞ tarixində ilk dəfə korrupsiyaya qarşı strategiya qəbul edilib.

Ağ Evin yaydığı məlumata əsasən, Prezident Baydenin verdiyi müvafiq göstərişə uyğun olaraq qəbul edilən sənəddə bütövlükdə milli mənafeyə təhdid olaraq qəbul edilən korrupsiyanın beynəlxalq ölçülərinə də qarşı tədbirlərə xüsusi diqqət yetirilir.

Sənəddə ABŞ hökumətinin korrupsiyaya qarşı mübarizə addımları beş istiqamət üzrə təsnif olunur. Bunlar modernləşdirmə, əlaqələndirmə, mənbə təminatı, qanunsuz maliyyənin kanallarını kəsmək, korrupsiya aktorlarını məsuliyyətə cəlb etmək, çoxtərəfli anti-korrupsiya sistemini mühafizə edərək gücləndirmək, diplomatik əlaqələri və xarici yardım imkanlarını səfərbər etməkdən ibarətdir. Həmçinin Milli Təhlükəsizlik Şurasının məsələyə dair açıqlamasında qeyd olunur ki, korrupsiya təhlükəsinin beynəlxalq miqyasına qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetirildiyi yeni strategiyada həm də korrupsiya fəaliyyətindən əldə edilən vəsaitləri gizləmək və leqallaşdırmaq üçün yerli və xarici maliyyə sistemlərindən istifadə hallarının qarşısını almaq barədə ətraflı şəkildə bəhs olunur. Xatırladaq ki, iyunun 3-də Prezident Bayden korrupsiyaya qarşı mübarizənin ABŞ-ın milli təhlükəsizlik məsələsi olduğunu açıqlamış və geniş, əhatəli strategiya hazırlamaq barədə göstəriş vermişdi.

Qeyd edək ki, ötən dövrdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılsa da, bu gün ölkədə korrupsiyanın tamamilə aradan qaldırıldığını demək olmaz. Çünki son vaxtlar bir sıra sahələrdə aşkarlanan faktlar, yerli icra hakimiyyətlərinin, bəzi xəstəxana rəhbərlərinin və digər vəzifəli şəxslərin həbsi hələ də bu istiqamətdə nöqsanların tam olaraq aradan qaldırılmadığını göstərir.

Bütün bunlar qanunvericiliyin işlək olmaması,yoxsa bu istiqamətdə zəif fəaliyyətin nəticəsidir?

Sabiq deputat, iqtisadçı-ekspert Nazim Bəydəmirli Cebhe.info-ya bildirib ki, ümumiyyətlə, oturuşmuş, hakimiyyət bölgüləri normal olan ölkələrdə korrupsiya ilə bağlı uzunmüddətli strategiyaya ehtiyac olmur:

“Çünki qanunla hər bir məmur cəmiyyətə vaxtında əmlak və gəlir deklarasiyasını təqdim etməlidir. Eyni zamanda, KİV və QHT-lər məmurların fəaliyyətləri üzərində çox ciddi ictimai nəzarət həyata keçirirlər. Korrupsiya əslində vəzifə cinayətləridir və Azərbaycanda korrupsiyanı yaradan xırda rüşvətxorluq deyil. Çox təəssüf edirəm ki, 10 illərdir ki, korrupsiyaya qarşı qanunvericilik fəaliyyətsizdir.Uzun müddət Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya vardı. Prezident Administrasiyasının rəhbəri həmin komissiyanın sədri idi. Gəlir və əmlak deklarasiyası verəcək şəxslərin müəyyən olunması ilə bağlı bir neçə qanun qəbul olundu. O şəxslər heç vaxt cəmiyyətə gəlirlərini və əmlaklarını açıqlamayıblar. Sadəcə görüntü xarakterli addımlar atılıb. Eyni zamanda, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi var. Ancaq təkcə bələdiyyə sədrlərinin, müəllimlərin, direktorların, “JEK” müdirlərinin tutulması ilə bağlı cəmiyyətə hesabat verilir”.

Sabiq nazir Səlim Müslümov, MTN, rabitə sahəsindəki həbslər, icra başçılarının saxlanılması, 100 milyonlarla dövlət vəsaitini mənimsənilməsi hallarını xatırladan həmsöhbətimiz bildirib ki, strategiyanın qəbulu ancaq işlək mexanizm olduqda faydalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.