Bakıda keçiriləcək ADEX-2022 sərgisinin başlanmasına cəmi 10 ay qalıb, ancaq... - Hərbi ekspert

9-12-2021, 07:18           
Bakıda keçiriləcək ADEX-2022 sərgisinin başlanmasına cəmi 10 ay qalıb, ancaq... -
Azərbaycan 21-ci əsrin yeganə qalib ölkəsi kimi nəhəng silah bazarından haqq etdiyi payını əldə etməlidir...

İxracın illər üzrə həcmi və dəyəri barədə ümumi məlumatlar ictimaiyyətə çatdırılmalıdır...

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılmasının nəzərdə tutulmasına dair məlumatı ilə 11 oktyabr saat 17 radələrində Xəzər Tv-nin efirində eyni qurumun rəsmisinin səsləndirdiyi 22 yeni silah, texnika və avadanlığın hazırlanması barədə verdiyi məlumat arasında ciddi fərq mövcuddur. Sevindirici haldır ki, iki ay ərzində Müdafiə Sənayesi Nazirliyi silah və texnika yaradılması potensialını 3 dəfə artırıb. Real görünməsə də rəqəmlər bunu təsdiq edir.

Məlumatda təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil veriləcəyi bildirilib, lakin hansı silahların hazırlanması və nə zaman çatdırılacağı barədə məlumat mövcud deyil. Təcrübi-konstruktor işləri silahın yaradılmasında ilkin addımdır. Bundan sonra layihələndirmə, prototip istehsalı, müxtəlif rejimlərdə uzunmüddətli sınaqlar, çatışmazlıqların aradan qaldırılması, son versiyanın istehsalı, müştərilərə (sifarişçiyə) təklif edilməsi, qoşun sınaqları, sifarişçi ilə müqavilə və seriya istehsalının başlanması üzrə fəaliyyətlər həyata keçiriləcək. Yalnız bu proseslərdən sonra yeni məhsulun çatdırılmasından danışmaq mümkündür.

Məlumatda ötən illərdə 156 adda məmulat yaradılması (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilməsi ilə onlar ilə Silahlı Qüvvələrin təchiz edildiyi də məlum olub. Bu məlumatdan belə məlum olur ki, MSN yaradılandan bu günə qədər təxminən hər il 10 adda yeni məmulat yaratmaqla bərabər, 60 məmulatın mənimsənilməsini həyata keçirib. Bunlar kifayət qədər ciddi rəqəmlərdir, odur ki, artıq aidiyyəti qurumlar yerli silahlarla təchizat faizini açıqlaya bilərlər. Azərbaycanın müdafiə sənayesi PUA-ların, zirehli vasitələrin, aviasiya bombalarının, minaatanların, avtomatik topların, atıcı silahların və sursatların istehsalında ciddi potensiala malikdir. Mütəmadi olaraq yeni silahların yaradılması, sınaqları, orduya çatdırılması, yeni ixrac müqavilələri barədə məlumatlar ictimaiyyət və bu sahə ilə maraqlanan mütəxəssislər üçün böyük əhəmiyyətə malikdir. Təvazökarlıqdan uzaq da olsa bildirim ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan bütün silah, sursat və texnikalar barədə, istehsalçısından açılı olmayaraq, imkanlarım daxilində araşdırmışam və onlar barədə məlumatları oxuculara təqdim etmişəm. Yerli istehsal olan məhsullara isə xüsusi olaraq diqqət yetirmişəm. Bütün bunlara baxmayaraq bir dəfə olsun nəinki sərgilərə, yeni silahların sınaqlarına və ya təqdimatına bir dəfə də olsun dəvət almamışam. Göndərdiyim sorğunu MSN-də oxusalar da, cavab yazmayıblar və artıq sorğu göndərməkdən əl çəkmişəm. Baş verənlərin səbəbini hələ də anlaya bilmirəm, amma bütün baş verənlərə baxmayaraq mən fəaliyyətimə əvvəlki tempdə davam etdirirəm.

Azərbaycan vətəndaşı olaraq hesab edirəm ki, 15 il ərzində fəaliyyət göstərən Müdafiə Sənaye Nazirliyi Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qələbəsini təmin edən müasir sursatların ehtiyatını bərpa etmək istiqamətində fəaliyyətlərini daha geniş şəkildə işıqlandırmalıdır. Hər il heç olmasa bir dəfə yeni məhsulların kataloqunu, imkanlar daxilində ixrac olunan silahların adı, sayı və sifarişçisi barədə məlumatları dərc etməlidir. Sifarişçi haqqında bəzən məlumatın dərc olunması mümkün olmasa, heç olmasa ixracın iilər üzrə həcmi və dəyəri barədə ümumi məlumatları ictimaiyyətə çatdırılmalıdır.

Keçən ilin müdafiə sənaye bazarının həcmi 531 milyard dollar olduğunu nəzərə alsaq, Azərbaycan da 21-ci əsrin yeganə qalib ölkəsi kimi nəhəng silah bazarından haqq etdiyi payını əldə etməlidir. Əgər biz müasir silahlarımızın ixracı üçün münbit şərait yaratmaq istəyiriksə, ilk növbədə bu məmulatlardan Silahlı Qüvvələrimizdə istifadə etməliyik, mütəxəssislərin onlarla tanış olması üçün imkan yaratmalıyıq. Mütəxəssislər isə bu barədə müxtəlif analizlər və məlumatlar hazırlamalı, onların digərlərindən üstün cəhətlərini geniş audiotoriyaya çatdırmalıdırlar.

Digər bir vacib məsələ yerli və beynəlxalq müdafiə sərgilərində silah bazarının tələbatına uyğun müasir silahların təqdimatından ibarətdir. 2018-ci ildən sonra bu məsələdə bir qədər passivlik müşahidə olunur. Bunu pandemiya və müharibə ilə əlaqələndirənlər də var. Müdafiə sənayesinin inkişafına real döyüş əməliyyatlarında əldə olunan təcrübə qədər təkan verə biləcək ikinci bir faktor mövcud deyil. Şanlı Qələbəmiz və 30 illik döyüş təcrübəmiz mövcuddur, Vətən Müharibəsində istifadə olunan silahların səmərəliliyi barədə qiymətli məlumatlara malikik, sərf etdiyimiz və bərpası zəruri olan məmulatların nomenklaturası bəllidir, silah bazarının da tələbatı kimsə üçün sirr deyil. Belə olan halda müdafiə sənayemiz texniki imkanlarını yeni məmulatların istehsalına, onların həm Silahlı Qüvvələrimizə, həm də tərəfdaşlarımıza ixracına yönəltməsi məqsədəuyğundur. Bakıda keçiriləcək ADEX-2022 sərgisinin başlanmasına cəmi 10 ay qalıb. Bu sərgidə son 4 ildə Azərbaycan müəssisələrində hazırlanan yerli və müasir məmulatları görmək arzusu ilə,

Ədalət Verdiyev, hərbi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.