Tarixi Gəncə zibil altında basdırılır! Nizami ilində şairin doğma yurdu belə məhv edilir

10-12-2021, 07:43           
Tarixi Gəncə zibil altında basdırılır!
Gəncənin mərkəzindən uzaqlaşdıqca, mənzərə dəyişir: küçələr bəzəyini itirir, binalar bozlaşır. Görünməmiş şey deyil – əksər yaşayış məntəqələri belədir. Görünməmiş cinayət isə ölkənin ən böyük şəhərlərindən birinin mərkəzindən cəmi beş-altı kilometr aralıda, çay sahilində baş verir: orada bağışlanılmaz günaha bərabər laqeydliklə tariximizi məhv edirlər – qədim Gəncə qalasının qalıqlarını zibil altında basdırırlar! Yüzilliklərlə yadellilərin axıradək görə bilmədikləri işi həmvətənlərimiz özləri başa çatdırırlar.

Gəncəyə dahi Nizaminin 880 illiyinə həsr olunmuş kitab sərgisinə getmişdik. Xeyli tədbir, görüş planlaşdırılmışdı. Burada hamının hörmətlə yad etdiyi Tofiq Bağırovun oğlu, əslən gəncəli dostumuz Yüksəl isə bizi dartıb şəhər zibilxanasına aparmağa çalışırdı. Həvəs göstərən çox deyildi. Axı inanmaq çətin idi ki, bu zibilxana və “Azərbaycanın tarixi incisi” adlandırılan Nizami yurdu – Qədim Gəncə arxeoloji kompleksi, onun dediyi kimi, eyni yerdir.

Gördüklərimizi sözlə ifadə etmək mümkün deyil. Sizi də bu acı həqiqətə yalnız şəkil və videotəsvirlərin dili ilə inandıra bilərik.

Qədim Gəncə ərazisində tədqiqat işləri 1890-cı illərdən başlanıb, 1930-cu illərdə qazıntı işləri aparılıb, 1988-ci ildə isə buranın toxunulmazlığının təmin olunması, fərdi simasının saxlanması və bərpası məqsədilə Qoruq yaradılıb. Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 136 və 420 saylı qərarları böyük missiyaya malik elmi-tədqiqat müəssisəsinin əsasını qoyub. Ona ştat, texnika, vəsait ayrılıb.



Arxeoloq İ.P.Şeblıkinin “Nizami epoxasının Azərbaycan memarlıq abidələri” kitabında (1943) Qədim Gəncənin sxematik planı. Şeblıkin həm də rəssam olub: həmin ərazidə XII əsr qala divarlarının qalıqlarının rəsmini çəkib.

Müstəqillik illərində Qədim Gəncə Qoruğuna birbaşa aidiyyətı olan yeni qanunlar, proqramlar qəbul edilib, Prezident və Nazirlər Kabineti səviyyəsində əlavə sənədlər imzalanıb. Yəni, bura indi də xüsusi mühafizə altında olan sahədir. Onun ərazisində elmi, tarixi, bədii, mədəni əhəmiyyət kəsb edən bütün abidələr dövlət tərəfindən qorunur. Amma necə?

...Ağır yük maşınları, bir tərəfdən, çay qırağından çınqıl daşıyır. Arxeoloqların fırça ilə işləməli olduğu yerlərdə ekskavator guruldayır.



O biri tərəfdən, maşınlar yeni Gəncənin məişət tullantıları, torpaq və lazımsız tikinti materialları ilə sahil yamaclarını doldurur.




Nəhəng zibilxana artıq qədim qala divarlarına, bugünədək daşqınlara davam gətirmiş sahil bəndlərinə dirənib.



Amma bəzi yerlərdə onları da altda qoyub, keçmişin mədəni laylarının üstündən müasir “qeyri-mədəni təbəqə” yaradıb.



Minillik kərpic qırıqları şəhərdən daşınan tikinti materiallarının tullantılarına qarışıb.



Adda-budda salamat qalmış qala divarı, körpü tağı, sahil səddi fraqmentləri nəinki bərpa, heç konservasiya olunmayıb. Çayın o tay – bu tayında yaşayanlar onların içindən (!) cığır açırlar.



2020-ci ilin mayında Livejournal-da bu yerləri fantastik filmlərdəki “Stalker zonası”na bənzədiblər. Çünki reallıqda sivil millətlərin öz tarixinə belə münasibətini görməyiblər.




Adətən, gözdən iraq yerdə bir naqisliklə üzləşəndə, insanlar ümidlərini ona bağlayırlar ki, hökumətin xəbəri yoxdur: bilsə, əncam çəkər. Təəssüf ki, Gəncədə buna da ümid azdır. Yerli hökumətin sayıq nümayəndəsi – ərazinin sahə müvəkkili hər şeyi nəzarət altında saxlayır. Çay qırağında qabağımıza çıxmış çoban elə ondan şikayətlənirdi: “Həftə səkkiz – mən doqquz gəlib otardığım qoyunlara sənəd istəyir. Bilirəm, qarnının ağrısı nədir. Düz prezidentə yazacam: Qoruğu su yoluna döndərmiş yük maşınlarını saymır, mənim quzularımı sayır”.

Ancaq tarixi abidələrin xilası üçün həyəcan siqnalı çalmağa heç sahə müvəkkili gərək deyil. Gəncə ziyalılarından ibarət İctimai İştirakçılıq Məclisi payızda burada monitorinq keçirib, nəticələrə dair hesabat hazırlayıb, video çəkilişlər aparıb. Məclis üzvləri, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və “Maarif evi”nin həmtəsisçisi İmamverdi Vəliyev monitorinqin təşkilatçılarından olublar:
Müəllif: Arif Əliyev
pessklub.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.