İntizam Komissiyasının sədr müavini: "Səfər Mehdiyev bütün deputatları nəzərdə tutmayıb"

12-12-2021, 15:34           
İntizam Komissiyasının sədr müavini:
İntizam Komissiyasının sədr müavini: "Səfər Mehdiyev bütün deputatları nəzərdə tutmayıb"

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deputatların xaricdən məhsul gətirib satdığını deyib. Komitə sədri bu fikirləri malların rüsumsuz idxal limitinin 1000 dollardan 300 dollara endirilməsi, bununla bağlı ictimaiyyətdə yaranan narazılıq və deputatların həmin dəyişikliyin əleyhinə çıxması haqda danışarkən səsləndirib.

DGK sədri qeyd edib ki, deputatlar özləri qanunsuz bizneslə məşğul olduqları üçün bu dəyişikliyə etirazlarını bildiriblər.

Məsələ haqqında Modern.az-a danışan Ana Vətən Partiyasının (AVP) rəhbəri və Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı isə Səfər Mehdiyevin bütün deputatları nəzərdə tutmadığını söyləyib. Deputat bu məqamla bağlı komitə sədrini zərrə qədər günahlandırmadığını da əlavə edib:

"Çünki Səfər Mehdiyev Gömrük Komitəsinin sədri kimi bu və ya digər çətinliklər, gömrük işinin fəaliyyətinə maneə olan məqamların üzərinə getməkdə haqlıdır. Bəllidir ki, bütün sahələrdə olduğu kimi gömrük sistemində də islahatlar aparılır, şəffaflıq təmin olunur.

Azərbaycan qanunları çərçivəsində, hüquqi cəhətdən düzgün fəaliyyət göstərənlər üçün heç bir məhdudiyyət yoxdur. Lakin qanundakı boşluqlardan istifadə edən, səlahiyyətini aşaraq, xaricdən Azərbaycana, yaxud Azərbaycandan xaricə gömrük rüsumlarından xaric mal idxal və ixrac edənlər olub. Qanunun boşluğundan istifadə edib, hansısa deputat bu işi görübsə, utandırıcı hadisədir. Mən arzulayardım ki, məhz bu əməli törədən deputatların adını çəkərdi. Yəqin ki, etik məqamlara söykənərək, komitə sədri ad çəkməyib.

Ancaq düşünürəm ki, həmin deputatlar araşdırılmalı, adları çəkilməlidir. Bu ittihamlar ümumilikdə Milli Məclis üzvlərinin hamısına aid edilə bilməz. Məncə, Səfər Mehdiyev də bütün deputatları hədəfə almayıb. Bu məqama aydınlıq gətirilməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.