«Ehtimal qiymət, iddiaçı sayı ləğv edilsin» - dövlət tenderləri ilə bağlı - YENİ TƏKLİFLƏR VERİLDİ
13-12-2021, 11:16

Azərbaycanda dövlət tenderlərində satınalmalarında şəffaflığıvə çevikliyi artırmaq üçün bu sahədə yeniliklər edilməsi təklif edilib.
FED.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən xarici şirkətlər dövlət satınalmalarında indiyədək mövcud olan bəzi tələblərin aradan qaldırılmasını istəyiblər. Bununla bağlı xarici iş adamlarının təkliflərində bildirilir ki, kommersiya fəaliyyəti ilə məşğul olan dövlət şirkətləri üçün dövlət satınalmaları qanunvericiliyində iddiaçıların minimal sayı, tender prosedurlarının aparılması müddətləri, tətbiq olunan satınalma metodunun ehtimal olunan qiymətə əsasən müəyyənləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndəsinin tender komissiyasında iştirakı kimi məhdudiyyətlər aradan qalxmalıdır.
«Həmin təşkilatlar qeyd olunan müddəaları öz daxili qaydaları ilə tənzimləyə bilərlər. Bu zaman qeyd olunan təşkilatlar ümumi dövlət satınalmaları qanunvericiliyi çərçivəsindən kənara çıxmamaq şərti ilə öz daxili qaydalarına uyğun olaraq satınalma fəaliyyətini aparacaqdır. Şəffaflığın təmin edilməsi üçün bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır. Bu da özlüyündə bütün dövlət təsisatları tərəfindən qanunvericiliyin tətbiq edilməsinə nail olmaqla yanaşı, onlara nəzarətin düzgün aparılması təmin edəcəkdir»-deyə təkliflərdə bildirilir.