Gəncədə vandalizm

15-12-2021, 07:09           
Gəncədə vandalizm
Qarabağda ermənilərin dağıtdığı abidələrə göz yaşı tökürük, özümüz isə...

Qarabağda ermənilərin dağıtdığı abidələrə göz yaşı tökürük, dünyanı bu vandalizmə şahid çağırırıq, özümüz isə Qədim Gəncənin orta əsrlərə aid unikal tarixi abidəsini torpaq altında basdırırıq! Biz yazdıq, göstərdik (“Tarixi Gəncə zibil altında basdırılır”), mediamız, sosial şəbəkələr dəstək oldu, cavabdeh orqanlardan səs çıxmadı. Erməni mediası yazanda əl-ayağa düşərlər!

2020-ci il oktyabrın 4-də, Gəncə ağır artilleriya atəşinə tutulan zaman bir tarixi abidəyə də (inv. 3838) ziyan dəymişdi. Mədəniyyət Nazirliyi dərhal reaksiya vermişdi. O vaxt nazirliyin yaydığı məlumatı dərc edirik. Oxuyun və sonra altındakı təzə çəkilmiş videosüjetlərə baxın:

“…Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş “Köhnə Gəncə” (orta əsrlər), ölkə əhəmiyyətli memarlıq abidələri olan İmamzadə kompleksi (XVII—XIX əsrlər), Uğurlu xan və Şah Abbas karvansaraları (XVII-XVIII əsrlər), Gəncə çayının sahilində yerləşən Gəncə qalası və qala divarları (XV—XVI əsrlər) şəhərin zəngin mədəni irsindən xəbər verir…

2020-ci ilin 23 sentyabrında Gəncə şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə (UNESCO Global Network of Learning Cities) üzv seçilib.

Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfindən növbəti dəfə mülki əhali və obyektlərin, tarixi abidələrin hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən… “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası,.. “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycan, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirmişdir… “.
pessklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.