“Bir çox məktəb direktorunun hansısa məmura bağlılığı olur” - REAKSİYA

15-12-2021, 19:44           
“Bir çox məktəb direktorunun hansısa məmura bağlılığı olur” - REAKSİYA
Məktəb direktorunun vəzifəsi "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə etməkdir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlamalıdır. Müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparmalı, daxili qiymətləndirməni həyata keçirməli və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirməlidir. Direktor olmaq üçün Ali pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil, azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staj, təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom ( sertifikat) olmalıdır.

Məktəb direktorları barəsində kifayət qədər mənfi xəbərlərlə qarşılaşırıq. Hətta şahidi oluruq. Bir çox insan təhsil aldıqları məktəblərdə direktor özbaşınalığından danışa bilər. Direktorların adı ən çox korrupsiyada hallanır. Bu məqamda “Artıq tamah baş yarar” deyimi yerinə düşür. Yəni bəzi direktorların artıq tamahı başlarını yarır. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində acgözlülülüyün bəlasına düşürlər.
Məsələn, elə bu günlərdə 189-190 tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısı yayılıb. Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Teref.az xəbər verir ki, məktəb direktorlarının yol verdiyi qanunsuzluqlar barədə “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi məmurların gizli dəstəyi direktorların özbaşınalığına səbəb olur:

“Qanunvericiliyə görə məktəb direktorlarının şagirdlərdən, müəllimlərdən və digər işçilərdən pul yığması yolverilməzdir. Belə hallar korrupsiya faktıdır. Həmin şəxs haqqında cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar verilməlidir. Demək olar ki, bir çox təhsil müəssisəsində korrupsiya hallarına yol verən direktorlar hələ də var.

Müvafiq orqanlar korrupsionerlərin həbs olunmağı ilə bağlı qərar verməyi bacarmalıdırlar. Əlavə olaraq, bir çox məktəb direktorunun hansısa məmura bağlılığı olur. Yüksək vəzifə tutan şəxslərin vasitəsilə rüşvətxor direktorların həbs olunmağına süni maneələr yaranır. Həmin şəxs sadəcə tənbeh edilir, sonra da məsələnin üzərindən keçilir.

Məktəb direktorlarının işə qəbulu zamanı yoxlama aparılmalıdır. Pedaqoji faəliyyəti zamanı korrupsiya halına yol verib-vermədiyi yoxlanılmalıdır. Kiminsə tapşırığı ilə məktəb direktoru olanlar nöqsanlara yol verirlər. Hüquq-mühafizə orqanları bu məsələni tam yoxlamalıdırlar və belə direktorların arxasında dayanan məmurları tapıb çıxarmalıdırlar. Hüquq-mühafizə orqanları bu sahə üzrə səmərəli şəkildə işləyirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.