Azərbaycana lombardlar lazımdırmı?..

16-12-2021, 11:56           
Azərbaycana lombardlar lazımdırmı?..
Əli Əlirzayev: “Bu gün lombard fəaliyyəti sahəsində tam özbaşınalıqdır”

Lombardlar vətəndaşlara müəyyən girov qarşılığında kreditlər verən kommersiya təşkilatlarıdır. Bu təşkilatların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali arasında kredit əldə etmək üçün lombardlara üz tutanların sayı kifayət qədərdir.

Qeyd edək ki, bu gün lombardların fəaliyyətini tənzimləyən xüsusi bir qanun yoxdur. Mağazaların fəaliyyəti necə adi qaydada və xüsusi öhdəlik, lisenziya olmadan tənzimlənirsə, lombardlarda da o cür olur. Ümumiyyətlə, bu qurumların fəaliyyəti tənzimlənmir. Əsas problem qanunvericilikdən qaynaqlandığına görə də bu qurumlarla bağlı banklar və sığorta şirkətlərinə olduğu kimi xüsusi tələblər yoxdur və bu qurumların fəaliyyəti lisenziyalaşdırılmır. Lisenziyalaşdırma olmadığına görə nəzarət də yoxdur. Nəzarəti lisenziyanı verən qurum həyata keçirir. Ona görə də bu qurumlar ərzaq mağazalarının fəaliyyətinə bənzər fəaliyyət göstərirlər.

Qeyd etdiyimiz kimi, lombardların fəaliyyəti ilə bağlı qanun yoxdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu günlərdə deyib ki, Milli Məclis “Lombardlar haqqında” qanun layihəsini növbəti ildə qəbul edəcək: “Qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır”.

Qeyd edək ki, ölkədə uzun müddətdir lombardlar fəaliyyət göstərsə də, bəzən onları qeyri-qanuni fəaliyyət sahəsi də hesab edirlər. Eyni zamanda, “Lombardlar haqqında” Qanun artıq 3 ildən artıqdır müzakirə edilsə də, qəbulu cari ildə də reallaşmadı və növbəti ilə qaldı. Bəzi ekspertlər lombardların fəaliyyətində qanunsuzluqların çox olduğunu və “Lombardlar haqqında” Qanunun bu sahəni tənzimləməsi üçün vacib olduğunu bildirsə də, bu sahənin əhali üçün banklardan daha əlçatan olduğunu deyənlər də var.

Maraqlıdır, lombardların fəaliyyətinə ehtiyac varmı və bu sahədə yeni qanun layihəsi ilə lombardların fəaliyyətində hansısa dəyişiklik müşahidə olunacaqmı?

“Lombardların fəaliyyətinin genişlənməsini uyğun hesab etmirəm, bu hal onların təyin etdiyi faiz dərəcəsinin artmasına səbəb ola bilər”

Iqtisadçı ekspert Əli Əlirzayev bildirdi ki, bu gün lombard fəaliyyəti sahəsində tam özbaşınalıqdır. Yəni kim istəyirsə lombard aça bilir: “Əhaliyə kredit verir, girov kimi qızıllarını götürür, hətta bəzən qızıllarını götürüb qaçır. Ümumiyyətlə, bu sahədə qanunsuzluq çoxdur. Hər bir halda bu fəaliyyət tənzimlənməli, nəzarət olunmalıdır. Ümumiyyətlə, Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur”.

Iqtisadçı hesab edir ki, banklarda vəsaiti aşağı faizlə götürürlər, ancaq lombardlarda faiz yuxarıdır. Lombarddan vəsait götürdükdən sonra elə faiz dərəcəsi olur ki, onu ödəmək imkanı olmur, qızıl onlara qalır. Ümumiyyətlə, onların fəaliyyətinin genişlənməsini uyğun hesab etmirəm.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.