Bakıda dayanacağı söküb yerini 5000 manata satıblar? (İDDİA)

16-12-2021, 11:26           
Bakıda dayanacağı söküb yerini 5000 manata satıblar? (İDDİA)
Yeni Günəşli qəsəbəsi, V massivi, Samir Cəfərov küçəsindəki avtobus dayanacağı sökülüb, yerində isə yenisi tikilməyib. Sakinlər yağışlı, küləkli havalarda daldalanmağa yer tapmırlar.

Bu barədə Qaynarinfo-ya qəsəbə sakinləri məlumat verib. Onların iddiasına görə, avtobus dayanacağı məmur tamahkarlığının güdazına gedib. Belə ki, həmin dayanacağın arxa tərəfində fərdi evlər və torpaq sahələri var. 80-ci illərdən qalma bu daş tikili isə həmin həyətlərdən birinə aparan yolu "kəsirmiş”. Ona görə də Suraxanı rayon rəhbərliyinin göstərişi ilə sökülüb. İddialara görə, dayanacağın bir neçə kvadratmetrlik sahəsi həyətinə aparan yolu genişləndirmək istəyən "nüfuzlu sifarişçiyə” inanılmaz qiymətə - 5000 manata satılıb. Sakinlər əlavə edir ki, dayanacaq bir aydan çoxdur sökülüb, ondan üç-dörd metr aralıda yeni dayanacaq yaradılıb. "Yaradılıb” deyəndə ki, asfalta bir neçə sarı xətt çəkilib, vəssalam. Sakinlər soyuq, yağışlı havalarda daldalanmağa yer tapmırlar. Halbuki köhnəsi sökülməzdən əvvəl yenisi yaradılmalı idi.

"Digər tərəfdən, dayanacağın yerinin sürüşdürülüb bir neçə metr sağa-sola çəkilməsində məntiq tapmaq mümkün deyil. Əgər onun yeri satılmayıbsa, yerini dəyişməkdə nə məna var?”, - deyə sakinlər sual edir.

Qaynarinfo-nun əməkdaşı Yeni Günəşli sakinlərinin bu iddiası ilə bağlı həmin ünvana baş çəkib. Oradakı dayanacaq doğrudan da sökülüb, ondan bir neçə metr aralıda açıq havada yenisi "yaradılıb” - asfalta bir neçə sarı cızıq çəkməklə. Sökülən tikili doğrudan da fərdi ev tikintisi üçün nəzərdə tutulmuş həyətlərdən birinə aparan yolun "üstündə” imiş... Bütün bunlar doğrudur. Bunları dəqiqləşdirmək elə də çətin deyil. Yalnız dayanacağın yerinin 5000 manata satılması barədə deyilənlərdə həqiqət payının nə qədər olduğunu söyləmək çətindir. Söz yox ki, bu torpaq sahəsinin kiməsə elə-belə, müftə-müsəlləm pay verildiyinə inanmaq da çətindir. İstənilən halda bir sakinin həyətinin yol problemi çözülmüş kimi görünür. Amma əvəzində yüzlərlə sakinin həyatı daha bir problemin ağırlığı altında qalır - dayanacaq probleminin...”

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən məsələnin qurumla hər hansı bir əlaqəsi olmadğını deyib:

"Qeyd edilən iddia ilə bağlı hər hansı bir fikir söyləyə bilmərəm. Çünki bu bizə aid olmayan bir məsələdir. Amma məlumat üçün bildirim ki, orda Bakı Nəqliyyat Agentliyinə aid olmayan köhnə daşdan tikilən dayanacaq pavilyonu var idi. Onun söküntüsü də BNA tərəfindən aparılmayıb. Hazırda orada pavilyon qoyulması üçün heç bir uyğun şərait yoxdur. Müvafiq icra qurumları ilk növbədə uyğun şərait yaratmalıdırlar ki, biz tərəfdən də pavilyon quraşdırılsın”.

Bahar Rüstəmli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.