Rəşad İsmayılov sələfi Fazil Ələkbərovun ölənlərinə necə rəhmət oxutdurur? - Naxçıvan polisinin müavinətləri kəsildi

16-12-2021, 11:29           
Rəşad İsmayılov sələfi Fazil Ələkbərovun ölənlərinə necə rəhmət oxutdurur? -
Naxçıvan polisləri Fazil Ələkbərovun xiffətini çəkirlər

Naxçıvan Daxili İşlər nazirini əvəz edən Rəşad İsmayılovun ilk addımı sıravi polis əməkaşlarının müavinətini kəsmək olub.

Ovqat.com-a bu barədə məlumat Naxçıvan MR DİN-dəki mənbələrdən verilib.

Mənbəmizin bildirdiyinə görə, Naxçıvan polislərinə ödənən əlavə müavinətlər onların dolanışığında mühüm rol oynayırmış. Çünki Muxtar Respublikada günahsız vətəndaşlardan alınan rüşvətlər heç bir zaman sıravi polis əməkdaşlarının cibinə getməyib. Ötən ilədək rüşvəti ancaq yuxarı zümrəli polis məmurları yığırmış. 2020-ci ildə Babək rayon polis idarəsində bir vətəndaşın özünü yandırmasından və bu bu hadisənin Ovqat.com-da işıqlandırılmasından sonra Muxtar Respublika Ali Məclisindən gələn göstərişə əsasən bu yığıma da son qoyulub. Dolayısıyla Naxçıvan polisinin ümidini bağladığı yeganə gəlir qaynağı maaş və müavinətlər imiş. İndi nazirlik eşqinə düşən Rəşad İsmayılovun müavinətləri kəsməsi polis əməkdaşlarını tamamilə çarəsiz vəziyyətdə qoyub. Təsəvvür edin, vəziyyət o həddə çatıb ki, hazırda Naxçıvan polisi “gedər-gəlməz məzuniyyəti”nə göndərilən nazir Fazil Ələkbərovun xiffətini çəkməyə başlayıb.

Naxçıvan polis orqanlarından redaksiyamıza göndərilən məktubu olduğu kimi dərc edirik.

“Naxçıvan DİN sistemində 2 təbəqə var - yuxarı və aşağı təbəqə. Yuxarı təbəqəyə nazir nazir müavini, idarə, şöbə və bölmə rəisləri, aşağı təbəqəyə isə zabitli və serjantlı yerdə qalan bütün əməkdaşlar daxildir.

Naxçıvan DİN sistemində aşağı təbəqənin bir sözlə işçi heyətin gözünün tikəcəyi yeganə gəlir mənbəyi maaşdır. Maaşdan əlavə qazanc yeri yoxdur. Fazil Ələkbərovun səhvləri olsa da, adamın müsbət cəhətləri də var idi. Fazil Ələkbərov nazir işlədiyi 4 ildə heç vaxt işçinin cibinə girmədi. Naxçıvanda polislərə aylıq maaşdan əlavə ildə 3 dəfə (Yeni il, Novruz bayramı və Polis Günü) oklad maaşları miqdarında mükafat da verilirdi. Reallığı desək, Yeni il və Novruz bayramında polis əməkdaşının gözünü dikəcəyi həmin 400-450 manat miqdarında olan mükafatlardır. Fazil Ələkbərov gedən kimi bu müavinətlər də kəsilib.

Mənbəmizin iddiasına inansaq, bunun əsas təşkilatçısı Rəşad İsmayılovdur: “Adam cinayətkarlıqla mübarizə aparmaq əvəzinə sosial durumu aşağı səviyyədə olan polis əməkdaşının vəziyyətini dahada çətinləşdirməklə məşğuldur. Əlavə olaraq məzuniyyətə çıxanda verilən 13-cü və 14-cü maaşlardan 1-nin, həmçinin ildə bir dəfə verilən xəstəlik pulu dediyimiz müavinətin kəsilməsi haqqında da əmr verib”.

“Rəşad İsmayılov bizim yaşadığımız çətinliyi anlaya bilməz”

Məumatda nazir əvəzinin polis əməkdaşlarına hörmətsiz münasibətinin səbəbi onun həmin struktura yad birisi olması ilə əlaqələndirilir:

“Rəşad İsmayılov heç vaxt polis əməkdaşının yaşadığı çətinliyi başa düşə bilməz. Çünki bunu başa düşmək üçün polis orqanlarına qəlbən bağlı olmalısan. Rəşad İsmayılov indiyə qədər prokurorluq orqanlarında işləyib və əmək haqqısı 3500 manatdan yüksək olub. Ona görə də o heç vaxt anlaya bilməz ki, polis əməkdaşı aldığı 500-600 manat pul ilə ailəsini necə dolandırır.

Maddi çətinlik çəkən polis əməkdaşı heç vaxt işini düzgün yerinə yetirə bilməz. Çünki Naxçıvanda polis əməkdaşı səhər 09:00-dan gecə 00:00-dək işdə olur. Günün 15 saatını işləyən polisin əlavə işlə məşğul olmağa vaxtı yoxdur. Evdə isə çörək gözləyən var. Buna görə də polis əməkdaşı bəzən kiminsə cibinə girməyə məcbur olur. Sosial durumun aşağı olduğu yerdə görülən işin keyfiyyəti yuxarı ola bilməz.

Polis əməkdaşı haqlı olaraq sual verir: axı FHN, Prokurorluq, İcra hakimiyyəti və s. başqa orqanların əməkdaşları Yeni il ərəfəsi bu müavinəti alır, axı biz niyə almırıq? Axı Yeni il axşamı hər kəs, Rəşad İsmayılov da daxil olmaqla, evində ailəsi ilə birlikdə süfrəsinin başında olanda o soyuqda küçələrdə ailəsindən uzaq xidmət aparan polis əməkdaşıdır”.

İddiaya görə, Naxçıvanda əlavə olaraq polis sahə inspektorlarına və əməliyyat işçilərinə yanacaq pulu verilmir: “Axı necə olur, Azərbaycanın digər regionalrında çalışan əməkdaşlar aylıq 240 manat miqdarında yanacaq pulu aldığı halda Naxçıvanda bu da verilmir? Naxçıvanda yanacaq pulu yalnız polis orqanlarının rəis və rəis müavinlərinə verilir. Axı 630 manat alan sahə inspektoru o maaşın 250 manatdan artığını niyə yanacağa verməlidir?”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.