Keçmiş nazirdən ABB rəhbərliyi ilə Sahil Babayevə İSTEFA TƏLƏBİ: “Bir təqaüdçünün saatyarım gözlədilməsi...” – ETİRAZ

17-12-2021, 18:54           
Keçmiş nazirdən ABB rəhbərliyi ilə Sahil Babayevə İSTEFA TƏLƏBİ:
“Çox təəccüblüdür, mən belə növbəni sovet pulları dəyişəndə də görməmişəm”.

Yenicag.az xəbər verir ki, keçmiş maliyyə naziri, professor Saleh Məmmədov rəqəmsal texnologiyaların mövcud inkişafı şəraitində Beynəlxalq Bankın (ABB) öz müştərilərini, xüsusilə, təqaüdçüləri saatlarla gözlətməsini tənqid edib.

Keçmiş nazir ABB-də müştərilərin uzun müddət gözlədilməsini biabırçılıq adlandırıb:

“Bu gün çox sadə bir iş üçün Beynəlxalq Bankın Nəsimi filialına yola düşdüm. Mən adətən “Kapital Bank”la işləyirəm və bütövlükdə məmnunam. Bu banka getməyim isə məcburiyyətdən oldu, pensiya kartını almalı idim. Bu sahənin inhisarı isə adəti üzrə Beynəlxalq Banka verilib. Burada nə tender olub, nə müsabiqə. Nazirliklə kimin əlaqələri uyğundursa, onlar da işi alır.

Banka daxil olan kimi vəziyyət, qaydalar haqda soruşdum. Cavab konkret oldu ki, problem yoxdur, amma bir az gözləməli olacaqsınız. Fikirləşdim ki, 10-15 dəqiqəyə həll olunar. “Yox, ən azı saat yarım çəkəcək”, – dedi.

Dedim, ay xanım, bayırda 21-ci əsrin 21-ci ilidir, rəqəmsal dövrdə yaşayırıq. Böyük bir növbə göstərdi, dedi, soruşa bilərsiz, hamısı belə gözləyir. Yaşlı, xəstə, qoca insanlar başları ilə təsdiqlədilər.

Çox təəccüblüdür, mən belə xidməti, belə növbəni sovet pulları dəyişəndə də görməmişəm. Bu nə biabırçılıqdır. Texnologiyanın, reqəmsallaşmanın bu qədər inkisafi şəraitində təqaüdçülar buraya niyə gəlməlidir, niyə bu qədər gözləməlidir?

Beynəlxalq Bankın rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nə düşünür, bu nə biabırçılıqdır? Bir ara bu bankın (ABB nəzərdə tutulur – red.) Müşahidə Şurasına rəhbərlik etmişəm, normal xidmət, normal iş var idi. İndi nə oldu?

Mənim fikrimcə, bütün təqaüdçülərin deyil, yalnız bir təqaüdçünün belə saat yarım gözlədilməsi bütün rəhbər tərkibin istefası ilə nəticələnməlidir – həm ABB-nin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin…”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.