AZAL “bazarda” hegemonluq edir: "Dur" deyiləcək? - TOTAL NARAZILIQ

17-12-2021, 19:46           
AZAL “bazarda” hegemonluq edir: "Dur" deyiləcək? - TOTAL NARAZILIQ
"Hotellərin və aviaşirkətlərin qiymət siyasəti kommersiya komponentidir və dövlət tərəfindən idarə olunmur".

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, hazırda qarşıda gələn Yeni il bayramını nəzərə alaraq, aviaşirkətlər biletlərin qiymətini artırıb, bu da onların çəkdikləri xərclərin qarşılanması ilə izah olunur.

"Lakin vəziyyət yaxşılaşdıqca qiymətlər yenidən enəcək. Ümumilikdə, təkcə Azərbaycanda deyil, əksər Avropa ölkələrində uçuşların sayı təxminən 30% azalıb. Pandemiya zamanı hotellər də xeyli zərər çəkib. Bəli, qeyd etmək lazımdır ki, bu il vəziyyət nisbətən yaxşılaşır, lakin postpandemiya dövrü təxminən il yarım davam edəcək. Ümid edirik, 2023-cü ildə təkcə Azərbaycanda deyil, bütün dünyada turizm sektoru 2019-cu ilin səviyyəsinə qayıdacaq", - deyə Florian Zenqstşmid qeyd edib.

Büro rəhbəri onu əlavə edib ki, pandemiya səbəbindən insanlar getdikcə daha çox daxili turizmə müraciət edir, lakin vəziyyət getdikcə yaxşılaşır.

"Turizm agentlərinin və mehmanxanaların rəylərinə əsasən, bu il tələbin artımı baxımından müsbət tendensiyalar görürük. Təbii ki, bəzi bazarlar bizim üçün hələ də bağlıdır. Avropalılar da çox səyahət etmir. İndi bizim üçün əsas istiqamətlər Rusiya, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanıdır ki, bu ölkələrdən Azərbaycana səyahət edirlər. İnanırıq ki, gələn il müsbət tendensiya müşahidə olunacaq və 2023-cü ilin sonunadək vəziyyət normallaşacaq", - deyə Florian Zenqstşmid əlavə edib.

Bir çox ölkələrdə Yeni il bayramını qeyd etmək üçün vətəndaşlar müxtəlif ölkələrə səfər edirlər. Eləcə də qış turizmi, turist səfərlərinin artmasında mühüm rol oynayır. Lakin hazırda Azərbaycanda təyyarə biletlərinin qiyməti turist səfərləri ilə bağlı məhdudiyyətlər yaradır.

Ölkədə təyyarə biletlərinin qiymətinin artması yalnız Yeni il bayramı ərəfəsindəmi özünü göstərir və mövcud problemi necə həll etmək olar?

DİA.AZ-ın məlumatına görə, millət vəkili Razi Nurullayev bidlirdi ki, AZAL-ın qiymətlərinin baha olmasını düzgün saymırıq:

“Hesab edirəm ki, AZAL-ın qiymətləri xeyli aşağı salınmalıdır ki, insanların cibinə uyğun olsun. Çünki AZAL bu sahədə monopolistdir. Qonşu ölkələrdə çox ucuz qiymətə, məsələn, Gürcüstandan 50 avroya Avropaya səfər etmək olur. Təbii ki, belə olduğu təqdirdə Azərbaycan vətəndaşları baha olduğu üçün AZAL-ın xidmətlərindən istifadə edə bilmir.

Qiymətlərin aşağı düşməsinə ciddi ehtiyac var. Hətta AZAL-ın özünün yaratdığı aşağı büdcəli hava şirkəti “Buta Airways” də qiymətlərin 20-30 faizi ucuz olsa da, digərləri yenə də baha qiymətədir. İnsanların tələbatının 1 faizini ödəmir. Ona görə də AZAL-ın mövcud qiymətləri aşağı olmalıdır.

Ölkə başçısının da sərəncamı olub ki, AZAL Azərbaycan İnvestisiya Holdinqinə verilib. Müşahidə şurası yaradılıb və düşünürəm ki, bununla bağlı qərar qəbul edib Azərbaycan vətəndaşlarına da ucuz biletlə başqa ölkələrə səyahət etmək imkanı yaradılmalıdır”.

Millət vəkili deyir ki, bir çox ölkələrdən turist kimi Azərbaycana gəlmək istəyirlər: “Ancaq turist hesablayır ki, AZAL-la Azərbaycana gəlmək, oteldə qalmaq ona baha başa gəlir. Ona görə də Türkiyəyə, Gürcüstana, Ermənistana gedir, Azərbaycana gəlmir. Çünki onun bizim təyyarəyə çəkəcəyi xərcə, bizim qonşu ölkələrdə həm bilet, həm otel, həm də yemək-içmək daxildir”.

Millət vəkili Aqil Abbas isə bildirdi ki, təyyarə biletlərinin qiymətinin bahalığının qarşısını almaq mümkün deyil:

“Hər kəs evində otursun, heç yerə təyyarə ilə səyahət etməsin. Pulunuzu niyə çölə tökürsüz. Bunun qarşısını hələ ki, heç kim ala bilmir.

Turizm kimə lazımdı?

Daxili turizmdən yararlansınlar.

Turizmdən xeyir görmək istəyirlərsə, qiymətlər aşağı endirilməlidir. Bunu da heç kim endirən deyil. Ona görə də bizə turist lazım deyil. Qiymətləri qaldırsınlar, turist də gəlməsin. Hazırda 7 gün Antalyaya səfər təxminən 339 dollardı, oraya getsinlər. Yaxud Bodruma, Quşadasına getsinlər. Bizim dövlət turizmdən gəlir əldə etmək istəmir. İstəsəydilər başqa nəsə fikirləşərdilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.