İstehlak kreditləri sürətlə artır, istehsala qoyulan kredit azalır – Səbəb nədir?

18-12-2021, 07:01           
İstehlak kreditləri sürətlə artır, istehsala qoyulan kredit azalır –
“Son 10 ayda istehlak kreditlərinin sürətlə artması əvvəlki, sərt karantin dövründə yaşanan qeyri-müəyənlikdən qaynaqlanır”.
Bunu açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov son on ayda istehlak kreditlərinin sürətlə artması, əvəzində sənaye və istehsal sahəsinə qoyulan kredit həcminin azalması səbəblərindən danışarkən deyib:
“Banklar pandemiya ilə bağlı sərt karantin qaydalarının mövcud olduğu müddətdə bir qayda olaraq vətəndaşlara kredit verməni məhdudlaşdırmışdı. Bu da prosesin qeyri-müəyyən olması ilə bağlı idi. İnsanların çoxu karantin dövründə evlərində qalaraq işlərindən məhrum olmuşdu. Bəzilərinin də maaşı azalmışdı. Yəni istehlak kreditlərinin keçən ilin müvafiq dövrü ilə müqayisədə son 10 ayda sürətlə artmasını məhz əvvəl mövcud olan sərt karatin dövrü konteksində baxmalıyıq. Pandemiyadan öncəki illərlə müqayisə etdikdə isə görərik ki, istehlak kreditlərinin artım faizi elə də çox deyil. Yalnız keçən illə müqayisədə bu rəqəm kəskin artıb”.
Həmsöhbətimiz biznes kreditləşməsinin azalmasını isə iqtisadi inkişafda müşahidə edilən problemlərlə əlaqələndirir:
“Bu fonda görünən odur ki, biznes kreditləşməsinin azalması daha çox təhlükəlidir. Bu isə o deməkdir ki, ölkənin iqtisadi inkişafında ciddi problemlər var. 3 il bundan əvvəl hətta dövlət başçısı məsələyə toxunarkən istehlak kreditlərinə ehtiyatlı yanaşmalı, əksinə, biznes kreditlərini genişləndirməli olduğumuzun vacibliyini bildirmişdi. Bu gün yenə də bunun əksini görürük. Banklar daha rahat yolu tutub. İstehlak krediti vermək banklar üçün daha rahatdır. Axı istehlak krediti üzrə faiz dərəcəsi daha yüksəkdir. Bu məsələdə məhkəmə predmeti gündəmə gələndə banklar özlərini sahibkarlara nisbətən fərqi vətəndaşlarla müqayisədə qat-qat güclü hesab edir. Son nəticədə belə vəziyyət real iqtisadiyyat və sahibkarlığın inkişafına ciddi problem yaradır. Amma burada bankları da qınamaq lazım deyil. Çünki ölkədə biznes və investisiya mühiti sahəsində ciddi problemlər yaşanmaqdadır. Belə vəziyyət bankları real iqtisadiyyata kredit qoymaqdan çəkindirir. Verilən, ancaq azalan biznes kreditləri də daha çox dövlət şirkətlərinə verilir”.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda bu ilin10 ayı ərzində istehlak kreditləşməsi sürətlə artıb. Məlumata görə, bu ilin 10 ayında ölkə iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 1.9 milyard manat yaxud 13.0% artıb. Bu artımın 75 faizi, yaxud 1.4 milyard manatı ev təsərrüfatlarına verilən kreditlər olub. Bu dövrdə sənaye və istehsal sektoruna kredit qoyuluşunun məbləği 300 milyon manatdan çox azalaraq, 1.25 milyard manatdan 945 milyon manata düşüb, yəni 25% azalıb./qaynarinfo.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.