“Özümü məktəbdə yox, sanki həbsxanada hiss etdim...” - Yazıçı Sevinc Elsevər

18-12-2021, 08:58           
“Özümü məktəbdə yox, sanki həbsxanada hiss etdim...” - Yazıçı Sevinc Elsevər
Yazçısı Sevinc Elsevər "Facebook" səhifəsində orta məktəblərdəki vəziyyətlə bağlı qeydlərini paylaşıb. Yazıçının təhsil sisteminin vacib problemlərinə diqqət çəkdiyi məqaləsini oxuculara təqdim edirik:

"Belə olmaz! Bunun axırı yoxdur!

Dünən 54 nömrəli məktəbdə 5-ci sinifdə oxuyan oğlumun valideyn iclasında iştirak etdim. İclasda məlum oldu sinifdə 3-4 uşaq var ki, bütün fənnlərdən proqramı orta səviyyədə çatdırırlar. Müəllimlər onların özünə güzəştlə 5 yazırlar. Həmin uşaqlar da hamısı hazırlığa, kursa gedir. Sinfin yarısı artıq indidən (hətta ibtidaidən, 1-ci sinifdən) hazırlığa gedir. Getməyənlərin də hamısına müəllimlər xorla dedilər ki, hazırlığa getməlidirlər. Demirlər onların yanına qoyaq. Deyirlər hara qoyursuz qoyun, yaxşı müəllimlər tapın, uşaqlarınız heç olmasa 3-4 ala bilsin. Axı bu uşaq səhər 8-dən məktəbdədir, sonra hara getsin, hansı qapını döysün? Valideyn işini atıb hazırlıq dalınca niyə düşsün? Pulu hardan tapsın, vaxtı hardan tapsın? Əgər hazırlığa gedəcəksə, məktəbdə niyə vaxt itirir? Əl boyda kağıza görə? Vallah, mən anlamıram. Bəlkə kimsə anlayır? Məni başa sala bilər?

Yaxşı olar ki, ayağımızı yorğanımıza görə uzadaq. Bizim uşaqların avropalılar kimi düşünməyə gücü çatmırsa, onları yükləməyək artıq bilgiylə. Nə məcburdur? Onsuz da hər şeyi avropalılar kəşf edib, biz də alıb işlətmişik. Guya uşaqları şikəst etməklə nə əldə edəcəyik?

Bəzi fənnlər yüngülləşməlidir. Ağır fənnlərin arasında həmin fənnlər salınmalıdır. Musiqi, Texnologiya, Təsviri İncəsənət, İdman kimi fənnlərdə summativlər ləğv olunmalıdır. Uşaqlar yaradıcı istiqamətdə qiymətləndirilməlidir, əzbərçiliyə görə yox!

Repetitor bazarını ləğv etmək üçün bütün məktəblər birnövbəli sistemə keçməli, dərsdən sonra çətinlik çəkən uşaqlara fakultativ dərslər, əlavə dərslər keçilməlidir. Məktəblərdə yer dardırsa, birnövbəli sistemə keçmək çətindirsə, restoranları azaldın, mağazaları azaldın, yerində məktəblər inşa edin. Müəllimlərə əlavə dərs saatlarına görə pul yazın. Qoy onların məktəbdəm kənarda özfəaliyyət işləriylə (repetitorluqla) məşğul olmağa bir dəqiqə vaxtları qalmasın. Mən demirəm havayı işləsinlər, əvəzində dövlətdən pul da alsınlar.

Məktəblərdə yaradıcı uşaqlar üçün dərnəklər, qruplar yaradılsın. Qoy uşaqlar tamaşalar göstərsinlər, konsertlər versinlər. Vallah, 90-cı illərdə aclıq -giclik vaxtı biz bu tamaşaları göstərmişik. Həm də ingilis dilində! Çünki hələ də sovet müəllimlərinin, sovet təhsilinin əhval-ruhiyyəsi vardı məktəblərdə.

Mən məktəbə necə sevinə-sevinə gedərdim! Saat 1-də dərsim başlayırdısa, 12-dən məktəbin həyətində hoppanıb düşürdüm. Ən böyük əyləncəm, ən böyük sevgim məktəb idi. Ancaq indi uşaqları məktəbə zorla aparıram. Ən pisi odur ki, özüm də zorla gedirəm. Getmək istəmirəm. Qarşısından keçəndə əsəblərim pozulur. Dünən iclasa gedəndə qapıdan girən kimi özümü həbsxanaya girən təki hiss elədim, pillələri qalxanda ürəyim sıxılırdı. Uşaqlara isə yazığım gəlirdi. Və "Çərpələng uçuran" əsərindən bir cümləni xatırlayırdım: "Əfqanıstanda uşaq çoxdur. Amma uşaqlıq yoxdur"...

Təəssüflə düşünürdüm: elə burda da, elə bizdə də, bütün Şərqdə!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.