“20 MANAT ÖDƏ, 700 MANAT MAAŞLA İŞƏ BAŞLA!...” – İşsizləri yalançı vədlərlə “soyanlar” niyə cəzasız qalır?

18-12-2021, 10:55           
“20 MANAT ÖDƏ, 700 MANAT MAAŞLA İŞƏ BAŞLA!...” –
İşsizlik Azərbaycanda ən aktual problemlərdən biri olaraq qalır. Hazırda böyük sayda ölkə vətəndaşı əmək bazarında iş tapmaqda çətinlik çəkir. Bəzi dələduzlar isə insanların bu çətin durumundan sui-stifadə edərək, onları yalançı vədlərlə aldatmağa çalışırlar. Hər gün sosial şəbəkələrdə məsələn, “maaş 700 manat - təcrübəsiz, ali təhsili olmayanlar, tələbələr də müraciət edə bilər” tipli aldadıcı elanlarla qarşılaşırıq. Elanda qeyd olunan nömrə ilə əlaqə saxladıqda isə elan sahibinin işəgötürən yox, işədüzəltmə şirkəti olduğu ortaya çıxır.

Hazırda Azərbaycanda 100-dən çox işədüzəltmə agentliyi fəaliyyət gösrərir. Lakin bu şirkətlərin böyük əksəriyyəti qeyri-qanunidir. Onların çoxunun dövlət qeydiyyatı olmur, vergi ödəmir, saxta sənədlərlə iş görürlər. İşədüzəltmə şirkəti yaratmaq isə elə də çətin deyil. Bunun üçün şəhərdə kiçik ofis və sosial şəbəkə hesabı açmaq kifayət edir. Sonra işbazlar sosial şəbəkə hesablarında saxta elanlar hazırlayaraq, yalançı vədlərlə insanları aldatmağa başlayırlar. Elandakı vədlərə inanan vətəndaşlar ofisə yaxınlaşdıqda şirkət çalışanları onlardan “sığorta xərci” bəhanəsi ilə 15-20 manat pul alıb, “sabahdan işə başlayırsınız” deyirlər. Təbii ki, uzun axtarışıdan sonra iş tapdığına sevinənlər dərhal agentliyin verdiyi ünvana üz tuturlar. Orada isə təbii ki, arzuolunmaz mənzərə ilə qarşılaşırlar. Vətəndaşa “burda belə iş yoxdur", "maaş o qədər deyil", "iş saatı fərqlidir” kimi cavablar verilir və nəticədə sövdələşmə alınmır. Agentliyə ödənilən həmin məbləği isə geri almaq mümkün olmur. Nəticədə işaxtaran vaxtını və pulunu itirir, işədüzəldən isə saxta vədlər verərək pul qazanmaqda davam edir. Hər belə “şirkətə” gündə ən azı 20-30 nəfər işsiz vətəndaş müraciət edir. Adambaşı 20 manatdan hesabladıqda agentliklərin gündəlik qazancı bir neçə yüz manat edir və bu, heç də kiçik məbləğ deyil. Elə bu səbəbdən ölkədə işədüzəltmə şikətlərinin sayı durmadan artır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 315,3 (5.9%) min nəfər işsiz qeydiyyata alınıb. Ekspertlər isə ölkədə real işsizlk faizinin daha yüksək olduğunu bildirirlər.

Qeyd edək ki, işsizliyin qarşısını almaq, vətəndaşlara iş tapmaqda kömək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi yaradılıb. Vətəndaşlar bu sistemdə qeydiyyatdan keçərək, şəxsi məlumatlarını daxil edib özlərinə uyğun vakansiyalara müraciət edə bilərlər.

Agentlikdən “AzPolitika.info”-ya bildirilib ki, cari ilin ötən dövrü ərzində 74 203 nəfər işlə təmin olunub. 13 402 işsiz şəxs özünəməşğulluq proqramlarına cəlb edilib və onların bir qismi üçün kiçik təsərrüfatlar yaradılıb. 11 ay ərzində Agentlik tərəfindən 413 nəfər peşə hazırlığı kursuna, 1410 nəfər peşəyönümlü məsləhət xidmətinə cəlb edilib, 3367 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub. Hazırda “Məşğulluq” alt sistemində 14 min aktiv vakansiya mövcuddur. Bura həm dövlətə aid, həm də özəl vakansiyalar daxildir. İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq filialları tərəfindən təsdiq edilir və işəgötürənlərə yönləndirlir”.

Bu sahədə qeyri-qanuni fəaliyyəti aradan qaldırmaq üçün Dövlət Məşğulluq Agentliyi işsizləri işlə təmin etməkdə vasitəçilik edən işəgötürən hüquqi şəxslərin vahid reyestrini yaradıb.

Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri Mayis Musayev “AzPolitika.info”-ya bildirib ki, reyestr vasitəçiliklə məşğul olan hüquqi şəxslərin müraciəti və buna uyğun olaraq aidiyyatı informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında formalaşır: "Qanunvericiliyin tələbinə uyğun faəliyyət göstərməyən işədüzəltmə vasitəçiləri bu reyestrə daxil edilə bilməz. Onlar inzibati məsuliyyət daşıyırlar. Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarı ilə təsdiq edilib ki, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər reyestrdə qeydiyyatdan keçməli və ay ərzində onlara müraciət edən vətəndaşlar və işədüzələn şəxslər haqqında Agentliyə hesabat verməlidirlər. Hazırda reyestrdə 28 şirkət barədə məlumatlar əks olunub. Vətəndaşlara həmin reyestrə daxil olmayan və qeyri-formal fəaliyyət göstərən işədüzəltmə şirkətləri ilə əməkdaşlıq etmək tövsiyə olunmur”.

M.Musayev qeyd edib ki, işədüzəltmə vasitəçiləri Dövlət Məşğulluq Agentliyi ilə qarşılıqlı məlumat mübadiləsi aparmalıdırlar: “Qanunsuz vasitəçiliklə məşğul olanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 300 manat, vətəndaşların xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı KİV-də doğru olmayan məlumatların yayılmasına görə 500 manat, Agentliyə iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə doğru məlumat təqdim edilməməsinə görə 500 manatdan 1000 manatadək, işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair Agentliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur.

İşədüzəltmə vasitəçilərinin vətəndaşlardan pul tələb etməməsi ilə bağlı qanunvericilikdə hər hansı tələblər müəyyən edilməsə də, vətəndaşlara bu məsələdə diqqətli olmaq tövsiyə olunur. Peşəkar işdüzəltmə ilə məşğul olan hüquqi şəxslər bu xidmətləri alan şirkət və müəssisələrlə müqavilə bağlayaraq onlar üçün peşəkar xidmət göstərir və ödənişi işəgötürəndən tələb edir. Bu sahəyə nəzarət və reyestrin formalaşdırılması işədüzəltmə sahəsində pərakəndə fəaliyyətin və qeyri-qanuni halların qarşısını almağa və vətəndaş məmnunluğunu təmin etməyə imkan verəcək”.

Qeyd edək ki, sözügedən reyestr formalaşsa da, çox az şirkət bu platformada qeydiyyatdan keçib. Müşahidələrimizə əsasən deyə bilərik ki, əksər şirkətlər hələ də qanunsuz fəaliyyətini davam etdirərək vətəndaşları aldatmaqda davam edirlər. Ümid edirik ki, bu sahəyə nəzarət artacaq və dələduzlar hüquqi müstəvidə cəzalandırılacaqlar.

Elvin Bəyməmmədli

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.