Paşinyan niyə platformada Gürcüstanın olmasını istəyir?
21-12-2021, 00:01

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 20-də Gürcüstana səfər edib. Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə əvvəlcə təkbətək görüşüb, daha sonra liderlərin iştirakı ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçirilib. Bu Paşinyanın Gürcüstandakı müzakirələrlə bağlı yayımlanan məlumatdır.
Fikrimcə, Paşinyan Gürcüstana səfəri zamanı qapalı müzakirədə Qaribaşvilinin “3+3 platforması”na mövqeyini də öyrənib. Gürcüstan bəlli səbəblərə görə platformanın Moskvadakı ilk iclasında iştirak etməyib. Növbəti iclas Ankarada keçiriləcək və türkiyəli rəsmilər çalışırlar ki, budəfəki toplantıda Gürcüstan təmsil olunsun. Abxaziya və Cənubi Osetiyanın işğalı və Rusiya ilə diplomatik münasibətlərin yoxluğu fonunda Gürcüstan hökumətinə “3+3 platformasıyla” bağlı qərar vermək çətindir. Ancaq təklif Ankaradan gəlib və Türkiyə tərəfdaşı Gürcüstanın regional dialoqda iştirakını arzulayır. Bu səbəbdən Tiflisin Ankaraya “yox” deməsi çətinləşib.
Nikol Paşinyan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü əməkdaşlıq platformasının əleyhinə deyil. Bunun iki səbəbi var. Birinci səbəb Nikol Paşinyan Türkiyə ilə əməkdaşlıq etmək istəyir. İkinci səbəb yeni platformanı Ermənistanın iki tərəfdaşı – Rusiya və İran da dəstəkləyib. Ancaq Gürcüstanın platformada iştirak etməməsi Paşinyanın Ermənistan daxilində mövqeyini zəiflədir. “Qarabağ klanının” timsalında radikal müxalifət Paşinyanı onsuz da Türkiyə və Azərbaycana satılmaqda ittiham edir. Paşinyan platformada Gürcüstanın olmasını istəyir ki, tək qalmasın. Gürcüstan da patformada iştirak edərsə, Paşinyan müxalifətə deyəcək ki, “Ermənistan bölgə ölkələrinin tamamının iştirak etdiyi platformadan kənarda qala bilməzdi”.
Elxan Şahinoğlu
Teref.az