Təhsil sektorunda kimlərin maaşı artmadı? 160 min təhsil işçisinə 273 milyon manat...

21-12-2021, 07:33           
Təhsil sektorunda kimlərin maaşı artmadı?
Prezident İlham Əliyevin imzaladığı iki Sərəncamla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılıb.

Peşə məktəblərində çalışan müəllimlərin maaşı da Sərəncamda göstərilən həcmdə artırılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmçinin 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılacaq.

Təhsil nazirinin müavini İdris İsayev deyib ki, dövlət ümumtəhsil müəssisələrində çalışan 150 min müəllimin 82 faizi ali təhsillidir: “Onların aylıq vəzifə maaşları orta hesabla 564 manatdır. Artımdan sonra onların maaşları təqribən 674 manat olacaq. Bu, bir stavka 18 dərs yükü üçün nəzərdə tutulmuş əməkhaqqıdır. Amma xüsusilə Bakıda faktiki olaraq müəllimlər 18 saatdan çox dərs yükü tədris edirlər. Bakıda bu göstərici orta hesabla 22 saatdır. Beləliklə, ali təhsilli müəllimlərin maaşı təxminən 823 manat təşkil edəcək”.

İdris İsayev vurğulayıb ki, lisey və gimnaziyalarda çalışan 5 200 müəllimin maaşlarına 15 faiz əlavə edilir. Beləliklə də onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq: “Eyni zamanda, xüsusi təhsil müəssisələrində çalışan təxminən 1 400 müəllimin vəzifə maaşları da 50 faiz artacaq. Bu artım nəticəsində lisey və gimnaziyalarda çalışan ali təhsilli müəllimlərin maaşı təxminən 950-1000 manat olacaq. Xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin maaşı isə 1200-1250 manat olacaq”.

Nazir müavini əlavə edib ki, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşı 480-500 manat həddinə qalxacaq. Onun sözlərinə görə, dövlət ümumi təhsil müəssisələrində çalışan vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin sayı 70 minə yaxındır. “Minimum əməkhaqqı artdığı üçün vahid tarif sorğu cədvəlində də artım olacaq. Beləliklə, həmin heyətin əmək haqları 450 manat civarına qalxacaq. Hər iki qrup üzrə dövlət ümumi təhsil müəssisələrində əmək haqqı artımına 320 milyon manatdan artıq vəsait sərf ediləcək”, – İ.İsayev bildirib.

Təhsil Nazirliyindən verilən məlumata görə, əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunacaq və bu məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

Beləliklə, dövlət ümumi təhsil müəssisələrində çalışanlar üçün artımlar aşağıdakı kimidir:

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz;

Təhsil müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz;

Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq.

Dövlət peşə təhsili müəssisələrində çalışanlar üçün artımlar aşağıdakı kimidir:

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz;

Fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz;

Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz.

Sərəncamları Pressklub.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, son 6 il ərzində ölkədə müəllimlərin əmək haqqı 240 faiz artırılıb. Onun sözlərinə görə, 2015-ci ildə müəllimlərin əmək haqqı 2 dəfə, 2019-cu ildə 20 faiz, 2021-ci ildə 20 faiz yüksəldilib:

“Son beş ildə müəllimlərin əməkhaqlarının artırılması onların fəaliyyətinə müsbət təsir edir. Azərbaycanda 1000 manatdan artıq əməkhaqqı alan müəllimlərin sayı kütləviləşir. Məlumatlara görə, təkcə Bakı şəhərində 5000 nəfərdən çox müəllim 1000 manatdan yuxarı maaş alır. Son illərdə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq deyə bilərəm ki, gənclərin bu peşəyə marağı ciddi şəkildə artıb. Bu artımdan sonra təkcə Bakı şəhərində 8965 nəfər müəllimin əməkhaqqı 800-1300 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1300 manatdan yuxarı olacaq”.

Ekspert onu da qeyd edib ki, növbəti artım yalnız müəllimlərin vəzifə maaşları üçün nəzərdə tutulur. Yəni müəllim dediyi dərs saatlarına görə artım almayacaq. Onun sözlərinə görə, maaşlara olan əlavələr isə dəyişmir: “Məsələn, sinif rəhbəri əvvəl də əlavə olaraq 40 manat alırdı, yenə də bu qədər alacaq”.

Ekspert əlavə edir ki, diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin də əmək haqqı artırılacaq:

“Çünki 2019-cu ildə Nazirlər Kabineti tərəfindən verilən qərara görə, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı müəyyən edilib. Prezidentin sərəncamına əsasən, yaxın günlərdə Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəli təsdiq edildikdən sonra diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqlarında yanvarın 1-dən artım olmalıdır”.

K. Əsədov qeyd edir ki, bu artım məktəb psixoloqları, UBR və məktəblərdə çalışan texniki işçilərin əmək haqlarına da təsir edəcək: “Onların maaşları 1 yanvardan etibarən azı 300 manat olacaq. Hal hazırda onlar 250 manat əmək haqqı alırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.