Emin Əmrullayev nə deməli idi, nə dedi? - Replika

22-12-2021, 15:58           
Emin Əmrullayev nə deməli idi, nə dedi? - Replika
Qoşulacağım məsələ deyildi. Lakin dünəndən nazirin fikrinə “nəzirə yazanları”, “məktəbə ianə, kömək yaxşı hərəkətdir” deyənləri görüb məcbur oldum.

İcbari və pulsuz təhsil istər şəffaf və ya qeyri-şəffaf, istərsə də könüllü və ya könülsüz verilən yardımla yaşayacaq, idarə olunacaqsa, artıq pullu təhsildir.

Cəmiyyət qanunlarla idarə olunur. Özünü demokrat sayan, insanların fikrini yönləndirmək istəyən kəs qanunların yanından keçməyə etiraz edər, nəinki ona haqq qazandırar. O ki qala, o qanun Ana Yasa ola!

Təəssüf ki, təhsil nazirinin dünənki brifinqindən sonra Konstitusiyamızın 42-ci maddəsini unudub, məktəblərdə pul yığılmasına müxtəlif formada şərh verənlər, məktəblərdə pul toplanması üçün variantlar təklif edənləri gördükcə, məmurun yox, toplumun düşüncəsinin dəyişməsini arzulayırsan.

Məmur məmurdur, onu başa düşdük. Bəs toplumda söz sahibi olanlara, söz sahibi olmaq istəyənlərə nə gəldi?

Azərbaycanın Ana Yasasına görə, təhsil icbaridir və pulsuzdur. Konstitusiyada təsbit olunan maddəni unudub fonddan, ianədən danışmaq nə?!

Dövlət təhsilə büdcədən pul ayırır. O vəsaitə süpürgə pulundan kitabların çapına, məktəblərin təmirinə, müəllimlərin maaşına qədər bütün xərclər daxildir. Məktəblərdə tədrisin keyfiyyəti aşağı deyil, sıfırın altındadır. Oxumaq istəyən repetitora müraciət edir. Bir çox hallarda repetitorluğu elə şagirdin öz müəllimi edir. Deməli, səslənən, təklif olunan o fondlara nəzərdə tutulanı, ianəyə ayrılacaq vəsaiti valideynlər repetitorlara verir. Yaxşı, bu valideyn daha nə etməlidir? Həm repetitora versin, həm də övladına dərs öyrədilməyən məktəbin xərclərinin bir qismini üzərinə götürsün, yaxud ona yardım etsin?

Təklif də gərək təklif ola. Məktəblər üçün qanunsuz ödənişi keçərli hesab ediriksə, gömrükdə niyə keçərli hesab etməyək? Gömrük rüsumdan əlavə pul istəyəndə niyə etiraz edək? Bəlkə işə baxılması üçün məhkəməyə dövlət rüsumunu ödədikdən sonra əlavə pul da verək ki, binası təmir edilsin, hakimlərə daha çox maaş verilsin? Ya da vergimizi ödəyək, əlavə vergi işçiləri üçün də pul göndərək?

Hər məktəb öz yanında fond yaradarsa, şəffalıq olmayacaq. Fond təklifçiləri, həvəskarları gedib vahid bir Təhsilə Yardım Fondu yaratsınlar. O fonda ianə toplasınlar, ölkədəki bütün valideyləri cəlb etsinlər, hər kəs ora vəsait köçürsün. O fond da ehtiyacı olan məktəblərə yardım etsin, məktəblərin layihələrini dəstəkləsin və s. Bu, başqa məsələdir. Amma hər məktəb özünə fond yaratsa və valideynlər o fonda pul köçürsə belə, şəffaflıq da olmayacaq, şagirdlər arasında psixoloji duruma da təsir edəcək.

Bir anlıq düşünün ki, hansısa şagirdin valideyni məktəbə ianə edir, hansısa şagirdin valideyni imkansızlıqdan o kampaniyaya qoşulmur. İndi bir sinifdə oxuyan iki şagirdin davranış tərzinin, psixoloji durumunun müqayisəsini aparın və haqsız müzakirəyə haqq qazandırın...

Emin Əmrullayevin islahat cəhdinə etiraz yoxdur. Mən də düşünürəm ki, nazir islahat aparmağa çalışır.

Yanaşmaya, mövqeyə etiraz var. Təhsil naziri o mövzudan danışanda başqa cavab verməliydi. Deməliydi ki, məktəblərdə qanunsuz pul yığımı o zaman da olub, indi də var. Mübarizə aparıb qarşısını almağa çalışırıq, təhsilə büdcədən daha çox vəsait ayrılması üçün təkliflər hazırlayırıq ki, kiminsə gözü kiminsə cibində olmasın. Nazir onun adından tirajlanan fikri deməsə də, sanki proseslə barışdığını, lakin indiki durumu dəyişmək üçün gələcək mexanizmlər haqqında düşündüyünü dedi.

Konstitusiyamız isə başqa şey deyir…

Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir…

Rəfail Becanov,
“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.