20 ilin 26 manatlıq müavinəti Qarabağ əlillərinə veriləcəkmi?
23-12-2021, 08:03

20 ilin 26 manatlıq müavinəti Qarabağ əlillərinə veriləcəkmi?
Bəs 21 ilin 10-14 manatlıq müavinəti necə , yenə hökumət yeyəcək?
Prezident iki gün öncə bir sıra təqaüdlərin və sosial müavinətlərin artırılması haqqında aktlar imzaladı. Anında hökumətin sosial sahəyə cavabdeh olan məmurları yeni məbləğləri son üç ilin məbləği ilə tutuşdurub müavinətlərin üç dəfə artmasını diqqət və qayğı kimi diqqətə çatdırdılar. Maraqlıdır, Qarabağ qazilərinin və şəhid ailələrinin Prezident təqaüdlərinin artırılması hələ aktlaşdırılmayıb. Görünür, Prezident 60 illiyi ilə bağlı müharibə adamlarına 60 faizlik özəl artım etmək fikrindədir , bir – iki gün də gözləyək.
Başlığa çıxarılan problemə gəldikdə, hələ də - düz 20 ildir Prezidentin 26 dekabr 2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının icrası təmin edilmir! (?) Bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti 5 yanvar 2021-ci il tarixli 1244 saylı fərmanla “köhnə” məbləğlərin denominasiya edilməsinə qərar verib, amma hələ də müavinətlərin yiyələrinə çatdırılması həyata keçirilməyib. Niyə? “Niyə”si hələ də açıqlanmır. Fərmanı bir daha icrasını təmin etməyə borclu olan hökumətin diqqətinə çatdırırıq : Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə Prezident qərara alıb :
1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara , 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara , Böyük Vətən (?-M.B.) müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara , həqiqi hərbi xidmət dövründə Çernobil qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara -26 manat;
Böyük Vətən (?-M.B.) müharibəsi iştirakçılarına -25 manat;
həlak olmuş döyüşçülərin dul arvadlarına -18 manat;
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə -12 manat;
Böyük Vətən (?-M.B.) müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına -12 manat;
Çernobil qəzası əlillərinə (həqiqi hərbi xidmət dövründə Çernobil qəzası nəticəsində zərər çəkmiş hərbi qulluqçular istisna olmaqla) , l və ll qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla), SOSİAL PENSİYAÇILARA -6 manat aylıq müavinət ayrılsın.
Qüvvədə olduğu 20 il müddətində bu fərmanın Qarabağ əlillərinə , şəhid ailələrinə tətbiq edilməsi formal xarakter daşıyıb, hətta ayrı -seçkilik edilərək şəhid ailələri “həlak olmuş döyüşçülərin dul arvadları” belə sayılmayıb! Dövlətin maliyyə, sosial müdafiə qurumları Prezident fərmanını ciblərinə uyğunlaşdırıb , məhkəmələri də əlil və şəhid ailələrinin müavinətlərinə “qonaq etməklə” dövlətin aztəminatlı ailələrə yardımını mənimsəmələrini 20 ildir sürdürürlər. İllərdir məhkəmə hakimiyyəti NK-nın qərarını düzgün izah və tətbiq etməyən sosial mənimsəmə (oxuma, müdafiə!) qurumunun rüşvətini Konstitusiyadan üstün tutaraq qərara alıb ki, NK-nın qərarı Prezident fərmanının qüvvəsini heçə endirmək gücündədir. DSMF (Dövlət Sosial Mənimsəmə Fondu ) rəsmiləri rəsmi məktublarla (məhkəmələrə) bildirib və bildirməkdədir ki, “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsinin tələbinə görə, əmək pensiyası hüququ olan şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, yəni sosial pensiya ödənilə bilməz! (?) Bəyəm sosial məmurlar bilmir ki, əlillərə
ayrılan müavinət sosial müavinət deyil, kommunal və digər xidmətlər əvəzi kompensasiyadır? Bəyəm Prezidentin 26.12.2001 tarixli fərmanında yazılmayıb ki, əlillərə, SOSİAL PENSİYAÇILARa də aylıq müavinət ayrılsın? DSMF rəsmiləri bilmir ki, vətəndaş “əlil” statusuna malikdirsə, mütləq ya əmək pensiyaçısıdır , ya da sosial müavinətçi -pensiyaçı? Qanmırlar ki, Prezidentin ayırdığı 26 manat müavinət həm əmək pensiyası, həm də sosial müavinət alan Qarabağ əlillərinə verilməlidir? Bəs məhkəmə hakimiyyətinə, NK-nın özünə, hüquq mühafizə orqanlarına, Ombudsmana, deputatlara nə gəlib? Bunlar hansı vicdan(sızlıq)la Qarabağ əlillərinə, digər əlillərə ayrılan cüzi 6-26 manatlıq müavinəti yeyirlər?
Prezidentin 29 dekabr 2000-ci il tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətin məbləği 1-ci dərəcəli əlillərə 70 min manat (14 manat), 2-ci dərəcəlilərə 60 min manat (12 manat), 3-cü dərəcəlilərə 50 min manat (10 manat) olmaqla, uyğun olaraq 25 min (5 manat), 20 min (4 manat) və 15 min manatın (3 manat) DSMF -in büdcəsindən ayrılması qərara alınıb. Bu cüzi müavinətlər də konkret ünvan göstərilsə də, yiyələrinə verilməsindən imtina edilir. Heç prezidentin yadına denominasiya edilməsi də salınmır ki, birdən olmadı elə, oldu belə, Prezident soruşdu ki, niyə 21 ildir ATA SƏRƏNCAMI icra olunmur?
Doğrudan da, niyə 20 ildir Prezidentin 26.12.2001 tarixli 613 saylı Fərmanı və 21 ildir 20.12.2000 tarixli 597 saylı Sərəncamı icra olunmur, əksinə gizlədilir? Sosial hökumətin öz cibinə gizli xidməti nə qədər sürəcək?
Məğrur Bədəlsoy
Teref.az