"İcra Hakimiyyətləri bağçaları satıb, yerində şadlıq evi, restoran tikdilər" - Təhsil eksperti

23-12-2021, 07:27           
"İcra Hakimiyyətləri bağçaları satıb, yerində şadlıq evi, restoran tikdilər" - Təhsil eksperti
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2011- ci ildən uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq, İcra Hakimiyyətlərinə verildi:

“Bunun əsas səbəb o idi ki, bağçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək lazım idi. Çünki Təhsil Nazirliyi bu sahədə həmin dövrdə müəyyən qədər axsıyırdı. Sonradan məlum oldu ki, bu, bağçalara ciddi təsir göstərdi. 2011-ci ildən sonra uşaq bağçaları İcra Hakimiyyətlərinə verildikdən sonra bəzi hallarda sözügedən qurum tərəfindən özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. 10 il bundan əvvəl verilən qərarlarda nəzərdə tutulan hədəflərə çatılmadı. Gördük ki, İcra Hakimiyyətləri uşaq bağçalarının inzibati ərazilərini cəmləşdirdilər, satdılar, maddi- texniki baza inkişaf etmədi”.

Təhsil eksperti bildirib ki, bu, təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi:

“Bağçaların yenidən düzgün bərpa edilməsi üçün Təhsil Nazirliyinə verilməsi mühüm və müsbət haldır. Hazırda bağçalarda 1123 min uşaq oxuyur. Bu da ümümi uşaqların 25 faizi deməkdir. Dünyadakı ən aşağı nəticədir. Azərbaycanda 90 özəl uşaq bağçaları var. Orda təhsil alan uşaqların sayı isə 3500-ə yaxındır. Bağça məktəbin bir pilləsidir. Azərbaycanda biz hələ də bağçanı təhsil pilləsi kimi qəbul etmirik. Bu yalnışdır. Bağçalar Təhsil Nazirliyinə verilməlidir ki, indi məktəblərdə olan proseslər bağçada tətbiq olunsun”.

Ekspertin fikrincə, özəl bağçalardan məktəbə gedən uşaqlar çox şey bilir, amma dövlət bağçasından məktəbə gedənlər bilmir: “Nəticədə balans pozulur. Vahidliyin və varisliyin qorunması üçün bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyində olacaq ki, bu da təhsilin inkişafına müsbət təsir edəcək. Dünya təcrübəsində məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi yanında yaradılmış bir quruma verilib. Əsas məsələ bağçaların necə qurulması, uşaqların orada necə qidalanması, gigenik-sanitar qaydaların və təzcihatın normal olması çox vacibdir. Azərbaycanda elə bölgələr var ki, bağçalar çox bərbad vəziyyətdədir. İşə qəbul prosesi şəffaf deyil, tədris resurları yoxdur. Amma Təhsil Nazirliyinə verildikdən sonra bu hallar aradan qalxacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru