Xaricdə təhsilin də yolu kəsilir - Yeni qaydalar pulu qoruyur, ya vətəndaşı?

24-12-2021, 07:26           
Xaricdə təhsilin də yolu kəsilir -
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib".

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov deyib. O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək:

"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Bir çox ölkələrin ali məktəblərində, xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur. Yeni qaydalar layihəsində qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq. Onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq. Yeni dəyişiklikdən sonra həmin şəxslərin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək".
Qeyd edək ki, bu gün xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı TKTA-nın tətbiq etdiyi qaydalara ictimaiyyətin münasibəti heç də birmənalı deyil. Burada öz əksini tapan məqamlardan biri də məhz tədris normativləri ilə bağlıdır. TKTA bildirir ki, xüsusilə də tibb sahəsində tədris normativi aşağıdır. Ümumilikdə digər ölkələrlə müqayisədə, məsələn, tibb sahəsində normativlər Azərbaycandan aşağı ola bilər. Bu, bir faktdır ki, məsələn, Türkiyənin tibb təhsili Azərbaycanın tibb təhsilindən xeyli dərəcədə keyfiyyətlidir.

Xaricdə təhsil alan azərbaycanlı tələbənin oradakı tədris normativini ölçməkdənsə, aldığı təhsilin keyfiyyətini nəzərə almaq daha məqsədəuyğun deyilmi?

Yeni dəyişiklik doğrudanmı ixtisaslı mütəxəssis hazırlığına yönəlib, yoxsa xaricdə təhsilin qarşısını almağa? Məlumdur ki, ölkəmizdə ali təhsil kifayət qədər baha və keyfiyyətsizdir. Buna görə də xaricə, xüsusilə də Türkiyəyə kütləvi axın var. Bu isə həm də külli miqdarda vəsaitin xaricə axması deməkdir.

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, beynəlxalq arenada qəbul edilmiş kreditlərin həcmi var və diplomların kvalivikasiyası zamanı bu amil nəzərə alınır: “Məsələn, tibb, hüquq, mühəndislik ixtisasları üzrə beynəlxalq arenada təsdiq edilmiş proqramın mənimsənilməsi üçün müəyyən edilmiş vaxt və kreditin həcmi var. Çox təəssüf ki, bəzi ölkələrin ali təhsil müəssisələrində daha az müddət ərzində bu kvalivikasiyanı yerinə yetirməyə çalışırlar. Ancaq bu düzgün deyil. Ona görə də xaricdə təhsil almağa gedən şəxslər bunu bilmir. Onlar qəbul olunduqları universitetlərdə, hətta bu kifayət qədər tanınmış ali təhsil müəssisəsi olsa belə, təhsil müddəti ərzində əldə edilmiş kreditlərin həcmi yetərli olmayanda diplomların tanınmasından imtina olunur və bu, ciddi bir problemə çevrilir. Hesab edirəm ki, burada qərar beynəlxalq təcrübəyə əsaslanmalıdır. Məsələn, dünya reytinqdə ilk yerlərdə olan universitetlərdə təhsil alan tələbələrin diplomları birbaşa tanınmalıdır. Yəni onları hər hansı yoxlamaya cəlb etmək olmaz. Onlar dünya reytinqli universitetlərdir. Burada tanınma qismən, yaxud tam tanınma ola bilər. Çünki həmin təhsilin müddətini tələbə müəyyənləşdirmir. O, çıxıb gedib universitetə, hətta burada hərbi xidmətə sənədlərini də təqdim edib. Ümumiyyətlə, təhsil müddəti və kreditlərin həcmi ilə bağlı məhdudiyyət tətbiq etmək olmaz”.

Ekspert deyir ki, ən vacib məqam həmin şəxsin biliyinin yoxlanılmasıdır: “Xüsusilə də bütün digər ixtisaslar istisna olmaqla tibb, hüquq yoxlanılmalıdır. Ancaq digər ixtisaslarda- mühəndis, mühasib kimi ixtisaslarda təhsil alanları yoxlamağa ehtiyac yoxdur, onun savadlılığını, bilik və bacarıqlarının səviyyəsini işə götürən müəyyənləşdirəcək. Ümumilikdə Azərbaycanda 7-8 il bundan öncə ilə müqayisədə diplomların tanınması şəffaf şəraitdə həyata keçirilir. Kənar müdaxilə yoxdur. Ancaq ən vacib məqam biz nəyi və necə yoxlayırıq məsələsidir. Burada təhsilin müddəti və kreditin həcmi məsələsinə görə tələbənin diplomlarının tanınmasından imtina edilməsi həmin şəxsin hüququnun məhdudlaşdırılması olacaq. Çünki heç kim müəyyənləşdirmir ki, o, nə qədər təhsil alacaq. Ona görə də biz xüsusi, spesifik ixtisaslarda təhsil alan şəxslərin bilik və bacarıqlarını yoxlayıb ölçsək, bu, daha yaxşıdır. Məsələn, həkim Malayziyada, Türkiyədə, Azərbaycanda da həkimdir. Onların eyni xəstəliyə qarşı eyni müalicə üsulları var. Bunun da yoxlanılıb ölçülməsi kifayət qədər rahatdır. Əslində agentlik deyir ki, məsələn 250 kredit toplamalıydınız, 230 kredit toplamısız, gəlin onu ADTU də tamamlayın. Bu, mümkün bir təcrübədir. Biz hazırda keyfiyyəti yoxlamırıq, kəmiyyətə baxırıq. Ancaq kəmiyyət bizə lazımdırmı? Ona görə də biz həmin şəxsin, xüsusilə də praktik ixtisaslarda təhsil alan gənclərin bilik və bacarıqlarını yoxlasaq, bizə daha çox uğur gətirə bilər, nəinki o müddətə görə ona məhdudiyyət tətbiq etmək”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.