Sumqayıtdakı 26 saylı tibb kollecinin yataqxanasında köçkünlər hər an kütləvi fəlakət yaşaya bilər...

13-01-2022, 10:45           
Sumqayıtdakı 26 saylı tibb kollecinin yataqxanasında köçkünlər hər an kütləvi fəlakət yaşaya bilər...
Sumqayıt Şəhər İcra Hakimiyyəti: “Aidiyyəti qurumlar tərəfindən yataqxanaya baxış keçirilib”

İstifadə müddətini çoxdan başa vurmuş yataqxanalar paytaxtın “göz muncuqları”dır. Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar gündən-günə gözəlləşən, abadlaşan Bakımıza heç yaraşmır. Bu yataqxanaların yanından ötəndə adamı qaramat basır.

Uçuq-sökük binalar, köhnə, qaralmış taxta parçaları ilə ətrafları sarılan eyvanlar, hər cür materialdan quraşdırılmış, heç bir sanitar normaya cavab verməyən mətbəxlər, rütubətli, nəm otaqlar, hörümçək torunu xatırladan su boruları, sarmaşıq kimi bir-birinə dolaşmış elektrik naqilləri… Ömrünü çoxdan başa vurmuş sovetdənqalma binalar artıq “kliniki ölüm” keçirib. Sadəcə, süni nəfəs aparatına qoşulub ki, məcburən bioloji ömürləri uzansın. Bu yataqxanalardakı yaşayışı həyat saymaq, sadəcə, mümkün deyil. Belə bir vəziyyət Sumqayıt şəhərində 41-ci məhəllədə 16 nömrəli tibb kollecinin yataqxanasında müşahidə olunur. Qeyd etdiyimiz yataqxanada yaşayış qeyri-mümkündür.

30 ildir həmin yataqxanada məskunlaşan qaçqınlar bildirirlər ki, yaşadıqları bina tamamilə qəzalı vəziyyətdədir. Sakinlərin dediyinə görə, binada qaz və su yoxdur: “Soyuq və qaranlıq otaqların tavanı uçub, döşəməsi qapqara hisdi. Köhnəlmiş qapının dəstəyinə isə sanki insan toxunmur, paslanıb. Divarlar ovulub tökülür, uçmaq üzrədir”.

Qubadlı rayonundan olan məcburi köçkünlər bildirir ki, binada yaşayış qeyri-mümkündür: “Başımıza daş-kəsək, suvaq tökülür. Hər gün Qubadlı icra hakimiyyətindən üstümə adam göndərirlər ki, şikayət etməyim. 80 yaşlı xəstə anamla və himayəmdə olan bir şikəst uşaqla burda qalmaq mümkün deyil. Cəhənnəm həyatı yaşayırıq. Sumqayıtın İcra Hakimiyyətində olmuşam, mənə deyirlər ki, ev, mənzil yoxdu. Get, harada yaşayırsan, yaşa”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən yataqxanaya baxış keçirilib: “Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriləcək. Sakinlərə heç kim deyə bilməz ki, harada istəyirsən yaşa”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.