Alıcı toyuğu mağazada bişirməlidir ki, görsün xarab olub, yoxsa yox - Qanunvericilik özbaşınalığı

16-02-2022, 12:43           
Alıcı toyuğu mağazada bişirməlidir ki, görsün xarab olub, yoxsa yox -
“İstehlakçıların hüquqlarının qorunması haqqında qanun” 1995-ci ildə qəbul olunub. Həmin dövrdən bu günə kimi qnaunda edilən dəyişikliklər istehlakçıların hüquqlarını məhdudlaşdıran amillərlə bağlı olub. Teref.az-ın məlumatına görə, “Azad İstehlakçıalr Birliyinin" sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirib ki, İqtisadiyyat Nazirliyi qanunun yeni layihəsini Milli Məclisə müzakirə edilməsi üçün göndərib.

Ancaq hələ ki, bu qanunun müzakirəsi gündəmdə deyil. Yəni bu gün keçirlən iclasa nəzərə salanda da bu qanundan heç bir söhbətin getməyinə şahid olduq.

E.Hüseynov qanun layihəsinin müzakirələrində iştirak etmək üçün Milli Məclisə müraciət etdiyini deyir. Çüki bu qanunun müzakirəsində qanunu, istehlakçının hüquqlarını bilən ekspertlər iştirak etməlidir. Əksər qanun layihələrinin müzakirəsi Milli Məclisdə yuxulayan deputatlar tərəfindən aparıldğı üçün qanunvericilikdə olan boşluqlar adamın gözünü deşir. Bu səbəbdən də E.Hüseynovun müzakirələrə dəvət edilməsi şərt hesab edilə bilər. Bir var qanun yuxudan oyanıb lehinə düyməsini sıxan Madər Musayev, Eldar Quliyev, Əliabbas Salahzadənin razılığı ilə qəbul edilsin, bir də var səhər-axşam istehlakçıların zənglərinə səbrlə cavab verən, onların hüquqlarını qorumağa çalışan Eyyub Hüseynovun.

İndi isə, gəlin, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” olan qanunda cibimizə girən boşluqlara nəzər salaq. Qanun MDB-də qəbul edilən ilk qanunlardan olsa da, elə əvvəldən boşluqlar olub, qanunun icrası da hər zaman istehlakçıların əleyihinə olub. Qanunun icrasına məsul İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir.

“Xidmətin istehlakçı hüququnu qoruma alqoritmi belədir: Alıcı məhsulun dəyişdirilmısi və qaytarılması ilə bağlı problemlə qarşılaşır, satıcıya müraciət edir. Satıcı onun istəyinə fikir vermir, təmin etmir. Alıcı dövlət qurumuna və ya “Azad istehlakçılar” birliyinə müraicət edir. Dövlət qurumu alıcının dediklərini məktub şəklidndə satıcıya göndərir. Satıcı alıcıya dediklərini məktub şəklində dövlət qurumuna göndərir. Sonda satıcı istehlakçıya deyir ki, “get məhkəməyə müraciət elə”. Satıcılar xüsusən mürəkkəb texniki cihazların satılmasında, qanunda nəzərdə tutulmayan servis deyilən və özlərinə tabe olan qurumun xidmətindən istifadə edirlər. Satıcı alıcını servisə göndərir və servisdən satıcının xeyrinə olan məktub verilir ki, cihazı istifadə etmisən”,- deyə E.Hüseynov bildirib.

Ekspert qeyd edir ki, qanunda əsasən məhsulların dəyişdirilmsi və qaytarılması məsələsində paradokslar yaşanır. Belə ki, qanunda qanuni olub, məntiqi olmayan məsələlər yer alıb. Məsələn, qızıl məmulatları dəyişdirilməyən məmulatlar arasındadır. Yəni bahalı bir saat almısan, içində qızıl var, amma işləmir. Onu səndən nə geri alırlar, nə də dəyişdirirlər. Kitab alanda isə, onu qaytara və ya dəyişdirə bilərsən.

Ərzaq məhsulları ilə bağlı da qanunda boşluqlar var. Qeyd olunur ki, dəyəri ödənilib, mağazadan çıxarılan ərzaq məhsulu qaytarıla bilməz. Məhsul istifadə edilməmiş olmalıdır. Belə çıxır ki, vətəndaş mağazada qazan qoyub yağ əritməli və ya toyuğu mağazada bişirməlidir ki, görsün xarab olub, yoxsa yox.

Qısası, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun bu gün istehlakçıların hüquqlarını qoruyacaq gücdə deyil. Əksinə, istehlakçıların hüquqlarının pozulmasına xidmət edir. Həqiqətən bizim üçün çox maraqlıdır ki, özünü iqtisadçı hesab edən deputatlar niyə bu məsələyə diqqət yetirmirlər. Yoxsa bu onların maraq dairəsinə aid deyil. Niyə adi bir mağazada belə vətəndaşın hüququ pozulmalıdır? Niyə bunu düşünmürsünüz? Milli Məclisdə oturub Avropa ölkələrindən məlumatı olmayan, onlayn axtarış üzərindən məlumat toplayan deputatlar birinci ölknin daxilində olan problemlərə nəzər salsınlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.