Xətaidə pilot bina tikintisində sakinlər aldadılıb - Mehdizadə küçəsi...

19-02-2022, 10:19           
Xətaidə pilot bina tikintisində sakinlər aldadılıb -
Kamran Məmmədli: “Həmin binalardan mənzil alan sakinlərin şikayətinə baxılmır, ya…”

Bu gün Bakıda çoxlu sayda pilot layihələr icra edilir, yeni yaşayış binaları tikilir. Çoxları binanın bünövrəsindən (“kotlovandan”) mənzil alamağa ehtiyat edir. Ötən illərdə bir mənzilin bir neçə nəfərə satılması nəticəsində tikinti şirkətlərinə inamın azalması, tikintinin yarımçıq qala biləcəyi risqi insanları qorxudur.

Qeyd etdiyimiz kimi, paytaxtın bir sıra ərazilərində çoxmərtəbəli yaşayış binaları tikilir. Lakin həmin binaların inşasının illərlə davam etməsi həmin binadan ev alanları çarəsiz vəziyyətdə qoyur. Belə xoşagəlməz vəziyyət Xətai rayonu, Mehdizadə küçəsində tikilən binada da yaşanır. Həmin binadan mənzil alanlar qeyd edir ki, bina pilot layihə çərçivəsində tikilir və ötən il təhvil verilməli idi. Ancaq hələ də işlər sürətli aparılmır və nəticədə onlar 4 ildən artıqdır ki, kirayələrdə qalmalı olurlar: “2017-ci ildən başlayaraq həmin ünvanda 29 ailənin yaşadığı ikimərtəbəli bina və bir neçə həyət evi sökülüb. Əvəzində isə inşa ediləcək doqquzmərtəbəli yaşayış binasından onlara ev veriləcəyi deyilib. Pilot layihə çərçivəsində ''İnşaat Konstruksiyaları'' MMC tərəfindən tikilən həmin binanın inşası bir müddətdir gecikir”.

“Pilot layihəli bina təyin edilən vaxtda təhvil verilməlidir, ancaq həmin binalar təhvil verilmək əvəzinə…”

Məsələ ilə bağlı iqtisadçı ekspert Kamran Məmmədli bildirdi ki, pilot layihələri icra edən MTK-lar, bugünədək yaşayış binaları tikib istifadəyə vermiş, yəni uğurlu fəaliyyət tarixi olan şirkətlər nisbətən etibarlıdır. Bakıda köhnə binaların sökülərək yerində yeni yaşayış binalarının inşa edilməsi (pilot layihələr) dövlətin nəzarəti altında aparılır: “Ancaq bu mövzu ilə bağlı bir sıra problemlər yaşanır. Belə ki, həmin binalardan mənzil alan sakinlərin şikayətinə baxılmır, ya ümumi cavablar verilir, ya da aldadırlar. Bu başıbəlalı pilot layihəli bina təyin edilən vaxtda təhvil verilməlidir. Ancaq həmin binalar təhvil verilmək əvəzinə tikinti işi ləngiyir. Halbuki, pilot binalar bir-iki ilə təhvil verilməlidir”.
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.