Şuşaya bahalı və qanunsuz səfər: Elanları dövlət qurumundan xəbərsiz yayan kimlərdir?
6-05-2022, 00:05

İşğaldan azad edilmiş ərailərə müntəzəm səfərlərlə bağlı yaradılan “Yolumuzqarabaga.az” portalı artıq bir müddətdir ki, fəaliyyət göstərir.
Ümumiyyətlə, “Yolumuz Qarabağa” layihəsi, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad etdiyi ərazilərə səfərlərin təşkilini ehtiva edir ki, ilkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra digər işğaldan azad edilən bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulub. Sistemdə vətəndaşlar “ASAN login” sistemi vasitəsilə bilet alışı üçün istiqamət seçimi edir, səfər tarixini seçir və səfərdə neçə nəfərin iştirak edəcəyini qeyd edir. Qeyd edək ki, sistem, şəhid ailəsinin üzvlərinə bir dəfə səfərdən ödənişsiz olaraq istifadə imkanını təmin edir. Ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilir.
Yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunub. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edir. Biletlər sürətlə satılır və az qala bir ay müddətinə bütün yerlər qısa müddətdə dolur.
Son günlər sosial şəbəkələrdə Şuşaya tur səfərləri barədə müxtəlif elanlar yerləşdirilir. Məsələn, həmin tur elanlarından biri “Şuşa Turu- İlk Ayaq Qoyanlardan Sən ol” adlanır. Burada qeyd edilir ki, Şuşaya müxtəlif günlərdə səfərlət təşkil olunur, yerlər məhduddur. Qiymətlərə gəldikdə, standart paket 55 manat, ekanom paket 50 manatdır. Qiymətə fotosessiya, çay süfrəsi (qayıdanda), VİP nəqliyyat, gülərüz tur daxildir.
Tur səfərləri ilə yanaşı, saytdan kənarda bilet satışı təklifləri də va. Bu halda biletin öz qiymətindən əlavə şirkətə 10-15 manat ödəniş olunmalıdır. Başqa sözlə, şuaya səfər etmək istəyən, ancaq bilet almaqda çətinlik çəkənlər üçün daha bahalı təkliflər var.
Teref.az yazır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva Cebhe.info-ya bildirib ki, biletlər 20 manat 80 qəpikdir və həmin biletlər avtovağzalda satılmır:
“Həmin qiymətə gediş-gəliş daxildir. Biletlər isə ancaq “Yolumuzqarabağadır.az” saytında satılır. Başqa heç yerdə bilet satılmır. Bununla bağlı biz açıqlama yayacağıq. Heç kim özündən avtobuslara qiymət qoymur. Bu, Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətdir və kilometrə görə hesablanır. Tək gediş bileti ala bilməzsiz. Gediş-gəliş bileti alınmalıdır”.
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva isə bildirdi ki, Dövlət Turizm Agentliyi tərəfindən heç vaxt səfər təşkil olunmayıb:
“Ümumiyyətlə, Şuşa da daxil olmaqla işğaldan azad edilmiş ərazilərə səfərlər, nə koordinasiya, nə də icra işləri DTA tərəfindən həyata keçirilmir. Aidiyyəti müvafiq dövlət orqanları var. “Yolumuzqarabaga.az” saytı “ASAN ximət” elektron hökumət tərəfindən idarə olunur, səfərlər isə səf etmirəmsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarət edir. Orada DTA-nın heç bir rolu yoxdur. Ölkədə turizm şirkətlərinin fəaliyyəti üçün heç bir lisenziya tələb olunmur. Hər hansı bir hüquqi mexanizm yoxdur. Həm də bazar iqtisadiyyatıdır. Qiymət tənzimlənməsində dövlət qurumu olaraq iştirak etmirik. İşğaldan azad edilmiş ərazilərə səfərlərlə bağlı DTA-nın hər hansı rolu və iştirakı yoxdur”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi isə bildirib ki, belə məlumatlar onlara da gəlib çatıb:
“Bunları yoxlamaq lazımdır. İnanmırıq ki, hansısa turizm agentliyi belə bir fəaliyyətlə məşğul olsun. Hazırda Qarabağda infrastruktur, yenidənqurma işləri gedir, minalardan təmizlənir. Dövlət qurumunun iştirakı olmadan hər hansı səfərlərin təşkil olunması mümkün deyil. Səfərlər dövlət qurumlarının dəstəyi ilə həyata keçirilə bilər. Məsələn, 5-8 may tarixlərində Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək. Ancaq orada iştirak etmək üçün aşpazlar maraq göstərsələr də, gediş üçün bilet tapa bilmirlər. Saytda baxırlar, həmin tarixlərə bilet yoxdur. Ola bilsin ki, tur elanı verənlər spekulyasiyalara əl atırlar. Bunu yoxlamaq lazımdır. Bu səfərlərə hamının əlçatanlığını təmin etmək lazımdır”.