Statistika Komitəsinin dediyi ilə bazar qiymətləri düz gəlmir
14-05-2015, 11:04
Vahid Məhərrəmov: «Qiymətlər artıb»
2015-ci ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb (deflyasiya).
Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb.ÿ
Ay ərzində qarabaşaq yarması, balıq məhsulları, toyuq əti, yumurta, qarğıdalı yağı, şəkər tozu, göyərti, çuğundur, kartofun qiymətlərində ucuzlaşma, düyü, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, zeytun və günəbaxan yağları, limon, portağal, naringi, banan, alma, armud, kələm, kök, soğan, sarımsaq, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.ÿ
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov söyləyir ki, Komitənin qiymətlərin dəyişməsi barədə tətbiq etdiyi metodologiya tamamilə fərqlidir. Kartofun istehsalçı qiymətinin azaldığı, pomidorun istehsalçı qiymətinin artması informasiyaları verilir. Mövsümdə həmişə əksinin baş verdiyini deyən ekspert, faraş kartofun çıxarıldığı dönəmdə qiymətin yüksək olduğu və bu məqamın bazarda kartofun ümumi qiymətinə mütləq təsir etdiyini bildirir. Vahid bəy söyləyir ki, fermerlər faraş kartofu daha baha qiymətə təklif edir və istehsalçı qiymət yenə də yüksək olaraq qalır:
“Köhnə kartofun bir hissəsi soyuducu anbarlarda saxlanır və orada xərc çəkildiyi üçün istehsalçı qiymətinə təsir edir. Faraş kartof da əvvəlki illərə nisbətən daha baha qiymətə təklif olunur. Kartofun istehsalçı qiyməti Statistika Komitəsinin söylədiyi kimi deyil, qiymətlər əksinə, artıb. Digər tərəvəz məhsulları barədə də bunu demək olar”.