“Bravo”, “Rahat”, “Araz” və digər böyük marketlərin yaratdığı acınacaqlı mənzərə – Bakıda kiçik məhəllə dükanları yarıbayarı azalıb

3-12-2022, 00:24           
“Bravo”, “Rahat”, “Araz” və digər böyük marketlərin yaratdığı acınacaqlı mənzərə –
“Kiçik və orta biznesin (KOB) inkişafı bizim üçün prioritetdir”. Bunu dekabrın 1-də “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bir sıra xüsusi tədbirlər görülüb: “Vaxtilə kiçik və orta sahibkarlıqda çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min insana çatıb… KOB-ların qeyri-neft və qaz sektorunda payı 56 faizə yüksəlib. Bizim gənclərin 27 faizi KOB-ların işçiləridir”.

Lakin kiçik və orta biznes üçün hələ də kifayət qədər əngəllərin olmasıından danışanlar var. Adının açıqlanmasını istəməyən kiçik sahibkarlardan biri AzadlıqRadiosuna bildirib ki, öz biznesini qurmaq üçün Azərbaycanda ciddi bürokratik əngəllərdən keçməlisən: “Kağızda kredit şərtləri çox yaxşıdır – faiz azdır və ilkin mərhələdə yalnız faizləri ödəyirsən. Amma bu krediti almaq üçün çoxlu sənəd istəyirlər, çox gözləyirsən və müvəkkil kredit təşkilatı səni get-gələ salır”.

Onun sözlərinə görə, vergilər də görünən kimi az deyil: “Sosial müdafiə haqqı çox yüksəkdir. Mən ticarətlə məşğulam. Hər ay minimum əməkhaqqının (300 manat) 50 faizini ödəyirəm”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Turan”a bildirilib ki, Azərbaycanda sahibkarların təqribən 99.6 faizini KOB subyektləri təşkil edir: “Bunun 93.3 faizi mikro, 4.5 faizi kiçik, 1.8 faizi orta sahibkarlıq subyektləridir. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85 faiz artıb. Ölkəmizdə KOB subyektləri, əsasən, ticarət, tikinti, emal, kənd təsərrüfatı, logistika və sair sahələrdə fəaliyyət göstərirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də “Turan”a deyib ki, həmin sahədə aparılan islahatlar biznesin inkişafına müsbət təsir edir: “İnflyasiya ilə hər hansı makroiqtisadi üsullarla mübarizə aparmaq mümkün deyil. Məhsulların yerli istehsalını təmin etmək lazımdır. Burada söhbət, əsasən, ərzaq məhsulları və kənd təsərrüfatından gedir. Düşünürəm ki, bu sahədə ciddi irəliləyişlər olacaq”.

Deputatın sözlərinə görə, Azərbaycanda inhisarçılıq sektorları xeyli azalıb: “Bəzi yerlərdə oliqopoliyalar (bazarlarda bir neçə firmanın dominantlığı) qalıb – dörd-beş şirkət. Amma hər rüb o da azalır, demonopollaşma baş verir. Korrupsiya isə istənilən bazar ölkəsində var. Amma bununla da dövlət mübarizə aparır. Korrupsiya sxemlərinin, mexanizmlərinin sıxışdırılması prosesi gedir”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, kiçik və orta sahibkarlığın müəyyən say və parametrlər üzrə artımı hiss olunur: “Amma müəyyən indikatorlar var ki, onlara görə dünyanın hər yerində kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı payı ölçülür. Məsələn, ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın payı. Həmin sahibkarların ödədiyi vergilərin ümumi dövlət büdcəsinə ödənilən vergilərin həcmində payı ölçü kimi götürülür. Avropa ölkələrində bu göstərici 60-80 faiz arasında dəyişir”.

Onun sözlərinə görə, Azərbaycanda o kriteriyalar əsas kimi götürülsə, çox kiçik bir rəqəm olacaq: “Hələ də ixracatda 90 faiz qaz və neft məhsullarıdırsa, qalan 10 faizinin bir hissəsi kiçik və orta sahibkarlığın payına düşür. 20 ilə yaxındır ki, bu vəziyyət dəyişmir. Yenə büdcənin əhəmiyyətli hissəsi neft faktoruna bağlıdır. Bu da o deməkdir ki, Azərbaycanda hələ də kiçik və orta sahibkarlıq iqtisadiyyatın bel sütununa çevrilməyib”.

N.Cəfərlinin fikrincə, bunun əsas səbəbi həm qanunvericilik bazasında problemlərin olması, həm də inhisarçılıqdır: “Çox az sayda iri şirkətlər dominant olduğundan kiçiklər bazara girə bilmir. Bakıda 2016-2017-ci illərə qədər 26 min kiçik məhəllə dükanı var idisə, indi onların sayı yarıbayarı azalıb. Hər məhəllədə bir neçə iri marketlər şəbəkəsi açılıb və kiçik marketlər onlarla rəqabət apara bilmir. İstehsal sahəsinə baxanda da görürük ki, kiçik və orta sahibkarların o qədər də dayanıqlı gücü yoxdur”.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.