Tualetsiz məktəbdə yoxlamadan sonra nələr dəyişdi? - Gecə ikən...
18-01-2023, 17:00

Xəbər verdiyimiz kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim Leyla Nəcəfquliyevanın çəkdiyi video qalmaqala səbəb olmuşdu.
Müəllim sözügedən videoda məktəbdə tualetin olmadığını bildirərək, uşaqları dərsi baykot etməyə çağırmışdı. Sosial şəbəkələrdə yayılan videodan sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və nazirlik nümayəndələri sözügedən məktəbə yollanıb, vəziyyəti yerindəcə öyrənməyə çalışıb.
İctimailəşən tualet qalmaqalından sonra məktəb üçün konteyner tualet artıq gətirilib.
TEREF.AZ-ın məlumatına görə, vəziyyətin hazırda necə olması ilə bağlı Leyla Nəcəfquliyeva Cebhe.info-ya danışıb. Müəllim bildirib ki, hazırda sakitlikdir:
"Bir az sakitləşiblər. Sosial şəbəkələrdə mənə qarşı təpkilər olurdu. Onlar da kim idi ki? İş yoldaşlarım idi. Haqqımda deyirdilər ki, mən direktorun yerinə göz dikmişəm. Yaxşı müəllimə hər yerdə iş var. Hələ də müəllim yoldaşlarım qəbul edə bilmirlər ki, Leyla niyə önə keçdi? Görürdülər ki, mən nələrisə işıqlandırıram, səhifə açıram və bu, onların özlərinə də təsir edirdi. Ona görə məni susdurmağa çalışırdılar, amma alınmadı. Direktordan mənə töhmət verilməsini tələb etdilər, Leylanı pis çıxarmağa çalışdılar. Bəlkə də töhmət olmasaydı, bu söhbət də olmazdı. Bu gün direktor işçiləri ilə maraqlanmalıydı".
Leyla müəllim bildirib ki, direktorla isə münasibəti həmişə yaxşı olub:
"Kimsə mənə “afərin", "təşəkkür edirəm" deyirsə, bu, bəzilərini narahat edir, məni gözdən salmaq istəyirlər. Deyir saxla samanı, gələr zamanı. Direktor yaxşı insandır. İndiyədək onunla mənim problemim olmayıb. Həmişə deyirəm mənim direktora çox yazığım gəlir, ondan çox istifadə edirlər".
Müəllim bildirib ki, dərslərlə bağlı problemlər var:
“Çünki elə valideylər var ki, hərf tanımırlar. Uşaqlar evə gedəndə valideyni ona verilən tapşırığı anlamır. Evə tapşırıq verməyəndə də uşaq dərsə soyuq yanaşır".
Leyla Nəcəfquliyeva həmçinin əlavə edib ki, tualeti ötən gecə gətiriblər: “Hətta məni “Gözün aydın, bu iş baş tutdu" deyib muştuluqlayıblar da. Gecə qara, cücə qara. Nə vacib idi, səhər yox idi? Konteyneri gətirəndə bir az əziblər”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə son vəziyyəti belə dəyərləndirib:
"Məktəbdə sanitar su qovşağı artıq yerləşdirilib. Amma mətbuata ümumi açıqlama vermişdim ki, 2023-cü ildə həmin məktəb yenidən tikiləcək. Yay aylarında həmin məktəbin tikintisi planlaşdırıla bilər. Daha dəqiq məlumatı əldə etmək üçün Elm və Təhsil Nazirliyinə müraciət etmişik. Bildrimişik ki, bu məsələyə baxan şöbə ilə bizi görüşdürsünlər ki, baxaq görək neçə məktəb əsaslı təmir olunacaq, neçəsi yenidən tikiləcək. Bundan sonra ictimaiyyətə açıqlama verəcəyik. İctimaiyyətin bu məlumatlardan xəbəri yoxdur".
Şura sədri bildirib ki, müəllimin işıqlandırdığı yalnız sanitar su qovşağı məsələsi deyildi:
“İstədiyi təlim- tərbiyə işlərində onun daha önəmli, türklər demiş, "görəv" alması idi. Onun özü də bunu etiraf edir. Uzun müddətdir orada işləyən müəllimdir. Demək olmaz ki, müəllim vəzifə almaq üçün bunları edirdi. Çox yaxşı müəllimdir. Sadəcə ola bilər ki, üslubu bir az fərqlidir. Uşaqların oxumasını çox istəyir. Bir az kəskin üslublu müəllimdir. Gecikən uşaqları, məsələn, danlayır, onlara sərt üslubla müraciət edir. Biz bunu təqdir etmirik. Körpə uşaqlara elə davranmaq olmaz. Amma müəllim uşaqları çox istədiyindən bunları edir. Müəllim təhsil sahəsində məktəbdə yaxşılardan biridir".