Əkrəm Həsənov: "Lombardların 99 faizi bağlanacaq"

19-01-2023, 00:08           
Əkrəm Həsənov:
Azərbaycanda lombard fəaliyyətini tənzimləyəcək yeni qanunun qəbul edilməsi, bu sahənin lisenziyalaşdırılması, Azərbaycan Mərkəzi Bankına (AMB) lombardlara nəzarət etməklə bağlı səlahiyyət verilməsi gözlənilir.

Aydındır ki, lombardlar banklara nisbətən daha sürətli və asan şərtlərlə kredit verir.

Məsələn, bankların lombard xidməti var, qızılın təqdim edilməsində tutulan zərgər haqqı (qiymətləndirmə haqqı), komissiya haqqı tutulur. Lombardlarda isə bunlar olmur, ona görə də çoxları lombardlara gedir.

Maraqlıdır, bu qanun layihəsi qəbul olunsa, lombardlar kütləvi şəkildə bağlanacaq?

Cebhe.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, qanun layihəsi qəbul olunarsa, lombardların 90 faizi bağlanacaq:

"Lombardlara aid bu qanun layihəsi artıq 5 ilə yaxındır ki, müzakirə olunur. Son məlumatlara görə, layihə yumşaldılıb. Son variantı isə dəqiq bilmirik. Hər bir halda yeni qanun lombardların fəaliyyəti tənzimləyəcək.

Düzdür, lombardın bir çox müsbət cəhəti var, amma lombardın faizi bankın faizindən azı 2 dəfə çoxdur. Birinci variant qəbul olunarsa, yəqin ki, ölkədə lombardların 99 faizi bağlanacaq. Qeyd edim ki, bu gün şəhərin hər yerində lombardlara rast gələ bilərik.

Lisenziya olmasa, başqa cür tənzimləmələr tətbiq olunsa belə, yenə də lombardların yarısı bağlancaq. Çünki lombardları işlədənlərin çoxu qayda-qanun bilməyən şəxslərdir.

Lombardların çoxu da qanunsuz fəaliyyət göstərir. Bu sahəyə nəzarət olsa, sənədləşdirmə və bunun kimi digər tələblər olacaq. Bu da təbii ki, həmin insanları lombard biznesindən kənar salacaq. Hər bir halda lombardların sayı azaldılacaq.

Mərkəzi Bank bu və ya digər şəkildə nəzarət edəcək, tələblər tərtib olunacaq. Buna əslində, ehtiyac var. Çünki dediyim kimi, bu gün lombardlar qayda-qanunla işləmir. Onların üzərində heç bir nəzarət yoxdur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.