Restoranlarda "Sevgililər günü"nə özəl fantastik qiymətlər - FOTO

13-02-2023, 18:59           
Restoranlarda "Sevgililər günü"nə özəl fantastik qiymətlər - FOTO
Bakı şəhərində fəaliyyət göstərən restoranlarda "Sevgililər günü" kimi qeyd olunan 14 fevral tarixinə xüsusi hazırlıqlar görülür. Restoranların hər birində təklif olunan menyular, şou-proqramlar və ifa edən sənətçilər fərqli olduğu kimi qiymətlər də müxtəlifdir. Lakin qiymətlər əvvəlki illərlə müqayisədə bu il daha çox yüksəkdir. Sosial şəbəkə istifadəçiləri "fantastik qiymətlər", "qiymətlər uçur", "o pula millət xaricə getmək üçün bilet alar", "bu qiymətlə hansısa ölkəyə getmək Bakıda qeyd etməkdən yaxşıdır" və s. bu kimi rəylər qeyd edirlər. Qiymətlər dəvət olunan sənətçiyə, təklif olunan menyuya, masanın yerləşdiyi mənzərəyə, restoranın zalına yaxud terrasına görə dəyişir.
TEREF.AZ Bakupost.az-a istinadla bu əlamətdar gün üçün restoranlarda təklif olunan qiymətlərlə bağlı araşdırmasını təqdim edir:

"Teleqüllə" restoranında artıq yerlər bitib, "Tower Terrace" məkanında isə cəmi 3 masa qalıb. Burada qiymət 2 nəfər üçün 220 manatdır. Qiymətə fotoda göstərilən sənətçilər, DJ şou və təklif olunan menyu daxildir.

"Şazeli Sahne" restoranı əvvəlcə həmin gecə səhnədə türkiyəli müğənni Rafet El Romanın olacağı ilə bağlı paylaşımlar etsə də, qardaş ölkədə baş verən məlum zəlzələ səbəbilə onun çıxışı təxirə salınıb. Qiymətlər isə 1 nəfər üçün arxa masalarda 300 azn, orta masalarda 400-500 azn, səhnə önü-VİP isə 600 azn nəzərdə tutulmuşdu.

"13 Restaurant" 2 nəfərlik menyunu 250 manata təklif edir. Əlavə olaraq 10 faiz də servis haqqı nəzərdə tutulub.

"Biz-Bizə" restoranında 2 nəfər üçün 100 və 150 manata təklif olunan 2 seçim var. Qiymət ifa edən sənətçiyə və zala görə dəyişir. Menyu hər 2 seçimdə eynidir.

"Ruby 360" restoranında 2 nəfər üçün təklif olunan qiymət 400 manat təşkil edir.

"Circle" restoranı xüsusi qonaq olaraq Faiq Ağayevi dəvət edib. 2 nəfərlik menyunun qiyməti isə 160 azn nəzərdə tutulub. Bron etmək üçün əvvəlcədən beh ödənilməlidir.

"Nağıl" restoranında 2 nəfərlik menyu 150 manata təklif olunur. Qiymətə menyu və canlı musiqi daxildir.

"Grace terrace" hazırladığı xüsusi menyunu 2 nəfər üçün 120 manata təqdim edir. Eyni zamanda bu qiymətə masanın bəzədilməsi də daxildir. Burada da əlavə 5 faiz servis haqqı nəzərdə tutulub.


"LU" və "Mama Meri" restoranları 2 nəfər üçün 100 manatlıq menyu təklif edir. Bundan əlavə, "Mama Meri"də 4 nəfərlik 200 azn olan menyu da tərtib olunub.

"Fisincan" restoranında 2 menyu seçimi var. 2 nəfər üçün nəzərdə tutulan 100 və 120 manatlıq menyu. Qiymətə masanın bəzədilməsi də daxildir.

"Əncir Cafe" 2 nəfərlik hazırlanan xüsusi menyunu 70 və 100 manata təklif edirlər. Süfrənin bəzədilməsi isə hədiyədir.

"Mirvari" restoranında hazırlanan tədbirin menyu qiyməti isə 2 nəfər üçün 119 manatdır. 4 və daha çox qruplara xüsusi endirim təklif olunur - 2 nəfər 99 azn.

"La Kükü" restoranında 2 nəfərlik qiymət 90 manatdır. Bura menyu, şou-proqram və masanın bəzədilməsi daxildir.
Qeyd edək ki, qiymətlər məhz "Sevgililər günü"nə görə şişirdilib. 14 fevral üçün hazırlanan xüsusi menyuların qiyməti adi günlərdə məkandan asılı olaraq 2 nəfər üçün 50-100 manat arası təşkil edir. Bu səbəbdən də cütlüklər qiymətlərin həddindən artıq şişirdilməsinə etiraz edir. Eyni zamanda yüksək qiymətlər 13 fevraldan 15 fevral da daxil olmaqla davam edir.
Həmçinin, bildirək ki, "Sevgililər günü"nə görə restoranlardan əlavə mağazalarda hədiyələrin də qiymətlərində artım müşahidə olunur.
Bəs xüsusi günlərdə restoranlarda qiymətlər nəyə əsasən bu qədər yüksəlir?

Mövzu ətrafında Bakupost.az -a danışan marketinq üzrə ekspert Seymur Quliyev bildirib ki, 14 fevral həyatında biri olanlar - evli, nişanlı, sevgili olan cütlüklər üçün özəl gündür və restoranlar da bu cari vəziyyətdən istifadə edərək 14-ü və 14-dən əvvəlki, həm də sonrakı günü qiymətləri artırır:
"Bu ani vəziyyətdən istifadə etməkdir, təbii ki, haqsız bir şeydir, insanların cibinə girməkdir. Cütlüklərin həmin gündə daha xoş vaxt keçirməsindən sui-istifadə edərək qiymətləri qaldırırlar. Lakin qiymətlər baha olsa da, restoranlarda yer tapmaq mümkün olmur. Bizi kimi bir çox ölkələr də var ki, insanların maddi durumu nə qədər aşağı olsa da, onların hər zaman yeməyə, geyimə və gəzməyə pulu var. Xüsusilə də özəl günlərdə restoranlar həddindən artıq dolu olur, insan əlindən yer tapmaq olmur. Bu günlərdən ən özəli də elə 14 fevral sayılır, hər bir cütlük bu günü təntənəli şəkildə qeyd etməyə çalışır. Belə deyim ki, 14 fevral bahalı bir gündür. Sadəcə restoranlarda yerin olmaması, hədiyələrin qiymətinin yüksək olması və s. digər məsələləri nəzərə aldıqda restoranların həmin anda bir günlük də olsa daha çox mənfəət əldə etməsinə səbəb olur".

Marketinq və biznes konsultantı Elmir Kərimli isə qeyd edib ki, həmin günə tələbat yüksəkdirsə, təklif də azdırsa qiymət ona uyğun olaraq artırılır:
"Faktiki olaraq 14 fevralda tələbat çoxalır, belə olan halda da qiymətlərdə artım baş verir. Çünki bayram günlərində insanlar can atır ki, hansısa restoranda oturub nahar yaxud şam yeməyi yesin. Həmin günə də özəl olaraq məkanlarda xüsusi şou-proqramlar təşkil olunur və bu da xərclərin çoxalmasına səbəb olur.
Qiyməti də bazar özü istəyə, tələbə əsasən tənzimləyir, çünki açıq bazardır".




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.