Ağdamın səhiyyəsi də stratejidir, amma... - Baş həkim bunun fərqində deyil...
11-06-2016, 12:01
Ağdam rayonunun səhiyyə sistemindəki xoşagəlməz durum, mərkəzi xəstəxananın baş həkimi Gülnar Abbasovanın imza atdığı qeyri-qanuni işlərlə bağlı mətbuat səhifələrində çox yazılıb. Amma yazılan faktlarla bağlı aidiyyəti dövlət qurumlarının rəsmiləri heç bir ölçü götürməyiblər. Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ayrılan vəsaitlə Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni xəstəxana binası tikilərək 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs iddia edir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova yaradılan bu şəraitdən, rayon səhiyyəsinə göstərilən diqqət və qayğıdan daha çox öz şəxsi məqsədləri naminə yararlanır: «Deyilənlərə görə, Xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə, pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasiyent şöbəyə ümumiyyətlə buraxılmır». Mövzu ilə bağlı əldə etdiyimiz informasiyalardan belə qənaətə gəlmək olar ki, Gülnar Abbasovanın yersiz tələbləri və xəstəxanada yaratdığı ağır şərait sakinləri bezdirib. Məsələn, Qarabağ müharibəsində iştirak etmiş Rafiq Aslanov adlı rayon sakini bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildiriş almalı olub. Amma bu ona baha başa gəlib: «Pensiya üçün Ağdam Xəstəxanasında səhhətimlə bağlı kağız almalı idim. Üz tutdum xəstəxanaya. Xəstəxananın baş həkiminin müavini Qara Qasımov mənə bildirdi ki, bu kağızı ona «hörmət» etdikdən sonra verə bilər. Mən bədənimdə qəlpə daşıyan adamam. Pensiya almağa, pensiya ilə dolanmağa möhtac olan şəxsəm. Baş həkimin müavini məndən bu günə qədər 1000 manat alıb. Aylardır məni süründürür. Mən dilənib, dolanıb o pulu tapıb Qara həkimə verdim». Mənbənin sözlərinə görə, hazırda Ağdamda bu şəkildə incidilən insanların sayı yüzlərlədir: «Çoxsaylı şikayətlərə və etirazlara baxmayaraq, Gülnar Abbasova rayonun səhiyyə sistemindəki problemləri həll etmək haqda fikirləşmir. Hər kəsə bəllidir ki, 2008-ci ildə dövlət xəstəxanalarının, eləcə də poliklinikaların pulsuz tibbi xidmətə keçilməsi haqqında qanun qəbul olunub. Lakin hazırda bu qanun Ağdam rayonunda yalnız kağız üzərində qaldığından, həmin qanunun tələblərinə əməl olunmur. Nəticədə əhali Gülnar Abbasovanın rəhbərlik etdiyi tibb ocağına müraciət edərkən göstərilən qeyri-kafi xidmətin müqabilində pul ödəmək məcburiyyətində qalır. Deyilənlərə görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. Bundan başqa, rayondakı bir sıra apteklərlə həkimlər arasında şifahi «razılaşma» əldə olunub. Bu isə xəstə sahiblərini müalicə üçün ehtiyac olmayan dərmanları belə, almağa vadar edir. Odur ki, bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanası məhz baş həkim Gülnar Abbasovanın müəyyən etdiyi qaydalarla idarə olunur. Elə bu səbəbdən də son zamanlar rayon səhiyyəsi irəliləmək əvəzinə xeyli geriləyib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.