Əli İnsanov Qərbi Azərbaycan bölgəsinin ağsaqqalıdırmı? - "Bu, əslində, məsələyə siyasi rəng vermək cəhdindən başqa bir şey deyil"

11-06-2016, 16:24           

Əslən Qərbi Azərbaycandan olan keçmiş təhsil naziri Firudin Cəlilov ötən həftə “Yeni Müsavat”a açıqlamasında həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovu qərbi azərbaycanlıların ağsaqqalı adlandırmışdı. Onun bu açıqlaması siyasi düşərgədə gərginlik yaradıb.

F.Cəlilov bəzi Qərbi Azərbaycanlıların vəzifədən uzaqlaşdırılmasına bu bölgədən olan insanların sərt reaksiyasının olmadığını bildiri. O deyib ki, hakimiyyətdə təmsil olunan həmin insanlar heç də bu bölgədən olan insanların maraqlarına xidmət etmir:

“Onların heç biri milli düşüncənin insanları deyilsə, qərbi azərbaycanlılar onları niyə müdafiə etsin? Ancaq Əli İnsanov barədə həmin şeyi demək olmaz. Keçmiş səhiyyə naziri qərbi azərbaycanlıların ağsaqqalıdır. Hakimiyyət gərək onu azad etsin. İndi 1937-ci il deyil ki, kimisə repressiyaya məruz qoysunlar. Əli İnsanov el ağsaqqalıdır”.

Biz də geniş müzakirələrə səbəb olan bu fikirlərə münasibət öyrənmək üçün Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru Əziz Ələkbərliyə “Cəmiyyət sədri olaraq Əli İnsanovun Qərbi azərbaycanlıların ağsaqqalı adlandırılması ilə razılaşırsınızmı?” sualı ilə müraciət etdik.

Əziz Ələkbərli Modern.az saytına açıqlamasında məsələnin bu şəkildə qoyuluşunun qəti əleyhinə olduğunu bildirdi:

“Bu, əslində, məsələyə siyasi rəng vermək cəhdindən başqa bir şey deyil. Bu, nə Əli İnsanovun xeyrinədir, nə Qərbi azərbaycanlıların, nə də hakimiyyətin. Görünür, kimlərsə məsələni siyasiləşdirməklə cəmiyyətdə siyasi gərginlik, kimlərdəsə siyasi xof yaratmaq, həmçinin, bu yolla kimlərəsə özünün siyasi gərəkliliyini sübut etmək, kimlərinsə gözündə özünün dəyərini artırmaq, vəzifəsini qoruyub saxlamaq marağındadır. Ona görə də məsələ məhz bu şəkildə artıq neçənci dəfədir ki, gündəmə gətirilir.

O ki qaldı sualınızın cavabına, Qərbi Azərbaycan elə kiçik bölgə deyil ki, bir nəfər, iki nəfər bu bölgənin ağsaqqalı olsun. Söhbət Azərbaycan Respublikasının üçdə biri qədər olan ərazidən, yəni, 36 rayondan və Azərbaycan əhalisinin ən azı üçdə biri qədər olan 3-4 milyon əhalidən gedir.

Həm də elə bir bölgə ki, oradan onlarla akademik, minlərlə elmlər doktoru, professor, elmlər namizədi, dövlət və siyasət xadimləri, generallar və başqaları çıxıb. Digər bölgələrimiz kimi, Qərbi Azərbaycan da ümumazərbaycan elminə, mədəniyyətinə, siyasətinə olduqca böyük şəxsiyyətlər bəxş edib. Elə bilirsiniz bu qədər elmi-intellektual potensiala, insan toplumuna ağsaqqallıq etmək asandır?!”

Əziz Ələkbərli deyib ki, Qərbi Azərbaycanın son yüz ildə yetirdiyi ən böyük şəxsiyyət böyük dövlət xadimi Heydər Əliyev olub:

“Tək qərbi azərbaycanlılar yox, bütün dünya azərbaycanlıları onu ümummilli lider, ulu öndər, ağsaqqal kimi qəbul edib. Sağlığında da, elə dünyasını dəyişəndən sonra da.

O başqa bir məsələ ki, Qərbi Azərbaycan bizim yaralı yerimiz, itirilmiş tarixi torpaqlarımızdır. Bu gün bu bölgə, onun zaman-zaman soyqırımına, deportasiyaya məruz qalaraq ata-baba yurdlarından qovulmuş qaçqın insanları ilə bağlı çoxlu problemlərimiz var.

Həmin insanlar vətən itiriblər, daha çox qayğıya möhtacdırlar. Onlar kosmosdan gəlməyiblər. Bu ölkənin, bu millətin bir parçasıdırlar və hər kəs onların problemləri ilə məşğul olmağa borcludur. Lakin təəssüf ki, bu problemləri həll etməyə məsul olan insanlar, vəzifə sahibləri, əksinə, bölücülüklə, süni regionçuluqla məşğuldurlar.

Hərdən bir “ideya” ortaya atmaqla bu və ya digər regiondan olan insanları basqı altında saxlamağı özlərinə hünər sayırlar. Bəlkə də haradasa özlərinin şəxsi, qrup və ya region maraqlarını təmin edirlər, amma nəticə etibarilə milləti içəridən sındırırlar, bütöv olmağa qoymurlar. Bu isə çox təhlükəlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.