İpoteka kreditləri belə veriləcək – YENİ ŞƏRTLƏR + VİDEO
24-06-2016, 09:13
İpoteka üçün növbələrin elektronlaşdırılması, ipoteka kalkulyatoru və ilkin ödənişlə bağlı yeni müddəalar bu sahədə mövcud olan neqativ halların qarşısını alacaq.
Bir sözlə, ipoteka almaq istəyən şəxsin bütün sənədləri qaydasındadırsa onda onu heç kəs bu hüquqdan məhrum edə bilməyəcək. Ekspertlər prezidentin ipoteka ilə bağlı fərmanının təfərrüatlarını "Xəzər Xəbər"ə şərh ediblər.
Qaynarinfo.az xezerxeber.com-a istinadən bildirir ki, Prezidentin dünən ipoteka məsələləri ilə bağlı imzaladığı fərmanını ekspertlər vətəndaşların daha asan mənzil sahibi ola bilmələri baxımından yüksək qiymətləndirirlər.
Fərmanda ipoteka üçün sənədlərin konkret siyahısının göstərilməsi, eləcə də ipoteka kalkulyatorunun "Elektron İpoteka" portalında yerləşdirilməsi ilə artıq hər bir vətəndaş ona ipoteka kreditinin düşüb-düşmədiyini asanlıqla öyrənə biləcəklər.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, fərmanda diqqətçəkən məqamlardan biri də ipoteka üçün növbələrin elektronlaşdırılmasıdır. Bu isə prosesə hansısa maraqlı şəxslərin müdaxiləsinin qarşısını alacaq.
Fərmanda güzəştli ipoteka şərtlərindən yararlanan sosial qruplar siyahısına müəllimlərin də əlavə olunmasını mütəxəssislər müsbət hal kimi qiymətləndirirlər. Artıq 5 il müəllimlik stajı olan hər kəs güzəştli ipoteka üçün müraciət edə biləcək. Bundan başqa, yeni qaydalarda bankların özbaşına yüksək məbləğdə ilkin ödənişlər tələb etməsinin də qarşısı alınıb.
Yeni qaydalarda ipoteka məbləğinin yuxarı həddinin Azərbaycan İpoteka Fondunun Məşvərət Şurasının sərəncamına verilməsi də bu növ kreditlərin 100 min manata qədər artırıla biləcəyindən xəbər verir.
[media=https://www.youtube.com/watch?v=TRhZ_MdMBbI]