Azərbaycan təhsili imtahandan kəsildi: Məktəblər də, repetitorlar da...

5-07-2023, 09:17           
Azərbaycan təhsili imtahandan kəsildi:
I-IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79 %-i 200-dən az bal toplayıb.

Bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

Keçən il abituriyentlərin 42.8 faizi imtahandan “2”, 22.0 %-i “3”, 25.6 %-i “4”, 9.6 %-i isə “5” qiymət alıb. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44.3 %, 20.3 %, 25.5 %, 10 % olub.

Ötən il “2” və “5” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33.8 %-ni “3”, 43.8 %-ni “4”, 15.8 %-ni isə “5” qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29.9 %, 47.2 %, 18.0 % olub.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20 %-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74%) 100-150 bal intervalında nəticə göstərib.
Bu gün bir faktdır ki, şagirdlər orta məktəblərdə təhsil almaqla yanaşı repetitor və ya hazırlıq kurslarının xidmətindən yararlanırlar. Ancaq abituriyentlərin 50 faizə yaxınının 200-dən az bal toplaması isə maraq doğurur.

Bu, məktəblərin, repetitorların, yoxsa şagirdlərin təhsilə önəm verməməsi, laqeydliyindən qaynaqlanır?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır:

“Bir tədris ilində orta ümumtəhsil məktəblərimizi 85 minə yaxın şagird bitirir ki, onların arasında 9-cu sinifin məzunlarının sayı 130 mindən çoxdur. Təbii ki, qiymətləndirməyə cəlb edilən şagirdlərin nəticələri orta ümumtəhsil məktəblərindəki tədrisin keyfiyyətindən xəbər verir. Burada müxtəlif yanaşmalar var.

Yəni 9-cu sinifin buraxılış imtahanı və 11-ci sinifin buraxılış və yaxud qəbul imtahanlarının nəticələri tam olaraq orta ümumtəhsil məktəbin güzgüsü hesab edilsə də, burada nəticələrin aşağı olmasının bir neçə səbəbi var.

Xüsusilə də oxuma-yazma bacarıqlarının olmadığını əks etdirən nəticə ciddi, təhlükəli bir nəticədir. DİM imtahan iştirakçılarının 11-ci sinifdə oxuyanda onların aşağı siniflərdəki biliklərini yoxlayır və ölçür.

Təbii ki, bu zaman müəyyən qədər bilik və bacarıqların unudulması müşahidə edilə bilər. Yəni 11-ci sinifdə oxuyanda şagird, onun 5-6-7-ci sinifdə əldə etdiyi biliklərin yoxlanılması zamanı onların bu informasiyaları unutması müşahidə oluna bilər və bu, dünya təcrübəsində belədir.

İkincisi, təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi burada özünü göstərir. Heç də bütün uşaqlar ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə getmək istəmirlər. Bu, nəticələrə öz təsirini göstərir. Ancaq məşhur bir ifadə var - “Heç bir təhsil sisteminin səviyyəsi müəlliminin səviyyəsindən, biliyindən artıq deyil”. Biz 2014-2018-ci il müəllimlərin Diaqnostik imtahan nəticələrini, 2022-ci ildə Azərbaycanda ilk dəfə keçirilən və 4 bölgə üzrə 11 min ibtidai sinif müəllimlərinin iştirak etdiyi sertifikasiyanın nəticələrini təhlil etdikdə görürük ki, həmin 11 min müəllimdən 2800 müəllim keçid balını toplaya bilməmişdi.

Yəni minimum ixtisas sualına cavab verə bilməmişdi. Özü heç nə bilməyən müəllim özü də heç nə öyrədə bilməz. Həmçinin bu yuxarı sinif müəllimlərinə aiddir ki, fənlərin tədrisi zamanı müəllimlərin bilikləri, bacarıqları aşağıdır.

İkincisi, bu gün Azərbaycan təhsil sistemi repetitorluqdan asılı qalıb. Kimlər ki, repetitor, hazırlıq kurslarının xidmətindən yararlana bilirsə, onların tədris göstəriciləri, qəbul nəticələri yaxşı olur. Ancaq kimlər ki, bu rosesdən məhrumdurlar onların nəticələri aşağı olur. Hətta biz bölgələrlə bağlı bunu görürük.

Gədəbəy, Lerik, Saatlı, Quba, Masallı kimi ərazilərdə nəticələrin əsas səbəbi odur ki, məktəblər mərkəzdən kənardadırlar, repetitor, hazırlıq kurslarının xidmətləri o qədər də geniş yayılmayıb və təkmil deyil”.

Ekspertin sözlərinə görə, mərkəzi ərazilərdə də bəzən biz görürük ki, nəticələr o qədər ürəkaçan deyil:

“Təbii ki, birinci səbəb müəllimlərin bilik və bacarıqlarının zəif olması, ikinci səbəb isə dərsliklərlə bağlıdır. Dərsliklər öyrədici funksiyanı yerinə yetirmir və şagirdlər repetitor, hazırlıq kursu olmadan dərslikləri mənimsəyə bilmirlər.

Dəsrliklərin ağır olması nəticələrin aşağı olmasına gətirib çıxarır. Üçüncü səbəb kimi təhsilin idarə olunmasındakı ciddi boşluğu, təhsilin qiymətləndirilməsindəki qeyri-obyektivliyi göstərə bilərik.

Bunun aradan qaldırılması mümkündür. Hesab edirəm ki, ildə bir dəfə müstəqil qurumlar və yaxud DİM hər sinif üzrə monitorinq imtahanları keçirməlidir. Müəllimlər, şagirdlərinin müstəqil qurum tərəfindən obyektiv olaraq nəticələrini yoxlaya bilərlər. Biz bunu 3-cü sinifdən 11-ci sinifədək həll etməliyik və uşaqlar, müəllimlər də narahat olsunlar ki, nəticələri orta statistik göstəricidən aşağıdır.

Mütləq uşaqları bir dəfə ölkə üzrə yoxlamalıyıq, onların zəif tərəfini müəyyənləşdirək və onların aradan qaldırılması istiqamətində iş görək. Burada test tapşırıqlarının ağırlıq səviyyəsi də müəyyən qədər təsir göstərir. Biz zaman-zaman görürük ki, test tapşırılqarının səviyyəsi ağırdır və şagirdlər bu test tapşırıqlarını cavablandırmaqda əziyyət çəkirlər. Bəzən onlar sual modelləri ilə tanış olmurlar.

Hesab edirəm ki, bu məsələlər üzərində ciddi işləmək lazımdır. Burada təhsilin idarə olunmasındakı boşluqlar, məhz nəticələrin aşağı olmasına gətirib çıxarır. Azərbaycan dünyada pulsuz təhsil, dərslik verən, təhsilin əlçatanlığını təmin edən ilk ölkələrindən biridir.

Azərbaycanda təhsilə ayrılan vəsait qonşu ölkələrin dövlət büdcəsindən çoxdur. Azərbaycan dövləti təhsilə kifayət qədər vəsait ayırdığı halda nəticələr yaxşı deyil və bu, təhsilin idarə olunmasındakı ciddi qüsurlardan qaynaqlanır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.