“Pulsuz” adlandırılan çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
25-06-2016, 13:55
Bir neçə gündür ki, Abşeron yarımadasında çimərlik mövsümü başlayıb. Amma bəzi çimərliklərin “özəlləşdirilməsi”, dənizin ekoloji durumu istirahət üçün çimərliklərə gedənlərin seçim imkanını daraldır. Bakı Şəhər İcra Hakimiyyəti Şıx çimərliyi istisna olmaqla digər ərazilərin ödənişsiz olduğunu bildirib. Meriyanın rəsmi açıqlamasına inansaq, dəniz xalqın tam mülkiyyətindədir. Bəs real vəziyyət necədir? Son bir neçə ildə çimərlikdən istifadə edənlər pul ödəyirdisə, indi ərazilərə pulsuz giriş mümkün olacaqmı? Çimərliklərin ekoloji vəziyyəti necədir?
Virtualaz.org saytının əməkdaşları bu və digər suallara cavab tapmaq üçün əhalinin daha çox üz tutduğu çimərliklərə baş çəkiblər.
Giriş pulsuzdur, amma pul ödəyin!?
Novxanı çimərliyindən Corat qəsəbəsinədək gedən yolun üstündə onlarla istirahət mərkəzi, otel və restoran tikilib. Çimərlik ərazisi dəmir və beton arakəsmələrlə hasarlanıb. Əraziyə daxil olmaq üçün “Orxan”, “Qala”, “Xəzri”, “Dərya”, “Duyğu”, “Flaminqo”. “Sahil”, “313” və digər restoranların həyətindən keçmək lazımdır. Yol kənarında maşın saxlamaq üçün yer olmadığından, əraziyə maşınla gələnlər ya dayanacaq pulu ödəməli, ya da ən azı çay dəstgahı sifariş verməlidirlər.
Restoranların yaxınlığında çimərliyə gələnlər üçün soyunub-geyinmə otaqları, oturacaqlar, duş kabinələri tikilib. Əraziyə giriş pulsuzdur. Amma, məsələn, soyunub-geyinmək üçün 1 manat, duş kabinəsindən istifadə etmək üçün 2 manat ödənilməlidir. Çətir və ya oturacaqlar üçün 5 manat tələb olunur.
Corat qəsəbəsinə doğru çimərlik ərazisi də hasarlanıb. Əraziyə giriş üçün uzun məsafə qət etmək lazımdır. Sahilboyu zibil tullantıları, daş-kəsək var. Burada çimənlərdən daha çox balıq tutanlara rast gəldik.
Novxanıda “My Beach” istirahət mərkəzinin yaxınlığındakı pulsuz çimərliyə daxil olmaq istəyirik. Dərhal bir neçə nəfər qarşımızı kəsir. “Maşınla daxil olmaq 2 manatdır”, - nisbətən yaşlı nəzarətçi deyir. Maşını elə girəcəkdə, yolun kənarında saxlayıb əraziyə daxil oluruq. Soyunub-geyinmə otağından istifadə 2 manat, duş kabineti 3 manat, həsirdən düzəldilmiş və içərisinə balaca masa qoyulmuş kabinə üçün 5 manat istənilir. Amma “pulsuz” hesab edilən bu ərazidə zibil atmaq üçün bir qutuya rast gəlmirik. Buna görə də, sahil butulkadan tutmuş qarğıdalı qabığına qədər tullantılar içindədir.
Ümumiyyətlə, Novxanı çimərliyində zibil atmaq üçün qutular yoxdur. Çoxunun qarpız, yemiş, ən yaxşı halda pomidor-xiyarsız dənizə gəlmədiyini nəzərə alsaq, bir neçə günə çimərlik Balaxanı zibilliyinə bənzəyəcək. Yalnız restoranların xidmətindən istifadə edənlər tullantıları obyektin ərazisindəki qutulara ata biləcəklər.
“My Beach” Novxanı ərazisində “elit” çimərlik hesab edilir. Digər restoran və ya istirahət mərkəzlərindən fərqli olaraq, bu məkanın dayanacağında bahalı maşınların sayı daha çoxdur. Girəcəkdə uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Əraziyə giriş 12 manatdır. Pul ödəniləndən sonra çimərlikdən istifadə etmək olar. Amma yalnız dənizə baş vurmaq giriş puluna daxildir. Digər xidmətlər üçün pul ödənilməlidir. Elə girişdəcə öyrənirik ki, 4 nəfərlik ailənin 3-4 saatlıq istirahəti xidmətin çeşidindən asılı olaraq 100 manatdan yuxarı başa gəlir. Təbii ki, yemək, çay dəstgahını nəzərə almasaq…
Beləliklə, Novxanıda duş kabinəsi, soyunub-geyinmə otağı, çətirli oturacağı olan “pulsuz” çimərliklərdən istifadə bir nəfər üçün 8-10 manata başa gəlir. Pul xərcləmədən dincəlmək istəyənlər isə ya tullantıların içərisindən keçməklə dənizə baş vurmalı, ya da dəniz sevdasından əl çəkməlidirlər.
Hövsan, Türkan çimərliyinə gedirsinizsə…
Hövsan ərazisində pulsuz çimərliklər çoxdur. Soyunub-geyinmə otağına görə pul tələb olunmur, duş kabinəsi olmasa da, soyuq suda ayaqların yuyulmasına pul istənilmir. Amma… Hövsan çimərliyinin “əmma”sı natamizliklə bağlıdır. Ərazidə çimmək üçün palçıqlı yoldan və bataqlıqdan keçmək lazımdır. Çimməyə gələnlərin özləri ilə gətirdikləri yemək-içməyi tullamaq üçün zibil qutusu axtarmaq lazım deyil. Bunun üçün qamışlıqların arası var. Yeyilib içilən ən yaxşı halda elə qamışlığa atılır.
Hövsandan fərqli olaraq, Türkanda pullu çimərliklər daha çoxdur. Məsələn, getdiyimiz ərazilərdən birində giriş üçün 10 manat istənilir. Pulu niyə və hansı əsaslarla ödədiyimizi öyrənmək üçün suallarımıza cavab verən tapılmır. “Ərazi təmizlənib, kabinələr yaradılıb. Bəs təmizlik üçün əməkhaqqını necə ödəyək?” sualına cavab verməyimizi gözləmədən çimərlikdəki şəraitlə tanış olmaq üçün içəri girməyimizə icazə verilir.
Adambaşı 10 manat ödəniləndən sonra çətirli oturacaqlardan, günəşdə qaralmaq üçün “lejanka”lardan pulsuz istifadə etmək olar. İnsafən qeyd edək ki, ərazi geniş və təmizdir. Hər istirahət kabinəsinin girəcəyində zibil qutuları qoyulub. Uşaqlar üçün yelləncəklər də quraşdırılıb.
Amma nəzərə alaq ki, istirahət edənlərin çoxu ailəvi gəlir. Deməli, təmiz çimərlikdən istifadə etmək 4 nəfərlik ailəyə 40 manata başa gələcək.
Bilgəh, Nardaran, Buzovna çimərliklərində də vəziyyət fərqli deyil. Kafelər, çayxanalar bir-iki çətir qoymaqla oturacaqları pulla verir, duş və soyunub-geyinmə kabinələri üçün pul istənilir. Tam pulsuz olan ərazilərdəki natəmizlik isə çoxlarını pulsuz istirahət istəyindən vaz keçirir. Biz sözlə, pulsuz çimərlik və istirahət sevdası Bakı çimərliklərində bir-birinə yaddır.
Təbii ki, biz yalnız “pulsuz” çimərliklərdən, sahil ərazilərindəki antisanitariyadan danışırıq. Çimərliklərdə ödənilən pulun müqabilində çek verilməməsini, mövsümdə yığılan milyonlarla manatın kimlərin cibinə getdiyini yada salmırıq. Yəqin ki, bu vəziyyət çoxlarının, məsələn, Vergilər Nazirliyinin də diqqətini cəlb edir.
Onu da xatirladaq ki, çimərliklərin çoxunda Fövqəladə Hallar Nazirliyinin xilasedici qülləsi var. Amma xolasedicilər yalnız boğulanların köməyinə çatır. İşdir, şüşə və yemək qalıqları ayaqlarınızı zədələsə, təcili yardım çağırmaqdan başqa əlac yoxdur.
…Sonda Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasını bir daha qeyd etmək istəyirik. Meriya çimərliklərin pulsuz olduğunu anlatmaq üçün əhali arasında maarifləndirmə tədbirlərinə başlamağı düşünür. Mövsüm başlayıb və meriya hələ indi düşünməyə başlayıb. Yəqin ki, mövsüm bitənədək qərar verilər…