“Bank Respublika” və Ramiz Quliyev geri çəkilməli oldular - Mətbuat yazandan sonra
25-06-2016, 13:57
Dünən saytımızda “Bank Respublika” məhkəmə icraçısı ilə qanunsuz iş birliyində” sərlövhəli tənqidi material dərc olunmuşdu. Həmin yazıda, “Bank Respublika” ASC-də kreditləşdirmə yolu ilə avtomobil almış bir vətəndaşın başına gətirilən qanunsuzluqlardan bəhs olunmuşdu. Qeyd etmək lazımdır ki, bizim nəzərdən keçirdiyimiz halda vətəndaşın hüquqlarını pozmaq, ondan müəyyən qədər qanunsuz gəlir əldə etmək və hətta bəlkə də, mümkün olacağı təqdirdə onun əmlakını ələ keçirmək üçün səylərini biləşdirmiş “Bank Respublika” və Ədliyyə Nazirliyinin Nəsimi rayonu İcra Şöbəsinin hər biri barədə ayrılıqda, ölkə mətbuatında dəfələrlə mənfi rəylər əks etdirən yazılar dərc olunub. Məsələn, bir çox ekspertlərin rəyinə görə, “Respublika Bank” ASC ümumiyyətlə vətəndaşların öz əmanətlərini etibar etmələri üçün münasib bank hesab olunmur. Həm də bu iddianı irəli sürən tərəf öz rəyini kifayət qədər tutarlı arqumentlərlə əsaslandırır: “Vətəndaş nəyə əsasən banka etibar edərək pulunu ona verir? Bank etibarlı olduğunu vətəndaşa necə sübut etməlidir? Sivil dünyada bank şəffaf olması ilə etibar qazanır. Qanunvericilik tələb edir ki, banklar rübdə bir dəfə maliyyə hesabatlarını saytlarında dərc etsinlər. Lakin bəzi banklar bunu etmirlər. Faktiki olaraq bu banklar maliyyə göstəricilərini müştərilərindən gizlədir, onları aldadırlar. Girovsuz-zaminsiz kredit verməyən banklar əhalinin pulunu qanunsuz cəlb edir. Nəticədə həmin banklardakı müştəri vəsaitləri böyük təhlükəyə düşmüş olur. Müştəri vəsaitləri üçün riskli zona sayılan belə banklardan biri də “Bank Respublika” ASC-dir...”
Eyni zamanda da dünən barəsində söhbət açdığımız olayda cərəyan edən hadisələrə əsasən, biz peşəkar mütəxəssis rəyinə əlavə olaraq deyə bilərik ki, bu banka nəinki nəğd vəsaitləri etibar etmək, hətta onunla ümumiyyətlə hər hansı müqaviləyə imza atmağın özü də son dərəcə riskli, həm də özünü doğrultmayan riskli bir addımdır.
Həmçinin Ədliyyə Nazirliyinin Nəsimi rayonu İcra Şöbəsinin fəaliyyəti də müxtəlif vaxtlarda ölkə mətbuatında tənqidi məqalələrlə qeyd edilib. Məsələn, bir müddət əvvəl ölkənin tanınmış hüquq müdafiəçilərindən biri, Nəsimi rayonu İcra Şöbəsində rastlaşdığı qanun pozuntuları barədə mətbuata maraqlı açıqlamalar vermişdi. Həmin vaxt bu barədə yayımlanan məlumatlarda deyilirdi: “Vəkilin dediyinə görə, Nəsimi rayon məhkəmə icraçıları onun nümayəndəsi olduğu vətəndaşın başına bəla açıb. Səbəb isə, məhkəmə qərarının icra olunmamasıdır. Vəkil deyir ki, onun təmsil etdiyi şəxs Bakı şəhər sakini olan bir vətəndaşdan avtomobil alıb. Avtomobil etibarnamə ilə alındığından, alıcının adına rəsmiləşdirilməyib. Bir müddət sonra məlum olub ki, avtomobil satan vətəndaşın banka borcu olduğundan həmin avtomobilin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Avtomobili almış şəxs bu barədə avtomobili satan şəxsə müraciət edib. Satıcı həmin məbləği banka ödəyib və avtomobilin həbsdən çıxarılması barədə məktub alıb. Məktub dərhal Nəsimi rayon məhkəmə icraçıları şöbəsinə göndərilib. Lakin bu qərar uzun müddət icra olunmamış qalıb. Məhkəmə icraçıları şöbəsinin icra məmuru müxtəlif bəhanələr gətirərək maşının üzərindən həbsin götürülməsi barədə qərarı icra etmir. Nəticədə iki aydır ki, vətəndaş şəxsi avtomobilindən istifadə edə bilmir. Heç bir qanun tanımayan icra məmuru, öz bildiyi kimi hərəkət edir, vəzifəsindən sui-istifadə edib vətəndaşlardan qərarların icrası üçün rüşvət istəyir...” (Məlumatlar başqa informasiya portalına aid olduğundan şəxslərin adlarını göstərmirik – red.)
Eyni zamanda da, dünənki məqaləmizin əsas “qəhrəmanlarından” biri olan, icra məmuru Ramiz Quliyevin şəxsən özünün fəaliyyəti barədə də mətbuat səhifələrində mənfi rəylər kifayət qədərdir. Belə materiallardan birində, Ramiz Quliyevin məhkəmə qərarının icrasından yayınmaq istəyən tanınmış şou-biznes mənsublarından birinə saxta sənədlər təqdim etməsi barədə açıqlamalar yer alıb.
Göründüyü kimi, dünənki materialda düşdüyü vəziyyətindən bəhs etdiyimiz vətəndaşın əslində bu kimi qanunsuzluqlar törətməkdə kifayət qədər təcrübələri olan şəxslərlə (həm hüquqi, həm də fiziki) üz-üzə qaldığı aşkar olur. Bununla belə, sevindirici haldır ki, qarşı tərəfin bütün səylərinə baxmayaraq, vətəndaş nəhayət ki, öz hüquqlarını bərpa etməyə nail ola bilib. Məsələnin mahiyyətini bir daha xatırlatmaq üçün hadisələrin gedişinə təkrar nəzər salaq. Beləliklə, bizə müraciət etmiş vətəndaş bildirmişdi ki, o, bir müddət bundan əvvəl “Bank Respublika” ASC-də kreditləşdirmə yolu ilə avtomobil almışdır. Kreditin ödənilməsi üçün nəzərdə tutulmuş müddətin böyük bir hissəsi ərzində vətəndaş heç bir gecikmələrə yol vermədən, aylıq ödənişləri həyata keçirmişdir. Lakin, təxminən üç ay bundan öncə yaranmış maliyyə problemləri səbəbindən vətəndaş ödənişləri gecikdirmiş, nəticədə bu günədək yaranan borc 2533 manat qeydə alınmışdır. Bundan sonra, “Bank Respublika” ASC Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbilə məhkəmədə iddia qaldırmışdır. 09.06.2016-cı il tarixində iddiaya hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilmiş məhkəmə iclasında baxılmış və tələbin qismən təmin olunması, avtomobilə həbs qoyulamsı barədə qərar qəbul edilmişdir. Bundan sonra, “Bank Respublika” ASC-nin əməkdaşları mübahisə predmeti olan avtomobilin vətəndaşdan alınması tələbilə Ədliyyə Nazirliyinin Nəsimi rayonu İcra Şöbəsinə müraciət ediblər. Həmin şöbənin icra məmuru Ramiz Quliyev birinci dəfə avtomobili vətəndaşın iş yerinin qarşısından
aparmağa cəhd göstərsə də, avtomobilin sahibi buna mane ola bilib. Əslində avtomobili müsadirə etmək üçün əlində heç bir qanuni əsas olmadığını bilən icra məmuru da təkid etmədən oradan uzaqlaşıb. İyun ayının 22-də isə, Ramiz Quliyev vətəndaşa telefonla zəng edərək, məsələni “yoluna qoymağı” təklif edib. Bunun üçün icra məmuru vətəndaşdan 400 manat rüşvət istəyib, əks halda isə, avtomobili müsadirə edəcəyini bildirb. Lakin avtomobilin sahibi artıq banka olan borcunu (həmin günə qədər olan hissəni) tam ödəməyə hazır olduğunu və elə həmin gün 2500 manat ödəmək istədiyini bildirib. Bunun cavabında Ramiz Quliyev təklif edib ki, birlikdə məhkəməyə gedib məsələni orada aydınlaşdırsınlar. Vətəndaş bu təklifə razılaşıb və onlar birlikdə (həmin avtomobildə) Nəsimi rayon Məhkəməsinə yollanıblar. Məhkəmədə hakim Xumar Mərdanova vətəndaşın haqlı olduğunu, yəni qərarda avtomobilin müsadirə olunmasının deyil, onun üçüncü şəxsə satılmasını istisna etmək üçün üzərinə həbs qoyulduğunu vurğulayıb. Vətəndaşın banka olan borcunu ödədikdən sonra isə, avtomobilin üzərindən həbs qərarının da götürülməsinin mümkünlüyünü bildirib. Lakin bu arada Ramiz Quliyev bir dəfə məhkəmənin binasını tərk etməklə, vətəndaşa məxsus avtomobili məhkəmə binasının qarşısından “oğurlatdırıb”. Bundan sonra banka gedən vətəndaş 2500 manat ödəməyə hazır olduğunu bildirib. Lakin bankın əməkdaşı bu təklifi qəbul etməyib və bəyan edib ki, ya kredit dərhal tam olaraq bağlanmalıdır, ya da avtomobil hərraca çıxarılacaq. Vətəndaş öz hüquqlarını tələb etməyə başladıqda isə, bankın əməkdaşı və icra məmuru avtomobilin aparılmasına görə məsuliyyəti bir-birilərinin üzərinə atmağa başlayıblar. Buna görə də, vətəndaş hakim Xumar Mərdanovanın məsləhətini də nəzərə alaraq, icra məmuru Ramiz Quliyevin qanunsuz əməllərindən və rüşvət tələbindən Ədliyyə Nazirliyinin qaynar xətt xidmətinə (539-76-75), eləcə də Korrupsiya ilə Mübarizə Baş İdarəsinin qaynar xətt xidmətinə (161) zəng edərək məlumat verib. Bütün bunların nə ilə nəticələnəcəyini isə, yəqin ki, yaxın günlərdə biləcəyik.
Dünən isə, məsələnin mətbuat vasitəsilə ictimailəşdiyini görən bank və icra məmuru geri addım atmaq məcburiyyətində qalıblar. Vətəndaş banka 2533 manat ödədikdən sonra, avtomobilini geri ala bilib. Xüsusi olaraq qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hakimi Xumar Mərdanova dünən qəzetimizdə dərc olunmuş materialla tanış olduqdan sonra da, yazılanların həqiqətə uyğun, vətəndaşın isə öz tələblərində haqlı olduğunu bir daha təsdiq edib.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.