Şəhid topçunun DASTANI - Gəncəli zabit FOTOLARDA

26-06-2016, 11:12           

Vətəni qibləgah edən şəhidlər –XXIII


Gəncəyə hər gəlişimdə Cavad xanı xatırlayıram. Gəncənin və Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Cavad xanı. Tarixi mənbələrdə yazılır: tarixçi Rəşid bəy İsmayılov gəncəlilərin qəhrəmanlığı barədə yazırdı: "…Gəncəlilər həqiqətən şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırırdılar. Əsgərləri görmək qəsdilə gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar. Topların sədası, güllələrin vıyıltısı, qalanın içindən çıxan ah-nalə ərşə dayanmış, ətrafa dəhşətli vahimə salmışdı… Qala bürclərindən birində Cavad xan topun üzərinə qalxaraq əlində siyrmə qılınc rusların hücumunu fövqəladə dərəcədə mətanətlə dəf edirdi".
Azərbaycan həmişə böyük imperiyaların şirin tikəsi olub. Azərbaycanı parçalamaq, bütün Qafqaza sahib olmaq istəyən Rusiya İmperiyası 1804-cü ildə də onun süqutu üçün Gəncədə güclü xanlıq quran Cavad xanı ( Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748, Gəncə - 1804, Gəncə yaxınlığı) - Qacarlar nəslinin böyük sərkərdəsi, Azərbaycanın dövlət xadimi, GFəncə xanlığının sonuncu hökmdarını ya özünə tabe etməli, ya da məhv etməli idi. Rusiyanın Qafqazdakı canişini Pavel Sisianov əvvəlcə Cavad xana Gəncəni təslim etmək üçün bir neçə dəfə məktub da yazdı. Əvvəlcə də Gəncə və ətrafda yaşayan erməniləri ələ aldı, ermənilərə yazılan məktub bu məzmunda idi:
“Pavel Sisianov: “1803-cü il noyabrın 30-u. Qalib Rusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, bütün Rusiya taxt-tacının müdafıəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcəkdir””.
Sisianovdan Gəncə xanına tabe olmaq barədə dörd məktub gəldı. Dördü də hədə-qorxu ilə dolu idi. 9, 11, 26 və 29 dekabrda yazılan bu məktublarda o, diplomatiya qoxusu gəlməyən belə ifadələr işlədirdi:
"Dünyada kim eşidib ki, rus qoşunu qala üzərinə gəlsin, amma onu ələ keçirmədən çıxıb getsin"; "lovğalananları qanına qəltan edəcəyəm"; "mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm"; "bu məktuba elə bu gün cavab verilməlidir"…
Cavad xan milli varlıq və ləyaqətini bu ölçüdə endirib ayaq altına ata bilməzdi. Ölümü şərəfsizlikdən uca tutdu. Dekabrın 28-də yazdığı cavab bunu aydın göstərir: "Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm. "Elə bu gün cavab ver". Bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Həddini bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir. Qaldı şəhərin verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalnız meyitimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra, özgə yolla yox!".
Qabaqdan qarlı qış gəlirdi və bunu gözünün altına alan Sisianov 1804-cü ilin yanvarında Gəncəyə soxuldu. Yanvarın 4-də Cavad xan sona qədər döyüşərək, özü də yazdığı kimi Qala divarları üstündə həlak oldu. Və yalnız bundan sonar rus qoşunları Gəncəni də işğal etdilər.
Biz bu gün yenə də rusların və ermənilərin əli ilə işğal olunmuş Qarabağ torpaqlarının, Kəlbəcərin, Laçının, Zəngilan, Qubadlının, Cəbrayılın… geri qaytarılması savaşını aparırıq. Və 25 ilə yaxın davam edən bu qanlı müharibədə, haqq savaşımızda minlərlə qurbanlar vermişik. Gəncə də, Şirvan da, Quba da, Bakı da… bütün bölgələrimizin igidləri düşmən tapdağı altında qalan torpaqlarımızı almaq üçün canlarından keçirlər.

Düşmənin başını əzmək üçün sevinən zabit

Modern.az saytı "Aprel döyüşləri"nin şəhidləri barədə silsilə yazılara davam edir.

Bu şəhid hekayətini ona görə Cavad xanla başladım ki, 2 apreldə başlayan o müqəddəs döyüş günlərində həlak olan hərbçi zabitimiz İnqilab Quliyev də Nizami Gəncəvinin, xanların, övliyaların uyuduğu müqəddəs Gəncə torpağına əmanət edilib. Cəncə və gəncəlilər İnqilab Quliyevi həqiqətən böyük şərəf və hörmətlə dəfn ediblər. Adını isə uca tuturlar.

Gəncədə Azərbaycan Ordusunun zabiti, kapitan İnqilab Quliyevin evinin qapısını döyəndə qarşımıza atası çıxdı. Evdə tək idi. Çümə axşamı olduğundan evdəkilərin, qəbrüstü ziyarətə getdiklərini bildirdi. Onlar gəlincə isə şəhidin atası Çingiz Quliyevlə söhbət etdim. Bildim ki, Çüingiz müəllim tarixçidir. Kəlbəcərdə və Beyləqanda tarix müəllimi işləyib. 3 qız, 2 oğul atasıdır. 4 il bundan əvvəl 30 yaşında bir oğlu vəfat edib. İnqilab Tərtərdə doğulub. 8 illik məktəbi Beyləqanda bitirəndən sonra Naxçıvanskı adına Hərbi Liseydə, daha sonar Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb. Uğurlu hərbi təhsil sistemini pillə-pillə qalxaraq, hər zaman evinə, ailəsinə və Vətəninə şərəf gətirib. Hərbin topçuluq sirlərini öyrənmişdi. Artıq artilleriya komandiri idi. Və 2-5 aprel döyüşlərində Vətənin belə bir artilleriya sərkərdəsinə ehtiyacı var idi. Tərtər istiqamətindən sevinə-sevinə döyüşlərə başlamışdı. Elə həmin günlərdə də Çingiz müəllimin anası vəfat edir. Çingiz müəllim Beyləqana anasını dəfn etməyə gedəndə yolda eşidir ki, ermənilərlə döyüş başlayıb:

“Anamı dəfn edəndən sonra, İnqilab zəng vurub dedi ki, “ata, orada qohum -əqrabanı başa sal ki, mən buraları tək qoyub gələ bilmərəm, düşmənin başını əzmək üçün fürsət yaranıb””.

Beli bükülmüş Çingiz müəllim oğlunun xatirələrini dilinə gətirdikcə, titrək əllərini tez-tez üzünə aparıb, ara verməyən göz yaşlarını sılır.



“Oğlumun hərbi mükülləfiyyəti artdıqca, mərkəzə yerləşmək məcburiyyətində qaldıq. Evimizi çox ucuz qiymətə satıb, Gəncədə bərqərar olduq. Bu gördüyünüz ev kirayədir. Gözləyirdi ki, 4 ildən sonra mənzil alacaq. Ancaq çox xoşbəxt idik. Bizim dünya malında gözümüz olmayıb”.
Eşik qapısı açılır. Məzarı ziyarətdən gələnlər - İnqilabın anası Sədaqət xanım, bacıları Lamiyə, Fidan və həyat yoldaşı Lalə içəri girirlər. Telefonla Çingiz müəllim onlara mənim gəldiyimi xəbər verdiyindən, kim olduğumu da soruşmadılar. Əksinə, mən soruşdum, İnqilabın anasından:

- Sədaqət xanım, nə dediniz oğlunuza? Nə soruşdunuz soyuq başdaşından?

Gözlərinin yaşı qurumayan ana:

“Hansı birindən soruşum, iki oğlum qara torpağın altındadır. Gedib deyirəm ki, ay etibarsızlar, Siz bizə indi gərək idiniz. Biz sizin çiyinlərinizdə torpaq altına getməliydik. Siz bizi ziyarət etməliydiniz, biz Sizi ziyarət edirik. Ata-ana üçün bundan da böyük dərd olmaz ki…”.

"Dedim torpağı seç, torpağı seçdi…"


“Çox nümunəvi oğlan idi. Dərslərini də yaxşı oxuyurdu. 8-ci sinifdən sonra məndən icazə alıb hərb yolunu seçdi. Xeyir-dua verdim. Həmişə üzümüzü ağ elədi. Hələ lap Naxçivanskidə oxuyanda, Ali Hərbi Akademiyada oxuyanda da həftədə bir dəfə və ya ayda bir dəfə, nə zaman evə gələrdisə mənə hədiyyə gətirərdi. Bir dəfə də yenə evə gələndə yol çantasını axtardım, hədiyyəsini tapmadım, dedim “ay oğul, bəs hədiyyəsiz gəlmisən?”. Cibindən Fəxri Fərmanını çıxarıb dedi ki, “yox ana, bu dəfə cibimə qoymuşdum ki, səni həyəcanlandırım”.
Mənim üçün hədiyyələri aldığı təşəkkür məktubları, diplomlar, fərmanlar olurdu. Məktəbi bitirib sənət seçimi edəndə də mənimlə məsləhətləşdi, dedi ki, “ana, səma, dəniz, torpaq… Səmanı seçsə hərbi pilot olacaqdı, səmadan qorxurdum. Dənizi seçsə, hərbi dənizçi olacaqdı, dənizdən də qorxurdum. Dedim torpağı seç. Torpağı seçdi. Artilleriya atıcılığını. Arxayın oldum ki, müharibə olanda artilleriya düşmənin önündə olmur, arxada olur. Düşəmən gülləsi balamı tutmaz. Deyir sən saydığını say, gör fələk nə sayır. Bütün ailəmizin, bacılarının, ata-anasının yükü onun çiyinlərində idi. Kimsədən köməyini əsirgəmirdi. İnsanlara kömək edəndə özünü xöşbəxt hiss edirdi.

O qanlı aprel günlərində qaynanam rəhmətə getdi. Beyləqana gedirdim. Tərtərdəki qızım zəng vurub dedi ki, müharibə başladı. Mənim də oğlum düşmənlə təmas xəttində Tərtərdə xidmət edir. Qızımın qaldığı ev də yaxın ərazidədir. Yolu geri qayıtdım. Getmədim ki, balama yaxın olum, çayını-çörəyini verim, nəfəsim onu qorusun. Dəfn məraiminə qatılmadığıma heç kim də etiraz etmədi, məni anlayırdılar. Tərtərdəki qardaşımın və qızımın evinə çatdım.
... İnqilab zəng vurdu ki, “Qarabağlıdayam. Arada evə gələcəm”. İnqilab gəldi. Tez buna çay-çörək hazırladıq. Gördüm yemir. Dedi ki, “ana yeyə bilmirəm, orda əsgərlər acdır”. Dedim “ay bala, niyə ki, indi axı ordunun təchizatı yaxşıdır”. Dedi ki, “ana, hərbi hissədən çıxmaq, girmək olmur, ermənilər koordinatı müəyyən edib, gedib-gələn maşınlara atırlar, ona görə ərzaq çətinliyimiz var. Kəndin uşaqları sürünə-sürünə yumurta-kartof soyutması, pendir-çörək gətirirlər”.
Qardaşım tez ət aldı gətirdi. Manqal qaladıq. Xeyli kabab çəkdik. Kababları pay-pay edib, yığdıq çörəyin arasına. Tədarük gördük. İnqilab da çimib gedib yatdı. Dedi neçə gündür yatmır. Bir az dincəlsin gedəcək. Getmək vaxtı gələndə, yuxudan ayıltmaq istəmədim. Elə şirin və yorğun yatmışdı ki…
Getdim üzündən öpdüm, sifətinə tumar çəkdim, sığalladım. Oyada bilmədim. Qardaşım hisrsləndi ki, “gör uşğı fərari edə bilərsənmi? Oyat, durub getsin”.
Allah məni öldürsün, balamı öpə-öpə yuxudan durğuzdum ki, dur get güllələrin, bombaların altına. Maşının arxasını su, siqaret, kabab, gücümüz çatan nə var idisə doldurub, oğlumu yola saldıq. Qardaşım aparıb onu ötürdü. Qayıdıb gələndə dedi ki, “İnqilab o qədər tədarükdən özünə iki qutu siqaret götürdü, yeməyə barmağını da uzatmadı. Hamısını əsgərlərə payladı”.
Həmin gün atəşkəsin necə pozulduğnu soruşdum. Dedi ki, “ay ana, əvvəl atışma başlaynda, təlatüm keçirdik. Canımızda həyəcan var idi. Sonra irəlilədikcə keçib getdi. Ana, bilirsən əsgrlər necə oxuyurlar. Hamısını qəlbində, gözündə xoşbəxtlik var. İndi bir dənə erməni tapmırıq ki, vuraq. Bütün mövqelərini top atəşi ilə sıradan çıxarmışıq. Keçmişik Sərsəng tərəfə, sabaha Sərsəngi götürəcəyik. Di gəl ki, onlar tərəfdən atan da, erməni deyil, rus hərbiçisidir. Çox böyük artilleriya taktikasına malikdir onların top atıcıları. Dəqiq koordinat seçməyindən bilirəm ki, rus hərbçiləridir. Onlardan iki top atıcısını məhv etmişəm. Ancaq biri gizlənib. Bizim koordinatımızı axtarır”.
Səhəri gün də zəng vurub dedi ki, “ana gözün aydın, erməni tərəfdən top atan üçüncü gizlənəni də məhv etdim”. Elə sevincli idi. Dedim “ay bala, şirniyyat bişirim göndərim”. Dedi göndər. Axşam saat 6-nın yarısı zəng vuranda, artıq telefonuna zəng çatmırdı… Bilmirəm, balamın yerini ermənilərə kim xəbər verdi. O sağ olsaydı, indi Sərsəngi də götürəcəkdilər. İnqilab həlak olmazdan əvvəl 18 şəhidimiz var idi, o həlak olnadan sonra, şəhidlərin sayı çoxaldı…

O mənim gözümdə bir sərkərdə idi

Çingiz Quliyev, atası:

“Oğlum döyüş meydanında qeyri-adi qəhrəmanlıq göstərib. Ölümünə 10 saniyə qalmış, atılan topdan sonra, başını qaldırıb deyib ki, Azərbaycan zabiti erməni qabağnda başını yerə əyməz. Elə bu vaxt da atılan mərminin qəlpəsi onu yaralayıb. Bunu mənə dəfndə iştirak edən hərbçi dostları dedilər. Ermənilər öz saytlarında yazmışdılar ki, “Azərbaycan Ordusunu məhv etmək üçün, birinci topçu İnqilab Quliyevi məhv etmək lazımdır”. Sonra həmin paylaşımı sildilər. İnqilab hara gedirdisə, qəlpə dalınca gəzirdi. Beyləqanda yaşayanda bu erməni köpəyuşağı dayanmadan başımıza bomba yağdırırdı. Bir dəfə atılan snayper gülləsinin biri gəlib düz başının üstündən keçmişdi. Pəncərənin yanında güllə keçən yeri ölçdük, 1 sm fərq var idi. Bu sonuncu müharibə başlamazdan əvvəl də bir dəfə o tərəfdən atılan mərminin qəlpəsi gəlib bunun yanındakı ağaca dirənmişdi. Həmin qəlpəni çıxarıb evə gətirmişdi, deyirdi ki, bu qəlpə də məni öldürmədi. Üçüncü qəlpə axtarıb tapdı sərkərdə İnqilabı.

Anamı dəfn edəndən bir gün sonra da gəlinin atası zəng edib, bizi təcili Gəncəyə çağırdı. Və oğlumun tabutunu gətirdilər… O gün bu gün, bu balaca Hüseyni ovuda bilmirik. Atasının dəfnindən bir neçə gün sonra, nənəsi ona atasının şəhid olduğunu söylədi. İnanın ki, uşaq nənəsinin boynunu qucaqlayıb içini çəkə-çəkə hönkürtüylə necə ağladısa, ürəyimizi ikinci dəfə dağladı. Bir neçə gün bundan əvvəl aparmışam parkda gəzməyə, birdən parkın o biri tərəfində, yolda atasının maşınına bənzər maşın gördü. Maşından çox xoşu gəlirdi. Dayanıb diqqətlə baxdı maşına. Başladı öz-özünə danışmağa:
- Dədənə söyyümmü ay İnqilab?
- Onun dədəsi kimdir?
- Sən.
- Məni niyə söyürsən, ay Hüseyn?
- Ə, bu bəs niyə gəlmir? Ə, İnqilab, balalarını niyə qoyub getdin... - belə sözlər danışır, suallar verir. Heç barışmaq istəmir atasının yoxluğu ilə. Dayanır o giriş qapısının qabağında, deyir ki, “ə... bəs bu nə vaxt gələcək?”; “bizi niyə yetim qoyub getdin ay İnqilab?”...
İndi gəl uşağın o sözlərindən sonra, yaşa görüm, necə yaşayırsan”...


İnqilabın ailə albomunu gətirdi 23 yaşlı Lalə gəlin. Çiçəyi burnunda gəlin. İndi İnqilabın iki oğlunu böyüdür. Bəzən nağıllarımızda qəhrəmanları vəsf edəndə yazardılar ki, gözəlliyi göz qamaşdırırdı. Şəkillərdən gördüyüm İnqilab Quliyevin də əzəməti, gözəlliyi, vuqarı göz qamaşdırırdı. Əyninə geyindiyi hərbi libas onun boyuna daha da gözəllik, şahanəlik verirdi.


Bacısı Lamiyə qardaşının boyunu oxşayaraq dedi: “İnqilabın kürəyinin arxasında 9 kənd gizlənərdi”.

Ancaq nə yazıqlar ki, 2-5 aprel günlərində şəhid olan oğullarımızın əkzəriyyətii belə cüssəli gənclər idi. Hər biri 300 erməni əsgərinin qarşısında dayana bilərdi.


Paltar dolabında İnqilabın geyimlərinə baxdım. Paltolarının uzunluğu Lalənin boyundan da uca idi. Bayaq Çingiz müəllim deyirdi ki, onlar bir-birini cüt göyərçin kimi sevirdilər. Çox ülvi məhəbbətləri var imiş. İnqilab 1983-cü ilin aprel ayının 13-də doğulmuşdu. 2011-ci il noyabr ayının 5-də Lalə ilə toyları olmuşdu. 2016-ci il aprelin 4-də ermənilərin atdığı mərmidən qopan qəlpə onun gözlərini əbədi yumdu. Lakin qələbəmizdən xəbərdar idi. Aprelin 3-ü gəlib anası ilə görüşəndə böyük ruh yüksəkliyi ilə ayrılmışdı.

Otancıl bacısı Ahu Tərtərdə idi. Ata-anasını bu günlərdə tək qoymayan Lamiyə və Fidan bacıları da danişdilar . Dedilər ki, qardaşları onların fəxarət yeri idi. Başlarının tacı idi. İndi kimsəsiz, böyüksüz qalıblar. İndi onu heç nə əvəz etmir. İnqilabın yoxluğun ilə barışa bilmirlər. Hər birinin çiynində böyük qardaş haqqı, yükü var. Çünki hər birinin əziyyətini çəkib. Fidan dedi ki, Gəncədə həkimlər onu düzgün əməliyyat etməmişdilər, ölüm-qalım savaşı edirmiş həyatla. 3 ay bağırsaqları çöldə gəzib. Yalnız İnqilabın sayəsində həyata qayıdıb, İnqilabın verdiyi qan onun yaşamasına səbəb olub. İnqilab heç vaxt özünə ölüm götürməyib. O qəhərman olmaq üçün doğulmuşdu, ancaq ölümündən sonra qəhrəman kimi yox. İki oğlunu sünnət edəcəkdi bu apreldə. Gedib iş yerində demişdi ki, “mənim iki aylıq maaşımı birdən verin ki, uşaqlara kiçik toy edim”.
Həmin pulu yasına xərcləndi.

Ölümündən sonra, Gəncə öz qəhrəmanı İnqilab Quliyevi təntənə ilə qarşılayıb, Cavad xanın uyuduğu Gəncə torpağına əmanət etdi. Vəfatından sonra Azərbaycan Prezidenti tərəfindən xidmətləri yüksək qiymətləndirilən İnqilab Quluyevin “İgidliyə görə” medalı böyük oğlu, 4 yaşlı Hüseynin sinəsinə taxıldı. Evlərində medal çox idi. O medalları İnqilab özü almışdı. Bu medalına isə oğlu sahib çıxdı.

İnqilabgilin evində birinci getdiyim gün Hüseyn evdə yox idi. Nənəsinin Hüseynin hissə qapıldığı, şokdan çıxmadığı barədə söhbətləri heç cür fikrimdən çıxmırdı. Gəncədən Bakıya yola düşməzdən əvvəl, yenə Quliyevlər ailəsinə döndüm. Hüseyn əsgər paltarını geyinib məni gözləyirdi. Onun üçün aldığım oyuncaq maşını qutusundan çıxaranda, uşaq sevincindən atılıb-düşdü. Çox sevinirdi. Pultla işləyən maşın onun sevinməsinə səbəb oldu. Hüseyn bir anlığa kədərdən çıxdı. Evdəkilər dedi ki, atası həlak olmazdan əvvəl Hüseynə belə bir maşın alıb gətiribmiş, sonra evə qonaq gələn qohum uşağı ağladığından həmin maşını o uşağa hədiyyə ediblər. Bilmirəm, nə idisə, Hüseynin gözündə həmin an dünya boyda xoşbəxtlik gördüm. Balaca Hüseynin xoşbəxtliyindən mənim də qəlbimdə kiçik sevinc işartıları yarandı. Tanrı bütün balalarımızı xoşbəxt eləsin.

Bu yazımı Gəncənin qəhrəmanlıq tarixini yazan Cavad xanla başlamışdım.
Cavad xan öz ölümü ilə ölümsüzlüyünə imza atdı. Onun igidliyi dillərdə dastan oldu, əfsanələşdi. Sonradan Qafqaza baş komandan təyin olunmuş markiz Pauliççi Gəncəyə gəlir. Cavad xanın ailəsi ilə görüşür. O Qacar taxt-tacının vəliəhdi Abbas Mirzəyə 20 fevral 1812-ci il tarixli məktubunda yazırdı: "Gürcüstanı və ona birləşən vilayətləri idarə etməyə başlayarkən mən Yelizavetpolda mərhum Cavad xanın qohum-əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək, əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq, onun nəslindən olanların hamısına azadlıq verdim ki, İrana köçsünlər”.
Bu işğalçı rus generallarından birinin etirafıdır.

Tarix heç nəyi unutmur. Şəhid atası Çüngiz müəllim görüşümüzün sonunda dedi ki, Beynəlxalq Məhkəmə istəyir. Qalibiyyət istəyir. O özünün son sözünü şahid atası kimi həmin məhkəmədə səsləndirmək fikrindədir.

*****

Bu günlərdə isə şəhid İnqilab Quliyevin ailəsinə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən dördotaqlı mənzilin açarları verilib. Şəhidin atası Çingiz Quliyev Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Şəhid topçunun DASTANI - Gəncəli zabit FOTOLARDA

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.