"Bolluq" olduğu deyilən kənd yumurtası indi də Rusiyaya satılacaq - "Bundan bizdə çoxdur" anektodu...

18-12-2023, 20:52           
"Bolluq" olduğu deyilən kənd yumurtası indi də Rusiyaya satılacaq -
Rusiya Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan toyuq yumurtası idxal olunacağı ilə bağlı məlumat yayıb. Bizimlə yanaşı, Türkiyənin də adı çəkilir. Rusiyada yumurta qiymətləri çox artıb. Bununla qiymət müstəvisində sabitlik yaradılmasına ümid olunur.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda yumurta qiymətləri yüksəlib. Bu, məhz Rusiyaya məhsul ixracı barədə məlumat yayılması ilə eyni dövrə düşüb. İndidən məlumdur ki, yumurta qiymətləri bir az da artacaq. Onsuz da ölkədə kənd yumurtası qıtlaşmışdı. Quşçuluq fabriklərinin məhsulları da daha baha satılacaq. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli əminliklə deyir ki, qiymətlər uzağı 1 qəpik arta bilər. Onun fikrincə, qıtlıq yaranmasından söhbət gedə bilməz.

“Biz 10 ilə yaxın idi çalışırdıq ki, Rusiya Azərbaycanın yumurta istehsal edən quşçuluq müəssisələrini reyestrə daxil etsin və müəssisələrimiz izafi istehsal olduqda bu ölkəyə yumurta ixrac edə bilsinlər. Amma bizim müəssisələr müasir və standartlara uyğun olsalar da, müəyyən bəhanələr gətirərək onları qeydiyyata almaqdan imtina edirdilər”- deyə sədr qeyd edib.

Mürvət Həsənli hesab edir ki, Rusiyanın bu təşəbbüsünə yalnız sevinmək lazımdır: “Rusiya bazarı bizim üçün yeni və böyük bir bazardır. Rusiya bazarına yumurta satmaq bizə daha sərfəlidir. Hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətərə, Səudiyyə Ərəbistanına, İraqa və digər ölkələrə yumurta ixrac edilir. Oktyabrın 1-dək olan məlumata görə, biz 40 milyon ədəd ixrac etmişik”.

Assosiasiya rəhbəri iddia edir ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3,6 milyon ədədi keçmir. Guya istehsal 5 milyon ədədə yaxınlaşır. Vəziyyət belədirsə, onda niyə qiymətlər yüksəlir? Məntiqlə əksi olmalıdır. Yumurta bolluğuna görə qiymətlər aşağı düşməliydi.

Mürvət Həsənli bizi inandırmağa çalışır ki, "ölkədə yumurta bolluğudur və çox olduğundan Rusiyaya satacağıq". Qərarın məntiqsizliyi göz qabağındadır.

Təəssüf və əminliklə demək olur ki, yaxın gələcəkdə qiymətlərin artacağına şübhə yoxdur. Kənd yumurtasının qıtlığı da uzun sürə bilər. Dən çox bahalaşıb. Fərdi təsərrüfatla məşğul olanlar yem qayğısının öhdəsindən gələ bilmir. Bunun məntiqi nəticəsi kimi kənd yumurtası 40 qəpiyə təklif olunur. Yumurta kasıb təbəqənin qida rasionunda vacib yer tutur. Daha bir qərar insanların zərərinə işləyə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.