Ukraynadan Azərbaycana toyuq əti idxal edən şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

5-08-2016, 21:14           
Ukraynadan Azərbaycana toyuq əti idxal edən şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
İqtisadiyyat Nazirliyi tərəfindən əhalinin sağlamlığı və istehlakçı hüquqlarının qorunması, istehlak mallarına olan tələbatın yüksək keyfiyyətli məhsullarla təmin olunması və süni qiymət artımının qarşısının alınması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı ölkəyə keyfiyyətsiz toyuq əti məhsulları idxal edən şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilməklə qeyd olunan məhsullar satışdan kənarlaşdırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Araşdırmalar zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan “OMEQA” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq olan Ukrayna istehsalı olan “Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.