Dövlətin torpaqları necə xırıd edilir - Hər bələdiyyə sədrinin öz makleri var

6-08-2016, 11:44           
Dövlətin torpaqları necə xırıd edilir - Hər bələdiyyə sədrinin öz makleri var
Redaksiyamıza yeni daxil olmuş məlumatda bildirilir ki, Binəqədi qəsəbəsi ərazisində yerləşən bəzi gözdən iraq ərazilərdə maklerlər dövlətə məxsus torpaq sahələrini tamamilə heç bir sənəd-sübut olmadan satmaqla məşğuldurlar. Hətta müəyyən ərazilərdə torpaq qıtlığı yarandığında, gəlir əldə etmək məqsədilə bu şəxslər yeni salınmış yaşayış massivlərində ara yolları hasarlamaqdan belə çəkinmirlər. Bu məqsədlə onlar bəzi vətəndaşların da “xidmətlərindən” yararlanırlar. Dünən redaksiyamıza şikayət ərizəsiləmüraciət etmiş Binəqədi qəsəbə sakini Teyyubə Məmmədova bu barədə ilginc açıqlamalar verib. Onun sözlərinə görə, həmin maklerlərin özbaşınalıqlarına bəzi kiçik çinli məmurlar da dəstək verirlər. Teyyubə xanımın ərizəsində əks olunmuş açıqlamaları olduğu kimi təqdim edirik: “Mən hazırda Binəqədi kəndində, 3-cü mədən kimi tanınan ərazidə yaşayıram. Bura əvvəllər göl olub. Sonradan buranı qurudub camaata paylayıblar. Buralarda torpaq nisbətən ucuz olduğu üçün sakinlər də daha çox kasıblardır. Bəzi maklerlər isə, kasıbları həm də zəif bilib burda özbaşınalıqlar törədirlər. İki gün bundan əvvəl bizim və daha üç qonşu evin qarşısına gələn yolu başladılar hasara almağa. Sevil adlı bir qadın heç bir sənədi olmadan iddia edir ki, həmin ərazini alıb. Qonşular etirazlarını bildirməyə çıxanda məlum oldu ki, ərazidə fəaliyyət göstərən iki nəfər makler də bu xanımla şərik iş görürlər. Mən özüm II qrup əliləm. Həyat yoldşım da rəhmətə gedib. İki oğlumla birlikdə yaşayırıq. Oğlanlarımdan biri əsəb xəstəsidir. Həmin axşam Sevilin yola düzdüyü daşlardan bir neçəsini götürüb kənara atdıq ki, keçməyə yol olsun. Dünən isə, gündüz vaxtı evimizə iki polis və bir nəfər mülki şəxs gəliblər. Mülki şəxs özünü kənd icra nümayəndəliyinin əməkdaşı kimi təqdim edib. Xəstə oğlum evdə tək olub. Gələnlər onu təhdid ediblər ki, Sevil xanımla işin olmasın. Sizin ordan yolunuz olmayacaq. Oğlum qorxub, əsəb gərginliyi keçirib. Mən evə gələn kimi təcili yardım çağırmalı olmuşam. Mənim üzümün bir tərəfi yüngül iflicdir. Dünənki stressdən sonra artıq üzümün digər tərəfində də həmin əlamətləri hiss edirəm. Bələdiyyəyə artıq müraciət etmişəm. Deyiblər ki, ərizə gətir. Sevil isə, bu arada tikintisini aparır. Açıq-aşkar sakinlərin yolunu bağlayırlar. Heç kim tədbir görmür. Qəzetiniz vasitəsilə səsimi Binəqədi RİH-nin başçısı cənab Xaləddin İsgəndərova və Rayon Polis İdarəsinin rəisi cənab Namiq İsmayılova çatdırmaq istəyirəm. Onlardan çox xahiş edirəm ki, bu qanunsuzluqlara son qoyulması üçün müvafiq göstəriş versinlər. Yoxsa bu qəsbkarlar elə bilirlər ki, onların özbaşınalıqlarını durdura bilən olmayacaq...”

Qeyd edək ki, ərizədə Teyyubə Məmmədova özünü icra nümayəndəliyinin əməkdaşı kimi təqdim edən şəxsin də, maklerlərin də adlarını söyləmişdi. Lakin biz müəyyən araşdırma aparmadan həmin adları ictimailəşdirmək istəmədik. Növbəti sayımızda Binəqədidə baş verənlər barədə daha ətraflı məlumatlar təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.