Azərbaycanda sosial şəbəkələrdə reklama görə vergi alınacaq? –Vergilər Nazirliyindən açıqlama
8-08-2016, 07:56
Sosial şəbəkələr həm məhsul və xidmətlərini tanıtmaq istəyən şirkətlər, həm də asan yolla pul qazanmaq istəyən istifadəçilər üçün gəlir mənbəyinə çevrilib.
Məşhur simalar başda olmaqla, bəzi bloqqerlər, sosial şəbəkə fenomenləri paylaşımları ilə bir gün içində xeyli pul qazanır. “Twitter”, “Facebook”, “Instagram” və “Snapchat” vasitəsilə edilən məhsul təqdimatları saniyələr içində minlərlə adama ötürülür. Ən çox ödənişi də ən çox izləyicisi olanlar qazanır.
Türkiyədə artıq sosial şəbəkələrdə edilən reklamlara görə yeni qanun qüvvəyə minəcək. Məhsulu reklam edib, minlərlə lirə qazanan məşhurlar vergi ödəyəcək. Qanun Türkiyə Böyük Millət Məclisi təsdiq etdikdən sonra qüvvəyə minəcək. Məşhurlarla yanaşı məhsul reklam etdirən şirkətlər də vergi ödəməyə məcbur olacaq.
Azərbaycanda da sosial şəbəkələrdə edilən paylaşımlardan pul qazanan məşhurlar çoxdur. Onlardan bəziləri barter yolu ilə reklam-paylaşımları etsə də, əksəriyyəti reklamları pul qarşılığında edir.
Bəs, Türkiyədə gündəmdə olan sözügedən qanun Azərbaycanda da qüvvəyə minə bilərmi?
Musavat.com məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov ilə əlaqə saxlayıb.
Ş.Məmmədli bildirib ki, Azərbaycanda sözügedən qanunun qəbulu gündəmdə deyil: “Hazırda mövcud qanunvericiliyə görə, fərdi sahibkar kimi fəaliyyət göstərən bütün müğənnilər vergi orqanında qeydiyyata alınmaqla əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya gəlir vergisi) Vergi Məcəlləsi ilə müəyyən olunmuş müvafiq vergiləri hesablayıb, dövlət büdcəsinə ödəməlidir. Bu gəlirlərə istər müğənnilik fəaliyyətindən, istərsə də müxtəlif reklamlarda çəkilməklə əldə olunan qonorarlardan əldə olunan gəlirlər aiddir. Yəni, müğənnilər gəlirlərini tam şəkildə bəyan etməli və vergilərini ödəməlidirlər. Türkiyədə belə bir qanunun qəbulu barədə mətbuatda məlumatlar yer alıb. Hazırda bununla bağlı Azərbaycanda xüsusi qanunun qəbulu gündəmdə deyil və müzakirə olunmur. Mövcud qanunvericilik gəlirlərin bəyan edilməsini və vergiyə cəlb edilməsini tənzimləyir. Lakin onun sosial şəbəkələrlə bağlı müddəalarının təkmilləşdirilməsi məsələsi gələcək müzakirələrin mövzusu ola bilər”.