Ət yenə bahalaşacaq - Ekspertdən bədbin PROQNOZ
22-08-2016, 16:38
Ölkədə sürətli bahalaşma dalğası davam edir. Hər gün qəpik-qəpik qalxan qiymətlər ayın sonunda kəllə-çarxa çıxmış vəziyyətdə üzümüzə qayıdır. Elə mal ətinin qiyməti kimi. Əvvəllər quzu ətini 8.50 - 9 manata alardıq. O da bahalığından şikayətlənə-şikayətlənə. Bu yerdə bir vaxtların məşhur ismi Anar Nağılbazın “Ət baha, yağ baha, qənd baha...” repi yada düşür.
Çünki dünən sallaqxanada çəkdirdiyimiz 6 kiloqram ət üçün 51 manat istəyəndə təəccübümü gizlədə bilmədim. Bizim hesabımızla ət 42 manat edirdi (Uzun müddətdir ki, dəyişməyən 6,99 manat).
Qəssab artıq 1 həftədir ki, ətin 8 manat 50 qəpiyə satıldığını xatırlatdı.
Bu məqamda diqqət çəkən əvvəllər vitrində, eləcə də sallaqxananın şüşəsində iri hərflərlə “Dana əti 6,99 manat” yazısı gözə dəymirdi. Ümumiyyətlə, ətin qiymətini göstərən hər hansı yazı yox idi. Nəzərinizə çatdırım ki, quzu ətinin qiymətində fərq hiss olunmur.
Bəs dana ətinin qiymətinin birdən-birə bu qədər bahalaşması nə ilə əlaqədardır? Onlardamı Bərdədən, Beyləqandan dollarla alınır?
Modern.az-ın bu qəbildən olan suallarını kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov cavablandırıb.
“Örüş sahələrində pambıq əkirlər”
O bildirib ki, bu gün ölkədə heyvandarlıq sahəsində vəziyyət olduqca gərgindir:
“Bu il örüş sahələrinin çox hissəsini pambıq əkininə ayırıblar. Həmin sahələrdə əkin işləri aparılır. Bu da fermerlərin, kəndlilərin həmin mal-qaranı saxlamaq imkanlarını məhdudlaşdırıb. Örüş sahələrinin dövriyyədən çıxarılaraq pambıq əkininə sərf olunması vəziyyəti olduqca gərginləşdirib.
Fermerlərin böyük əksəriyyəti mal-qaranı kəsimə verir. Bu da mal-qaranın baş sayının ciddi şəkildə azalmasına gətirib çıxarır. Həmçinin, yem olmadığı üçün mal-qaranı kökəltmək, ət istehsalını artırmaq məhdudlaşıb. Hökumətin apardığı siyasət nəticəsində əkinin strukturunun dəyişdirilməsi, biçənək və örüş sahələrinin dövriyyədən çıxarılması heyvandarlığa ciddi şəkildə mənfi təsir edib. Yerlərdə olarkən heyvanların fiziki durumu ilə bağlı apardığımız müşahidələrimizdə kifayət qədər xəstə, arıq heyvanları gördük. Səbəb isə heyvanların normal qidalanmamasıdır”.
“Ət bahalaşmaqda davam edəcək, süd istehsalı da azalacaq”
Ekspert təəssüflə yaxın dövr üçün ətin qiymətinin artımının davam edəcəyini deyib:
“Süd istehsalı azalacaq, heyvandarlıqda xəstəliklərin genişlənməsi və bu səbəbdən onların tələf olmasının şahidi olacağıq”.
V.Məhərrəmov xüsusilə qoyun deyil, mal ətinin bahalaşma səbəbini belə izah edib:
“Qoyunları nisbətən uzaq məsafəyə aparmaq mümkündür. Ancaq mal-qaranı uzaq məsafəyə aparmaq mümkün deyil. Əsasən yaşayış yerinə yaxın örüş sahələrinin pambıq üçün ayrılması problemi daha da qabardıb”.
Azərbaycanda heyvandarlıq çətin durumdadır
Mütəxəssis çıxış yolu kimi yem bazasının möhkəmləndirilməsini göstərib:
“Əvvəlcədən təklif edirdik ki, yem bazası yaratmaq, daha sonra örüş sahələrini əkin üçün ayırmaq lazımdır. Dəqiq hesablama aparılmalı idi. Onsuz da mal-qaranın payına düşən örüş sahələri az idi. Bizim ölkədə hər heyvanın payına düşən örüş sahəsi digərlərilə müqayisədə 4 dəfə azdır.
Bu halda örüş sahəsini əkin üçün ayırmaq ciddi problemlərə yol açıb. Bu problemlər isə hələ uzun müddət həll olunacağa oxşamır. İndiki halda xaricdən nisbətən ucuz heyvan gətirilməsinə çalışmaq lazımdır. Amma bunun da mümkün olacağına inanmıram. Azərbaycan valyutası dəyərdən düşüb və alış dollarla həyata keçirildiyindən manatla satış qiymətə təsir göstərəcək.
İndi Azərbaycanda heyvandarlıq çox çətin durumdadır. Tədbirləri vaxtında görmək lazım idi. İndi həm də yem yoxdur. Yem olmadığı üçün istehsal olunan məhsulun həcmi az, maya dəyəri yüksəkdir. Digər tərəfdən alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Qiymət bahalaşması alıcılıq qabiliyyətini aşağı saldığı üçün ətin satışı və dövriyyəsi də çox azalıb”.
Ət sallaqxanalarında niyə qiymət göstərilmir?
V.Məhərrəmov mağazalarda, sallaqxanalarda ətin qiymətinin göstərilməməsini qəssabların fırıldağı olduğunu deyib:
“Hazırda qəssabların çoxu sui-istifadəyə yol verirlər. Onlar mal-qaranı kəsib ətinin nə qədər olduğunu bilərək qiymət müəyyənləşdiriblərsə, mütləq bunu göstərməlidirlər. Əksəriyyəti iddia edir ki, hər an onlara təklif edilən diri heyvanın qiyməti bahalaşır. Bunlar da hər dəfə qiyməti dəyişməkdə çətinlik çəkir. Buna görə də qiyməti şifahi deməklə kifayətlənirlər. Doğrudur, qəssabların da vəziyyəti yaxşı deyil. Hesab edirəm ki, qiymət artımına baxmayaraq qiymət göstəricisi ətin keyfiyyətinə görə, göstərilməlidir”.