Ölkəmizin bu ağır sosial durumunda xaricə miolyonlarla, bəlkə də milyardlarla valyuta axır.
20-05-2024, 12:38
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, attestatla universitetlərə qəbul hələ gözlənilmir, çünki sıfır balla da attestat alan var.
Nə olsun ki?! Madam ki həmin attestatla xarici universitetlərə qəbul edirlər, biz niyə etməyək? Ölkəmizin bu ağır sosial durumunda xaricə miolyonlarla, bəlkə də milyardlarla valyuta axır. Məhz attestatla təhsil dalınca getməyin müqabilində. Halbuki onların əksəriyyəti ən azı 7 il universitet xərclərindən savayı, həmin ölkəyə pul xərcləyir və sonunda diplom da ala bilmirlər. Valideynləri ölkənin pulunu illər uzunu xaricə daşıyırlar, nəticə isə sıfır.
Təcili təkliflər verin, siz də qəbul edin, universitetlərin miqyasını genişləndirin, imkan verin həm müəllimlərimiz üçün iş yerləri çoxalsın, həm də vəsaitlərimiz özümüzə xərclənsin. Əlbəttə, oxumayanı siz də illərlə kursda saxlayın, eynən xaricdəki kimi. İmkan verin, həmin attestatla ödənişi edib Vətəndə qalsınlar, sel kimi axıb gedən milyonların qarşısı alınsın!
Bu işdə zaman itirmək olmaz, Məleykə xanım, tələsin! Kim istəyir, attestatı təqdim etsin və qəbul olunsun. Görmürsünüzmü, bütün dünya Bakıda öz universitetlərini reklam edir və bizə südlü inək kimi baxırlar. Biz isə yatmışıq, sanki yuxu dərmanı içiriblər. Həm pulumuzu, həm gənclərimizi, sonda Vətənimiz qoruyaq!
Idris Abbasov