İranda baş verənlər neft bazarına necə təsir göstərəcək?

20-05-2024, 16:34           
İranda baş verənlər neft bazarına necə təsir göstərəcək?
"İnanmıram ki, İran prezidenti İbrahim Rəisinin faciəli ölümü birjalarda hansısa təlatümə gətirib çıxartsın".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, İranda əgər hansısa bir inqilab olsaydı, yəni ölkənin siyasətini dəyişə biləcək bir hadisə baş versəydi, təbii ki, bu, bazarlara öz təsirini göstərərdi.

Ekspert lakin indiki halda vəziyyətin fərqli olduğunu söyləyib:

“Ayətullah Xameneyinin xalqa müraciətinə baxsaq, görərik ki, o, ölkənin təhlükəsizliyi və dövlətin idarəedilməsi üçün hər hansı bir təhlükənin olmadığını açıqlayıb. İkinci bir tərəfdən də o, xalqı narahat olmamağa çağırıb. İndi gözünüzün önünə Brejnevin 1982-ci ildə vəfatını gətirin. Sovet İttifaqı o zaman dünyanın 3-cü neft hasil edən ölkəsi idi. İran isə bu gün ildə 3,2 milyon bareldən az, yəni hardasa 160 milyon ton neft çıxarır. Ancaq inqilab vaxtı İran ildə 300 milyon ton neft çıxarırdı. Buna görə də inanmıram ki, birjalarda bu hadisə hansısa təlatümə gətirib çıxartsın. Çünki ortada neftin çıxarılması, İranın kursunun dəyişməsi, hansısa daha aqressiv və yaxud da bir xarici siyasətin yürüdülməsi yoxdur. Çünki İranın xarici siyasəti ali rəhbərin səlahiyyətindədir. O da ki, sağ-salamatdır”.

Qeyd edək ki, ötən gün İran Prezidenti İbrahim Rəisinin helikopteri Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İ.Rəisinin ölüm xəbərindən sonra Tehran Birjası fəaliyyətini dayandırıb. Birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu bildirib ki, birja rəsmi bildiriş gələnə qədər bir neçə gün ərzində bağlı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.